Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Vyetnamın şimal bölgələrində son bir həftə ərzində qeydə alınan şiddətli yağışlar, daşqınlar və torpaq sürüşmələri nəticəsində 5 nəfər həyatını itirib, 10 sakin isə xəsarət alıb.
XQ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə rəsmi hesabatı Vyetnamın Təbii Fəlakətlərlə Mübarizə və Bəndlərin İnşası İdarəsi yayıb.
Qurumun məlumatına görə, təbii fəlakət zonasında daha 3 nəfər itkin düşmüş hesab olunur və hazırda onların axtarışları davam etdirilir. Hakimiyyət orqanları insan tələfatı və xəsarət alma hallarının hamısının ölkənin şimalındakı Layçau əyalətində qeydə alındığını bildiriblər.
Dağıdıcı sellər və sürüşmələr infrastruktur və yaşayış sahələrinə də ciddi ziyan vurub. Belə ki, bölgədə ümumilikdə 427 ev tamamilə dağılıb və ya müxtəlif dərəcədə zədələnib. Torpaq sürüşməsi riski yüksək olan dağlıq zonalardan təxminən 140 ailə təhlükəsiz ərazilərə təxliyə edilib.
İlkin hesablamalara əsasən, fəlakətin törətdiyi ümumi iqtisadi ziyan 362,46 milyard Vyetnam donqu (təxminən 14,3 milyon ABŞ dolları) həcmində qiymətləndirilir. Regionda xilasetmə işləri ilə yanaşı, yerli hakimiyyət orqanları tərəfindən dəymiş zərərin tam miqyasının müəyyənləşdirilməsi istiqamətində monitorinqlər davam etdirilir.