Şibirxan xanlığı: Əfqanıstanda özbək dövləti

04.11.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tarixin xəritədən sildiyi, yaddaşdan poza bilmədiyi xanlıq

Bu gün Əfqanıstanın şimalında, Cövzcan vilayətinin inzibati mərkəzi kimi tanınan Şibirğan şəhərinin adı çoxlarına, sadəcə, coğrafi məkan təsiri bağışlaya bilər. Halbuki XVIII–XIX əsrlərdə bu şəhər Cənubi Türküstanın siyasi həyatında mühüm yer tutan özbək siyasi mərkəzlərindən biri olmuş Şibirxan xanlığının paytaxtı idi.

Şibirxan xanlığı Nadir şah Əfşarın ölümündən və onun yaratdığı imperiyanın parçalanmasından sonra, XVIII əsrin ortalarında regionda yaranan bir sıra özbək siyasi qurumları ilə birlikdə meydana çıxmışdı. Maymana, Andxoy, Sarıpul və Qunduz kimi siyasi mərkəzlərlə yanaşı, Şibirxan da həmin dövrün mürəkkəb siyasi xəritənin mühüm elementlərindən birini təşkil edirdi. Bu xəritəyə bugünkü dövlət sərhədləri ilə baxdıqda, o dövrün Türküstan dünyasının siyasi reallığını anlamaq çətinləşir.

Şibirxan xanlığı müasir siyasi xəritədə artıq mövcud deyil, lakin onun keçmiş ərazisi və siyasi irsi Əfqan Türküstanının tarixini anlamaq üçün mühüm açarlardan biridir. Bu tarix həm Buxaranın, həm Kabildəki hakimiyyətin, həm də XIX əsrdə regiona daxil olan böyük imperiya siyasətinin kəsişmə nöqtəsində dayanır. Ona görə Şibirxanın tarixini yalnız “bir xanlıq vardı və sonra süqut etdi” cümləsinə sığışdırmaq həmin tarixin mahiyyətini xeyli kasadlaşdırardı.

Şibirxan xanlığının yaranması

Şibirxan xanlığının meydana gəlməsi XVIII əsrin ortalarında, Nadir şah Əfşarın 1747-ci ildə öldürülməsindən sonra yaranan siyasi boşluqla sıx bağlıdır.

Nadir şahın ölümündən sonra onun geniş imperiyasının müxtəlif hissələrində yerli hakimlər və tayfa başçıları öz siyasi mövqelərini möhkəmləndirməyə başlayırlar.

Şibirxan xanlığını 1747-ci ildə yerli özbək tayfa başçılarının lideri İzbəsar xan yaradıb. Xanlığın əhalisi özbəklər, türkmənlər və farsdilli əhalidən ibarət olub.

Cənubi Türküstanda da eyni proses gedib, Bəlxin əvvəlki siyasi çəkisi zəiflədikcə Andxoy, Maymana, Şibirğan və digər şəhərlər regional hakimiyyət mərkəzləri kimi önə çıxır. XIX əsr Əfqanıstan tarixi üzrə alman alimi Christine Noelle-Karimi bu dörd şəhəri XVIII–XIX əsrlərdə müstəqil özbək siyasi qurumlarının mərkəzləri kimi xarakterizə edir və onların ümumilikdə “Chahar vilayat” – “Dörd vilayət” adı ilə tanındığını bildirir.

Bu mənada, Şibirxanın yaranması ayrıca və təcrid olunmuş hadisə deyildi. O, Nadir şahdan sonrakı dövrdə Cənubi Türküstanda meydana çıxan yerli özbək siyasi hakimiyyətlərinin ümumi yüksəlişinin bir hissəsi idi. Əvvəlki əsrlərdə regionun siyasi həyatında böyük imperiyalar və xanədanlar üstünlük təşkil edirdisə, XVIII əsrin ikinci yarısından etibarən şəhər və vilayət mərkəzləri ətrafında daha çevik yerli hakimiyyətlər formalaşırdı.

Şibirxan xanlığı tarixi boyu Buxara Əmirliyi ilə Kabil şahlığı arasında rəqabətdə olub. Xanlıq tez-tez qonşu Sarıpul, Andxoy və Maymana xanlıqları ilə ittifaqa girərək öz müstəqilliyini qorumağa çalışıb.

