Icma.az bildirir, Oxumeni.az portalına istinadən.
Çin Xalq Respublikası lideri Si Cinpinin Çin Mərkəzi Hərbi Şurasındakı birinci müavini Çjan Yüxya ölkənin nüvə proqramı haqqında məlumatı ABŞ-a sızdırmaqda ittiham olunub. Oxuməni.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) Çin silahlı qüvvələrinin yüksək rütbəli zabitlərinin qapalı brifinqinə istinadən yazır.
Brifinq yanvarın 24-də – Çin Milli Müdafiə Nazirliyinin general Çjan Yüxya ilə bağlı araşdırma elan etməsindən qısa müddət əvvəl baş tutub, lakin heç bir təfərrüat verilməyib. Bəyanatda yalnız partiya intizamının və dövlət qanunlarının ciddi şəkildə pozulmasından bəhs olunurdu.
Brifinqdə məlum olub ki, Çjan Çinin nüvə silahları haqqında əsas texniki məlumatları ABŞ-a ötürüb. Bundan əlavə, hakimiyyət orqanları onun hərbi texnikanın tədqiqatı, inkişafı və alınmasına cavabdeh olan idarəyə nəzarət fəaliyyətini yoxlayır. Mənbələrin məlumatına görə, Çjanın bu satınalma sistemində vəzifədə irəliləmək müqabilində rüşvət almaqda, həmçinin bir zabiti müdafiə naziri vəzifəsinə irəli sürməkdə şübhəli bilinir.
Çjan həmçinin "siyasi kliklər yaratmaq" ittihamı ilə də araşdırılır – WSJ-nin izah etdiyi kimi, bu, partiyanın birliyini pozan təsir şəbəkələrinin yaradılmasını nəzərdə tutur.
Çjana qarşı bəzi dəlilləri bir həftə əvvəl araşdırmanın fiqurantı olan Çin Milli Nüvə Korporasiyasının (CNNC) keçmiş baş direktoru Qu Cün təqdim edib.
Çinin Vaşinqtondakı səfirliyinin nümayəndəsi Lyu Penyuya “The Wall Street Journal”-a verdiyi açıqlamada bildirib ki, partiyanın Çjanın işini araşdırmaq qərarı ölkə rəhbərliyinin "korrupsiyaya qarşı mübarizədə tam dözümsüzlük və hərtərəfli əhatə yanaşmasına" sadiq qaldığını vurğulayır.
Almaz Həsənli