futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Günümüzün ən müxtəlif gərdişləri, fərqli mövzuları var. Kimisinə Trampın İrana bomba atıb-atmayacağı, kimisinə 72 saatlıq ümumdünya nəyəsə hazırlıq xəbərdarlığına görə ciddi hazırlaşmaq, kimisinə avtobus və metrolarda dörd gedişdən birinin 1 qəpik olacağı maraqlıdır.
Bu cırhacır gündəmin içində bizə “CBC Sport” telekanalının (niyə) dekorativ zövqsüzlüyü maraqlı gəldi.
Əslində, çoxdan maraqlandıran məsələ idi, ancaq zövqsüzlük şiddətlə davam etdiyi üçün unudulmuşdusa da, görüb yenə xatırladıq.
***
Mövzumuza keçək.
Fotokollajdan gördüyünüz kimi, yuxarıda telekanalın verilişlərindən birinin fon görüntüsüdür.
Aşağıda isə Nərimanov m.-da “Metropark” ticarət mərkəzinin fasadı.
Niyə?
Səbəb?
Subliminal mesaj da çıxardammırıq bundan.
Bir idman/futbol verilişinin fonu nəyə əsasən bu formada tərtib olunmalıdır?
Çempionatın yayımı deyil ki, zəif keyfiyyətli görüntüdən şikayətlənək, sənədli film deyil ki, süjet xəttinin görüntü ilə uyğunsuzluğundan gileylənək və s.
Müzakirə tematikalı verilişin fon görüntüsü niyə “Metropark”ın fasadına oxşasın ki?!
Kompyuter qrafikasıdır da, ora futbola aid nəsə düz-qoş eləmək olmazmı?
“CBC Sport” səs və görüntü defektlərini aradan qaldırmasa, nə bilim, ən azı, yaxşı etməyəcək.
Nə deyək başqa?
Elə məsələdir ki, deyiləcək çox şey yoxdur. Görüntü kirliliyindən tutmuş, vizual estetikayadək sadalayasan…
Sadəcə, qrafik dizaynermi, yaxud rəssam dəvət edirsən, telekanalın dekor konseptini müəyyənləşdirirsən, vəssalam.
Özün özünə aparıcı, özünə qonaq, özün özündən oyunlara proqnoz, özün özündən heyət düzəldən məşqçilərdən video..
öz,
özün,
özünə,
özünü,
özündə,
özündən…
“CBC Sport”umuzun fəaliyyəti təxminən belə bir məcrada davam edir. Bu aparıcı ora qonaq gedir, sonra ordakı verilişin aparıcısı bu aparıcını öz proqramına ekspert kimi çağırır, başqa bir verilişdə hamısı yığışıb ümumi sayı on beş yerə bölüb yerdə qalanı ilə başqa bir veriliş efirə çəkirlər və s.
Sanki telekanalın kənar heç kəsə ehtiyacı yoxdur, daxili imkanlar hesabına fərqli TV modeli əmələ gətirilmişdir.
Bunlar dekor məsələsi deyildi, yazının konseptinə tilişkə kimi oldu, lakin vizyon üçün hamısı cəm şəklində vacibdir. Ki, düzəlsin, düz olsun…
Kamil Əhməd