Xanlığın hökmdarları

Şibirxan xanlığının tarixinin ən maraqlı məsələlərindən biri hökmdarların ardıcıllığıdır. Müxtəlif mənbələrdə adların yazılışı və tarixlərində fərqlər olsa da, alman mənşəli iranşünas və tarixçi Christine Noelle-Kariminin araşdırmasına əlavə edilən genealoji cədvəldə Şibirxan hakimləri bu ardıcıllıqla verilir:

İzbəsar xan, təxminən, 1747–1757-ci illər

Mir Dövlət xan, təxminən, 1757–1800...

Eriç xan, təxminən, 1800–1820...

Münəvvər xan, təxminən, 1820–1829...

Rüstəm xan, təxminən, 1829–1851...

Mir Hakim xan, 1851–1855 və 1859–1875 ...

Bu siyahı Şibirxanın bir neçə nəsil ərzində yerli hakim sülalə və ya hakim ailə ənənəsini qoruduğunu göstərməsi baxımından xüsusilə əhəmiyyətlidir.

Mir Hakim xan – dövrün böyük siması

Şibirxan tarixində Mir Hakim xanın xüsusi yeri var. Christine Noelle-Kariminin genealoji cədvəlinə əsasən Mir Hakim xan Rüstəm xanın kürəkəni idi və 1851-ci ildən Şibirxanın hakimi olub, 1855-ci ildə hakimiyyətini itirdikdən sonra 1859-cu ildə yenidən hakimiyyətə qayıdıb və 1875-ci ilə qədər bu mövqeyi saxlayıb.

Başqa mənbələr də Mir Hakim xanın XIX əsrin ortalarında Şibirxanın siyasi həyatında əsas fiqurlardan biri olduğunu təsdiqləyir. Bu dövr artıq əvvəlki xanlıqlar dövründən fərqlənirdi: Əfqanıstanın mərkəzi hakimiyyəti şimala doğru fəal şəkildə irəliləyir, Buxara isə bölgədə öz təsirini qorumağa çalışırdı.

Mir Hakim xanın fəaliyyəti bu iki böyük siyasi təsirin arasında qalan Şibirxanın nə qədər mürəkkəb vəziyyətdə olduğunu göstərir. 1851-ci ildə Əfqan hakimiyyətinə münasibətdə onun mövqeyi müəyyən qədər əməkdaşlıq xarakteri daşıyırdı. Araşdırmalara görə o, Sarıpul hakimi Mahmud xana qarşı əfqan tərəfinin hərbi əməliyyatlarında iştirak etmiş və bunun müqabilində hakimliyinin təsdiqini almışdı. Əfqan hakimiyyəti ona ehtiram libası və Şibirxanın idarəçiliyinə dair təsdiq vermişdi.

Lakin bu əməkdaşlıq çox çəkmədi və bir neçə il sonra Mir Hakim xan özü Əfqan hakimiyyətinə qarşı müqavimətin mərkəzlərindən birinə çevrildi.

1854-cü il Şibirxan üsyanı

1854-cü ildə Şibirxanda baş verən hadisələr xanlığın tarixində dönüş nöqtələrindən biridir. Mir Hakim xan Daşkurqanın keçmiş hakimi Mir Vəlini və onunla birlikdə gələn Buxara qoşunlarını Şibirxan qalasına qəbul etmişdi. Christine Noelle-Kariminin araşdırmasına görə, Mir Vəlinin fəaliyyəti Şibirxanda Maymana hakimi Şir Məhəmməd xan və Andxoy hakimi Qəzənfər xanın dəstəyi ilə əlaqələnirdi. Bu hadisə Əfqanıstanın şimalındakı özbək hakimlərinin Kabildəki mərkəzi hakimiyyətə qarşı narazılığının nə qədər geniş olduğunu göstərirdi.

Lakin bu ittifaq uzunömürlü olmadı. Buxara nümayəndəsi ilə Mir Vəli arasında yaranan mübahisə Şibirxandakı qüvvələrin birliyini zəiflədir və nəticədə, Mir Vəli təslim olur. 1854-cü ilin noyabrında əfqan qoşunları Şibirxanın qarşısına gəldikdə müqavimət göstərən qüvvələrin vəziyyəti artıq əvvəlki qədər əlverişli deyildi. Mir Hakim xan da Əfqan hakimiyyətinə tabe olmaq məcburiyyətində qalır. Beləliklə, Şibirxan bir müddətlik müstəqil siyasi manevr imkanlarının əhəmiyyətli hissəsini itirdi.

