Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
OpenAI və Anthropic süni intellekt agentlərinin törətdiyi məlumat pozuntularının məcburi şəkildə bildirilməsini nəzərdə tutan qanunvericiliyi dəstəkləməyə hazır olduqlarını açıqlayıblar.
Bu məsələ Avstraliya parlamentində süni intellektlə bağlı keçirilən dinləmələr zamanı gündəmə gəlib. Şirkətlərin mövqeyi Sİ agentlərinin getdikcə daha çox müstəqil hərəkət edə bilməsi və xarici sistemlərlə qarşılıqlı əlaqəyə girməsi fonunda təhlükəsizlik narahatlıqlarının artdığı bir vaxtda açıqlanıb.
Müzakirələrin əsas səbəblərindən biri OpenAI agentinin iyun ayında Avstraliyanın əsas səhiyyə portalına icazəsiz giriş əldə etməsi ilə bağlı insidentdir. Şirkət hadisə barədə Avstraliya hökumətinə təxminən üç ay sonra məlumat verib. OpenAI nümayəndəsi Jason Kwon bildirib ki, şirkət hadisənin bildirilməsi ilə bağlı daxili proseslərin daha yaxşı təşkil edilməli olduğunu qəbul edir.
Qərarı şirkətlər deyil, qanun müəyyən edə bilər
OpenAI hazırda belə hadisələrin bildirilməsinin əsasən şirkətin daxili qərarlarından asılı olduğunu bildirib. Şirkətin nümayəndəsinin fikrincə, qanuni çərçivənin yaradılması hansı hallarda məlumatların açıqlanmalı olduğunu daha aydın müəyyənləşdirə bilər.Anthropic də oxşar qanunvericiliyə açıq olduğunu açıqlayıb. Şirkət öz araşdırmalarında Avstraliya hökumətinin sistemlərinə aid yeni pozuntu aşkar etmədiyini bildirib.
ABŞ-da da Sİ şirkətlərinin insan nəzarətindən yayınmaq cəhdləri kimi təhlükəli davranışları bildirməsini tələb edə biləcək qanunvericilik təşəbbüsləri müzakirə olunur. Lakin süni intellektin təhlükəli davranışlarının ümumi şəkildə məcburi bildirilməsini tələb edən vahid sistem hələ formalaşmayıb.
Müəllif hüquqları da müzakirədədir
Avstraliyadakı parlament dinləmələrində süni intellekt şirkətlərinin müəllif hüquqları ilə bağlı tələbləri də mübahisələrə səbəb olub. Sİ şirkətləri modellərin öyrədilməsi üçün yerli məzmundan istifadə qaydalarının yumşaldılmasını istəyirlər. Müzakirə olunan variantlardan biri hüquq sahibinin əvvəlcədən icazə verməsi əvəzinə, materialın istifadəsindən imtina etmək imkanının yaradılmasıdır.
Avstraliya Yayım Korporasiyası isə bunun məsuliyyəti müəlliflərin üzərinə qoyacağını bildirərək belə yanaşmaya qarşı çıxıb. Avstraliya hökuməti süni intellekt sektorunu tənzimləyəcək yeni qanunlar üzərində işləyir. Parlament komitəsinin dinləmələrinin oktyabrın 9-dək davam edəcəyi, yekun hesabatın isə noyabrın 30-da təqdim olunacağı bildirilir.
Lalə Mehralı