Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Çin lideri Si Cinpinlə birlikdə qarşıdan gələn Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində üçtərəfli görüş keçirə biləcəklərini bildirib.
“Bakupost” xəbər verir ki, Uşakov belə bir görüş imkanının müzakirə olunduğunu deyib:
“Ev sahibi Si Cinpin qeyd edib ki, Tramp və Putin də dəvətli şəxslər kimi iştirak edəcəklər. Əgər hər şey planlaşdırıldığı kimi baş tutarsa, üç lider arasında görüş təşkil edilə bilər. Yaxud heç olmasa, hər biri ilə ayrıca görüş keçiriləcək. Bu məsələ müzakirə olunub”.
Qeyd edək ki, APEC sammitinin bu il noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçirilməsi nəzərdə tutulur.
Siyasi şərhçi Xəqani Cəfərli “Bakupost”a bildirib ki, sammit çərçivəsində Tramp və Putin arasında görüşün baş tutması mümkün variantdır:
“Çünki Tramp adətən belə görüşlərə açıq olduğunu göstərir. O, hətta konkret nəticə vəd etməyən görüşlərdən də yayınmır. Xüsusilə Rusiya ilə münasibətlərdə nəticə əldə edilməsə belə, görüş keçirməyi məqsədəuyğun hesab edir. Halbuki, bir qayda olaraq, dövlət başçıları nəticəsiz görüşlərdən çəkinirlər. Tramp isə şəxsi münasibətlərə əsaslanan siyasət yürütməyi sevdiyi üçün belə təmaslardan imtina etmir”.
Bununla belə, ekspert ehtimal olunan üçtərəfli görüşün Ukrayna müharibəsində ciddi dönüş yaradacağını gözləmir:
“Belə üçtərəfli görüşün münaqişəni həll edəcəyini, müharibəyə son qoyacağını gözləmək yanlış olardı. Çünki müharibə yalnız Putin istədiyi zaman dayanacaq. Rusiyanın iştirakı ilə keçirilən görüş və danışıqlarda hansısa ciddi nəticənin əldə edilməsi çətin görünür. Yalnız Çin və ABŞ birmənalı şəkildə Rusiyaya qarşı təzyiq siyasəti seçsələr, Moskvanı müharibəni dayandırmağa vadar edə bilərlər”.
X.Cəfərlinin fikrincə, bunun üçün Vaşinqton və Pekin ilk növbədə üç əsas məsələni aydınlaşdırmalıdır:
“ABŞ və Çin Rusiyadan nə istədiklərini, bunun qarşılığında Moskvaya nə verəcəklərini və Rusiya razılaşmaya əməl etməsə, ona qarşı hansı addımları atacaqlarını dəqiq müəyyən etməlidirlər. Bu üç aspekt həllini tapmadan məsələdə hansısa ciddi nəticənin əldə olunması çətin olacaq”.
Rüfət Sultan,
BakuPost