Mir Hakim xanın Əfqan hakimiyyətinə təslim olması onun siyasi fəaliyyətinin sonu demək deyildi. Əksinə, sonrakı hadisələr onun hakimiyyət uğrunda mübarizəsinin davam etdiyini göstərir. O, Əfqan hakimiyyətinə xərac ödəməyi və xütbədə Əmir Dost Məhəmməd xanın adının çəkilməsini qəbul edərək bunun müqabilində Şibirxanın idarəsini yenidən əldə etmişdi. Lakin 1855-ci ilin sonunda Şibirxanda Əfqan hərbi qüvvələrinin yerləşdirilməsi Mir Hakim xanın mövqeyini yenidən sarsıdır. 1856-cı ilin əvvəllərində o, Maymanada qüvvə toplayır, özbək və türkmən döyüşçülərinin də iştirakı ilə Şibirxan ətrafında hərbi mübarizəni yenidən başladır.

Bu hadisələr Şibirxanın sadəcə passiv şəkildə Əfqanıstana birləşdirilmədiyini göstərir. Yerli hakimlər və əhali mərkəzi hakimiyyətin tətbiq etdiyi idarəçilik modelinə müxtəlif formalarda müqavimət göstərirdilər. Bəzən bu müqavimət Buxaranın dəstəyi ilə, bəzən qonşu Maymana və Andxoy hakimlərinin yardımı ilə, bəzən isə yerli özbək və türkmən qüvvələrinin iştirakı ilə baş verirdi. Şibirxan qalası bu mübarizələrin əsas siyasi və hərbi mərkəzlərindən birinə çevrilmişdi. Lakin ayrı-ayrı xanlıqların maraqlarının tam üst-üstə düşməməsi və Əfqan hərbi qüvvələrinin artan təzyiqi uzunmüddətli müstəqil müqavimətin qarşısını alırdı.

Buxaranın kölgəsi

Şibirxanın tarixində Buxaranın rolunu ayrıca qeyd etmək lazımdır. XVIII–XIX əsrlərdə Buxara Əmirliyi Cənubi Türküstandakı özbək siyasi qurumlarına həm siyasi, həm də mədəni baxımdan böyük təsir göstərirdi. Bununla belə, Buxaranın bu bölgədəki təsiri hər zaman birbaşa idarəçilik formasında deyildi. Bəzən Buxara yerli hakimləri dəstəkləyir, bəzən hərbi qüvvə göndərir, bəzən isə öz siyasi maraqlarını yerli hökmdarların mövcudluğu ilə uzlaşdırmağa çalışırdı. Şibirxanda 1854–1856-cı illərdə Buxara ilə bağlı hadisələr bu siyasətin konkret nümunələrindən biridir.

1856-cı ildə Buxara qoşunlarının Maymana, Andxoy və Şibirxan istiqamətində hərəkəti bölgədə ciddi siyasi həyəcan yaratmışdı. Şibirxan əhalisinin Əfqan qarnizonuna qarşı mövqeyi də həmin prosesdən təsirlənmişdi. Lakin Buxaranın regiondakı müdaxiləsi uzunmüddətli olmur və Əfqan hakimiyyəti yenidən mövqelərini bərpa edir. Bu hadisələr bir daha göstərirdi ki, Cənubi Türküstanın xanlıqları yalnız öz daxili gücləri ilə deyil, Buxara, Kabul və digər regional güclərin münasibətləri ilə müəyyənləşən mürəkkəb siyasi sistemin içində yaşayırdılar.

Xanlığın coğrafi üstünlüyü

Şibirxanın siyasi əhəmiyyətinin arxasında onun coğrafi mövqeyi də dayanırdı. Şəhər Bəlxdən qərbdə yerləşən geniş düzənlikdə, məhsuldar ərazilərlə və ticarət yolları ilə əlaqəli bir mövqedə idi. Mənbələrdə Şibirxanın əhalisinin 12 min nəfər civarında olduğu göstərilir və şəhərin qalası da xüsusi olaraq xatırlanır.

Bu coğrafi xüsusiyyətlər şəhəri həm təsərrüfat, həm də hərbi baxımdan əhəmiyyətli edirdi. Kim Şibirxana nəzarət edirdisə, ətraf kənd təsərrüfatı rayonlarına, ticarət yollarına və qərbi Əfqan Türküstanındakı siyasi əlaqələrə təsir etmək imkanı əldə edirdi. Buna görə Şibirxanın qalası sadəcə bir müdafiə tikilisi deyildi; o, hakimiyyətin şəhərdəki görünən simvolu idi. Şəhərin siyasi taleyi dəyişdikcə qala da müxtəlif qüvvələrin əlində hakimiyyətin nişanına çevrilirdi.

Əfqanıstanın şimala yürüşü

XIX əsrin ortalarında Əfqan dövlətinin qarşısında duran əsas məsələlərdən biri ölkənin parçalanan siyasi məkanını mərkəzləşdirmək idi. Dost Məhəmməd xan və onun varisləri dövründə Əfqan qoşunları Bəlx və Türküstan istiqamətində irəliləyərək yerli hakimlərin müstəqilliyini tədricən məhdudlaşdırırdılar. Araşdırmalar göstərir ki, 1850-ci illərdə Aqça, Sarıpul, Şibirxan və Andxoy kimi mərkəzlərdə yerli hakimlərin əvvəlki müstəqilliyi getdikcə zəifləyirdi.

Şibirxanın taleyi də bu ümumi mərkəzləşmə prosesindən kənarda qala bilmir.

Lakin burada bir incə məqam var: Şibirxanın Əfqanıstana daxil edilməsini yalnız bir dəfə baş vermiş hərbi işğal kimi təqdim etmək tarixi prosesin mürəkkəbliyini gizlədir. 1850-ci illərdə yenidən üsyan, hakimiyyətin bərpası və itirilməsi kimi bir neçə mərhələ yaşanmışdı. Mir Hakim xanın 1859-cu ildə yenidən hakimiyyətə qayıtması da bunu göstərir.

Yəni Şibirxanın siyasi müstəqilliyinin itirilməsi birdəfəlik və düzxətli hadisə yox, uzunmüddətli və ziddiyyətli proses idi.

1860-cı illər: son dirəniş

1860-cı illərə gəldikdə Əfqan Türküstanında vəziyyət yenə dəyişirir. Əfqan taxtı uğrunda mübarizələr, Dost Məhəmməd xanın ölümü və Şir Əli xanın hakimiyyət uğrunda mübarizəsi şimaldakı yerli hakimlərə yenidən manevr imkanları verirdi. Şibirxanda Mir Hakim xan, Andxoyda Qəzənfər xan və Sarıpulda Mahmud xan kimi yerli hakimlər bu mürəkkəb siyasi vəziyyətdə öz mövqelərini qorumağa çalışırdılar. XIX əsrin ikinci yarısının Əfqan Türküstanında məhz belə bir siyasi qeyri-sabitlik dövrü idi. Yerli özbək hakimləri bir tərəfdən Əfqanıstan daxilindəki hakimiyyət dəyişikliklərindən yararlanır, digər tərəfdən öz irsi hakimiyyətlərini qorumağa çalışırdılar.

Mir Hakim xanın sonrakı taleyi də bu mübarizənin davam etdiyini göstərir. Əbdürrəhman xanın xatirələrində 1867-ci il hadisələri zamanı Şibirxana gəldiyi və Mir Hakim xanı yenidən hakimiyyətə qaytardığı qeyd edilir. Mir Hakim xan minnətdarlıq əlaməti olaraq qızının Əbdürrəhman xanla evlənməsini təklif etmiş və sonradan bu evlilik baş tutmuşdu.

Bu fakt Şibirxan hakimlərinin siyasi əlaqələrinin yalnız hərbi qarşıdurmadan ibarət olmadığını, ailə nikahlarının da siyasi münasibətlər sistemində mühüm vasitə olduğunu göstərir.

1870-ci illər və son pərdə

1870-ci illərə doğru Şibirxanın müstəqil siyasi varlığı artıq əvvəlki gücündə deyildi. Əfqan hakimiyyəti şimaldakı özbək hakimlərinin müstəqilliyini tamamilə aradan qaldırmağa doğru gedirdi. Mir Hakim xanın 1875-ci ilə qədər Şibirxanın hakimi kimi qaldığı göstərilir.

Digər mənbələrdə isə 1875-ci il Şibirxanın Əfqanıstana faktiki daxil edilməsinin son mərhələlərindən biri kimi qeyd olunur.

Beləliklə, XVIII əsrin ortalarında yerli özbək siyasi hakimiyyəti kimi meydana çıxan Şibirxan XIX əsrin son rübündə artıq müstəqil dövlət qurumu kimi tarix səhnəsindən çəkilir.

Rus hərbçisi Nikolay Qrodekoffun məlumatları isə bu prosesin sonrakı mərhələsinə işıq salır. O, Maymananın Əfqanıstanla müharibə zamanı Sarıpul və Şibirxan xanlıqlarından yardım aldığını və bunun ardınca həmin xanlıqların da fəth edilərək Şir Əli xanın hakimiyyətinə birləşdirildiyini yazır. Qrodekoff Şibirxanın son xanının Hakim xan olduğunu və onun Kabil şəhərində əsirlikdə öldüyünü bildirir.

Bu məlumat Şibirxan xanlığının siyasi tarixinin son səhifəsini kifayət qədər dramatik şəkildə tamamlayır.

Hakim xan və Şibirxanın sonu

Hakim xanın adı Şibirxanın tarixində xüsusi bir simvolik məna daşıyır. O bir tərəfdən Rüstəm xanın ailəsi ilə bağlı olan yerli hakimiyyət ənənəsinin nümayəndəsi, digər tərəfdən isə XIX əsrin ortalarında Əfqanıstanın mərkəzləşməsi qarşısında öz siyasi mövqeyini qorumağa çalışan son böyük Şibirxan hakimi idi. O, bir neçə dəfə istefa verməyə məcbur olunub, yenidən taxta oturub və nəhayət, hakimiyyəti tamamilə sona çatıb.

1870-ci illərin sonlarında əfqan əmiri Şir Əli xanın qoşunları Şibirxanı və ona müttəfiq olan digər xanlıqları tamamilə fəth edərək Əfqanıstana birləşdirib. 1873-cü ildə Rusiya imperiyası ilə Böyük Britaniya arasında bağlanan nüfuz dairələrinin birtərəfli bölünməsi müqaviləsinə əsasən, Şibirxan rəsmi olaraq Əfqanıstanın idarəçiliyinə verilib.

Qrodekoffun verdiyi məlumata görə, Hakim xan Kabilə əsir aparılıb və orada vəfat edib.

Bir xanlığın tarixinin bir insanın taleyində bu qədər aydın əks olunması nadir hallardandır. Hakim xanın həyatı Şibirxanın siyasi tarixindəki bütün ziddiyyətləri özündə birləşdirir: Buxara ilə əlaqələr, Kabil ilə münasibətlər, yerli ittifaqlar, müharibələr, istefalar, yenidən hakimiyyətə qayıdış və sonda əsirlik. Onun ölümü ilə yalnız bir hökmdarın həyatı bitmir, Şibirxanın əsrlik yerli siyasi hakimiyyət ənənəsi də böyük ölçüdə tarixə çevrilir.

“Dörd vilayət”in sonu

Şibirxanın taleyini Maymana, Andxoy və Sarıpuldan ayrı təsəvvür etmək mümkün deyil. Bu siyasi mərkəzlər bir-biri ilə rəqabət aparsalar da, xarici təzyiq qarşısında dəfələrlə əməkdaşlıq etmişdilər. XIX əsrin ortalarında Əfqan hakimiyyətinə qarşı müqavimətin müxtəlif mərhələlərində onların hakimləri bir-birinə yardım göstərib, Buxara ilə əlaqələr quraraq öz müstəqilliklərini qorumağa çalışıblar. Lakin bu siyasi qurumların heç biri uzunmüddətli vahid cəbhə yarada bilmir. Nəticədə, Əfqanıstanın mərkəzi hakimiyyəti onları bir-birinin ardınca öz siyasi sisteminə daxil edir.

Bu baxımdan “Çahar vilayət”in tarixi yalnız dörd şəhərin tarixi deyil. O, XVIII–XIX əsrlərdə Əfqan Türküstanında mövcud olan yerli özbək siyasi sisteminin ümumi tarixidir. Şibirxanın süqutu həmin sistemin parçalarından birinin yox olması idi, amma proses bununla bitmir. Maymana və digər siyasi mərkəzlərin müstəqilliyinin itirilməsi ilə Əfqan Türküstanının siyasi quruluşu kökündən dəyişir. Köhnə xanlıq və mirilik sistemi tədricən mərkəzi dövlətin inzibati sistemi ilə əvəz olunur.

Şibirxan tarixinin yaddaş kitabı

Şibirxan xanlığının tarixi bir daha göstərir ki, Türküstanın siyasi keçmişini yalnız Buxara, Xivə və Kokand kimi böyük xanlıqların tarixi ilə məhdudlaşdırmaq olmaz. Cənubi Türküstanda da öz siyasi ənənələri, yerli hakim ailələri, iqtisadi resursları və xarici siyasət maraqları olan mühüm siyasi qurumlar mövcud idi. Şibirxan, Maymana, Andxoy və Sarıpul bu tarixin ən mühüm mərkəzləri arasında dayanırdı. Onların tarixi bizə XIX əsrdən əvvəl və XIX əsrin özündə regionun bugünkü dövlət sərhədlərindən tamamilə fərqli siyasi məntiqə malik olduğunu göstərir. O dövrün xəritəsinə bugünkü Əfqanıstan, Özbəkistan və Türkmənistan sərhədləri ilə baxmaq həmin tarixi reallığı anlamağa mane ola bilər.

Şibirxanın tarixində daha bir mühüm məqam yerli hakimiyyətlə böyük dövlətlər arasındakı münasibətdir. Mir Hakim xanın bir dövrdə Əfqan hakimiyyətinə yardım etməsi, sonra onunla qarşı-qarşıya gəlməsi və daha sonra yenidən hakimiyyətə qayıtması siyasətin nə qədər çevik olduğunu göstərir. Buxaranın bölgəyə müdaxiləsi, yerli özbək və türkmən qüvvələrinin iştirakı və Kabildəki hakimiyyət uğrunda mübarizələr Şibirxanın taleyini bir-birindən ayrılması mümkün olmayan hadisələr zəncirinə çevirirdi. Bu baxımdan Şibirxanın tarixi “müstəqillikdən asılılığa keçid” kimi sadə bir sxemə sığmır. Burada həm əməkdaşlıq, həm qarşıdurma, həm diplomatiya, həm də hərbi mübarizə eyni siyasi mənzərənin müxtəlif tərəfləridir.

Bu gün Şibirxan xanlığının adı Azərbaycan, Özbəkistan və ümumən Türküstan tarixşünaslığında kifayət qədər geniş tanınmasa da, onun tarixinin öyrənilməsi regionun keçmişini daha bütöv görməyə imkan verir. Şibirxan bizə göstərir ki, Əfqan Türküstanı heç vaxt yalnız Kabilin cənubdan idarə etdiyi bir sərhəd bölgəsi olmayıb. Burada yerli özbək hakimiyyətləri, türkmən icmaları, şəhər elitaları, tacirlər, kənd təsərrüfatı əhalisi və müxtəlif siyasi mərkəzlər əsrlər boyu öz münasibətlər sistemini formalaşdırıblar. Şibirxan həmin dünyanın siyasi mərkəzlərindən biri kimi öz dövrünün tarixini yaşayıb. Xanlıq süqut edib, amma şəhərin özü və tarixi yaddaşı bu günə qədər gəlib çatıb.

Bəlkə də Şibirxan tarixinin ən mühüm dərsi elə budur: xəritədə görünməyən dövlətlər tarixdə görünməz olmurlar. Bir zamanlar Buxara ilə Kabil arasında siyasi mübahisələrin mərkəzində dayanan, öz hökmdarları, qalası, bazarları və əkinçilik təsərrüfatı olan Şibirxan bu gün yalnız tarix kitablarının sətirlərində qalmayıb. Onun izi Şibirxan şəhərində, Cövzcanın tarixi coğrafiyasında, özbək siyasi ənənələrinin yaddaşında və XIX əsrin mürəkkəb Əfqan Türküstanı tarixində yaşayır. İzbəsardan Mir Dövlət xana, Eriç xandan Münəvvər xana, Rüstəm xandan Mir Hakim xana qədər uzanan hakimlər silsiləsi 126 il bu xanlığın bir neçə nəsil boyunca öz siyasi iradəsini qoruduğunu xatırladır. Hakim xanın Kabil əsirliyində ölümü ilə bir siyasi dövr bağlanır, amma Şibirxanın tarixi bununla bitmir, o tarix bu gün də Türküstanın parçalanan, lakin unudulmamış siyasi yaddaşının bir hissəsidir.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью