Sibirin əfsanəvi fatehi

28.07.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fərman SALMANOV – 95

Bu gün dünya şöhrətli soydaşımız – Tümenin zəngin neft yataqlarını kəşf etmiş geoloq Fərman Salmanovun 95 yaşı tamam olur. Onun adını daşıyan Surqut beynəlxalq aeroportunda sübh tezdən səslənən uçuş və enmə elanlarında sərnişinlərə bu barədə bir cümlə ilə olsa da, məlumat verildiyi şübhəsizdir. Çünki Fərman Salmanov dünyada məşhur geoloq kimi tanınıb, Qərbi Sibirdə 150-dən artıq nəhəng “qara qızıl” və “mavi yanacaq” yatağının tapılmasının müəllifi olub.

Onun taleyi özünə və təyinatına sonsuz inamın, ömrünü həsr etdiyi işə sədaqətin gözəl nümunəsidir. Yadıma gəlir ki, ötən əsrin 70-ci illərində ilk dəfə istedadlı şair-publisist Səyavuş Sərxanlı “Ulduz” jurnalında dərc etdirdiyi “Sibir nağılı” sənədli povestində onu “Sibir cəngavəri” adlandırmışdı. O vaxt biz gənclər həmin əsəri böyük maraqla oxuyur və soydaşımızın hünəri ilə fəxr edirdik.

Əfsanəvi neft kəşfiyyatçısı 1931-ci il iyul ayının 28-də Şəmkir rayonunun Morul kəndində dünyaya göz açıb. O, 8-ci sinifdə oxuyarkən SSRİ neft sənayesi naziri Nikolay Baybakov Şəmkirə gəlibmiş. Rusca yaxşı danışan Fərmana öz məktəbləri haqqında qonağa məlumat vermək tapşırılıb. O, çıxışını bitirəndən sonra Baybakov “böyüyəndə kim olmaq istəyirsən?” – deyə soruşub. Fərman cavab verib ki, neftçi olacaq.

Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirərkən diplom mövzusu “Orta Ob neft rayonu yataqlarının perspektivləri” olub. Çoxları həmin perspektivlərə inanmadığına görə, təyinatı Bakıya verilən Fərman Salmanov Baybakova məktub yazaraq Sibirə göndərilməsini xahiş edib. Sonra onu Moskvaya çağırıb Kuzbassa neft axtarışına göndəriblər. Orada ekspedisiyanın baş geoloqu, idarə rəisinin müavini işləyib. 1978-ci ildə 1200 işçinin çalışdığı “Baş Tümen Geologiya” İdarəsinə rəis vəzifəsinə təyin edilib, 1987-ci ildə SSRİ geologiya nazirinin 1-ci müavini postuna yüksəlib.

Burası da var ki, daha öncə həmin ərazilərdə kəşfiyyat işləri tam səmərəsiz sayılaraq dayandırılmışdı. Amma gənc mühəndis qazma işlərini saxlamaq barədə əmrlərə baxmayaraq, inadkarlıq göstərib: rəhbərlik etdiyi heyətlə bir növ özbaşına axtarışa çıxıb və torpağın 2180 metr dərinliyindən neft tapa bilib. Beləcə, “tərslik” edən soydaşımızın ümidi inama, inamı isə konkret əməli nəticəyə dönüb. Özü də ata-baba yurdunda Novruz bayramı qeyd olunan gün – 1961-ci il martın 21-də! Surqutun Megion kəndində baş verən bu hadisə Qərbi Sibir neft-qaz kompleksinin inkişafında tarixi dönüş nöqtəsi idi. Fərman Salmanov “biz qalib gəldik!” deyə qışqırmaqdan özünü saxlaya bilməyib.

Həmin gün gənc azərbaycanlı geoloq Tümendən SSRİ rəhbəri Nikita Xruşova göndərdiyi müjdəli teleqramda yazıb: “Mən nefti tapdım. Bax, belə. Salmanov”. Ob çayının sahillərində fontan vuran neft buruqları üzrə işlər genişləndirilib, əlavə quyular qazılıb və qısa müddətdə orada dünyaya səs salan əsl neft bumu yaşanıb. SSRİ Geologiya və Yataqların Mühafizəsi Nazirliyinin kollegiyasının ovaxtkı qərarında qeyd edilirdi ki, Salmanovgilin möhtəşəm uğuru ilə həmin geniş ərazilərdə neft yataqlarının olmamasına dair yanlış təsəvvürlər aradan qalxmış və dünyada nadir “qara qızıl xəzinəsi”nin yeri müəyyənləşmişdir.

Artıq 60 ildir ki, aprel ayının ilk bazar günü keçmiş SSRİ respublikalarında Geoloq Günü kimi qeyd olunur. Bu əlamətdar günün əsas səbəbkarı məhz soydaşımız Fərman Salmanovdur. Onun sayəsində kiçik Megion böyük neft regionuna çevrilib.

Babası Süleyman Salmanov bir vaxtlar Sibirdə sürgün həyatı yaşayıb, rus-yapon müharibəsində fəal iştirakına görə vaxtından əvvəl azad edilib. Orada Olqa adlı qızla ailə quraraq doğma yurduna gətirib. Şəmkirdə özünə Firuzə adını seçən rus xanım Azərbaycana ömürlük bağlanıb. Ahıl çağlarında nəvələrinə, o cümlədən Fərmana Sibir haqqında nağıllar danışıb və oralara güclü maraq oyadıb. Yəqin ki, tale yollarının Fərman Salmanovu Sibirə aparıb çıxarmasının bir səbəbi də bu olub. O məhz babasının sürgündə olduğu Sibirdən dünyaya səs salan geoloq kimi tanınıb.

Əfsanəvi geoloq Rusiyada Sosialist Əməyi Qəhrəmanı adına, çoxsaylı ordenlərə, Surqut şəhərinin, Xantı-Mansi muxtar dairəsinin, Yamal-Nenents muxtar dairəsi ABŞ-ın Texas ştatının və Çinin Tsinçjou şəhərinin fəxri vətəndaşı adına layiq görülüb. Eyni zamanda, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü olub. Görkəmli geoloq 160-dan artıq elmi məqalənin və 10 monoqrafiyanın müəllifi, neçə-neçə mötəbər mükafatın laureatıdır.

Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev həmyerlimizə həmişə xüsusi diqqət və qayğı ilə yanaşıblar. Ümummilli lider onu “Şöhrət” ordeni ilə təltif edib. 2007-ci ilin fevralında dövlət başçısı İlham Əliyev Prezident Sarayında məşhur neftçi-geoloq, tanınmış alimlə görüşüb. Fərman Salmanov həmin görüşdən 2 ay sonra, 76 yaşında dünyasını dəyişib. Moskvadakı məşhur Vaqankovo qəbiristanlığında dəfn olunub. Dövlətimizin başçısı 9 iyul 2019-cu ildə görkəmli şəxsiyyətin xatirəsinin əbədiləşdirilməsi barədə sərəncam imzalayıb.

Unudulmaz şəxsiyyət, Sibir fatehi haqqında filmlər çəkilib, kitablar yazılıb. Adını unutduğum bir şairin ona həsr etdiyi şeirindən misraları xatırlayıram:

Ayazlı çöllərdə qaldı izləri,
Neftlə işıqlandı şimal düzləri.
Yatmış sərvətləri oyatdı o türk,
Hünəri dağdan da uca və böyük.

Yeri gəlmişkən, tanınmış xanəndə, Əməkdar artist Mais Salmanov əfsanəvi geoloqun kiçik qardaşı idi. Biri nadir mühəndis fəhmi, digəri isə gözəl səsi ilə yaddaşlarda iz salıb.

Fərman Salmanov ilk kəşfiyyatçısı olduğu Tümen yanacaq ehtiyatları regionunda 30 ildən çox işləyib. Artıq 7 ildir ki, Surqut hava limanı onun adını daşıyır. Bu, “Rusiyanın böyük adları” müsabiqəsilə bağlı səsvermədən sonra RF Prezidenti Vladimir Putinin fərmanı ilə rəsmiləşib. Qeyd edək ki, həmyerlimizin adını daşımaq uğrunda 2 aeroport – Nijnevartovsk və Surqut hava limanları mübarizə aparıb və səsvermənin nəticələrinə görə, Surqut aeroportu bu adı qazanıb.

Tümen geologiyasının veteranları onu çox qabiliyyətli neftçi və böyük təşkiltaçı kimi xatırlayırlar. Surqutda onun adına gimnaziya və ev-muzeyi fəaliyyət göstərir. Bir gəmi və iki təyyarənin üstündə “Fərman Salmanov” yazılıb.

Rusiyada bir neçə yerdə soydaşımızın abidəsi, büstü və xatirə lövhələri var. Doğma Şəmkirdə isə adına küçə və məktəb olsa da, hələ ki, abidəsi ucaldılmayıb. Öyrəndiyimizə görə, Xalq rəssamı Natiq Əliyev onun bürünc abidəsini hazırlayıb, amma qoyulması, nədənsə, gecikdirilir. Bu da reallaşsa, bütün fərmansevərlərin ürəyincə olar.

Əli NƏCƏFXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью