Sığorta bazarı böyüyür, xidmət isə....

29.08.2026

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkətinin xətti ilə 1 milyard 6 milyon 409 min manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,3 faiz çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 671 milyon 436 min manat təşkil edib. Bu isə illik müqayisədə 26,9 faiz çoxdur. 7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 66,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56,4 manat olub.

Qeyd edilən dövr ərzində sığorta şirkətlərinin 11-nin sığorta ödənişlərində artım qeydə alınıb. Ödənişlərini ən çox artıran şirkət “İpək Yolu Sığorta” ASC olub, şirkətin ödənişləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 209 min manat və ya 4,4 dəfə artaraq 271 min manata çatıb. “Atəşgah Həyat Sığorta” ASC-nin ödənişləri 27 milyon 53 min manat (69,7 faiz) artaraq 65 milyon 881 min manata, “Qala Həyat Sığorta” ASC-nin ödənişləri 1 milyon 142 min manat (56,8 faiz) artaraq 3 milyon 152 min manata yüksəlib. “Azərbaycan Sənaye Sığorta”nın ödənişləri 3 milyon 708 min manat (53,6 faiz) artaraq 10 milyon 621 min manata bərabər olub.

“PAŞA Həyat Sığorta” ASC ödənişləri 91 milyon 668 min manat (27,9 faiz) artaraq 420 milyon 178 min manata, “PAŞA Sığorta” ASC-nin ödənişləri isə 18 milyon 971 min manat (24,3 faiz) artaraq 96 milyon 884 min manata çatıb.

Ödənişləri artan şirkətlər sırasında “A-Qroup Sığorta”, “Meqa Həyat Sığorta” ASC, “Atəşgah Sığorta” və “Meqa Sığorta”da yer tutur. Sığorta ödənişləri artan şirkətlərin siyahısında sonuncu yeri “Xalq Sığorta” ASC tutub.

Könüllü sığorta yığımı rekord həddə çatıb

Sığorta bazarının böyüməsində son illərdə müvafiq qanunvericiliyə edilmiş dəyişikliklər də mühüm rol oynayıb. Xüsusilə də aqrar sığorta və daşınmaz əmlak sığortası ilə bağlı yeniliklərdən sonra sığorta şirkətləri bu istiqamətdə də yığım paketlərini aktivləşdirib.

Sığorta yığımlarında könüllü ödəmələrin həcmi daha böyük olub və ilk dəfə olaraq 823 milyon manatı ötüb. Könüllü sığorta yığımları ötən ilin eyni dövrü ilə müqayisədə 106,7 milyon manat və ya 14,9 faiz artıb. Eyni zamanda, bu sahə üzrə sığorta ödənişləri də yüksəlib. Belə ki, ödənişlərin həcmi illik müqayisədə 127,6 milyon manat və ya 28,4 faiz artaraq 576,274 milyon manata çatıb. Beləliklə, 2026-cı ilin yanvar-iyul aylarında könüllü sığorta bazarında toplanan hər 100 manat sığorta haqqının 70 manatı müştərilərə ödənilib.

Ümumilikdə, könüllü həyat, fərdi qəza və xəstəlik sığortası üzrə yığımlar və ödənişlərdə daha çox artım müşahidə edilir. Avtomobil, daşınmaz əmlak üzrə, işçilərin peşə fəaliyyəti ilə bağlı olan icbari sığortada olan yığımlarda artımlar olsa da, könüllü sığorta yığımlarından geri qalır. Bu da onu təsdiqləyir ki, adılndan da göründüyü kimi insanlar məcburi və ya inzibatı üsullara yox, azad seçimə, könüllülüyə daha çox üstünlük verirlər. Onlar könüllü olaraq, həyatlarını, sağlamlıqlarını, daşınar və daşınmaz əmlakını, yaxud digər mal və xidmətləri sığortalamaq üçün seçimlər əsasında qərar verirlər.

Ümumilikdə, sığorta üzrə rəqəmlər onu göstərir ki, Azərbaycanda sığorta bazarı son illərdə əhəmiyyətli dərəcəd böyüyüb, sığorta sektorunun toplam illik gəlirləri davamlı olaraq hər ay ən azı 10 milyon manat yüksəlir.

Hər 1 manatın 67 qəpiyi xərclənir

Mövcud rəqəmlər onu göstərir ki, sığorta şirkətlərinin müştərilərdən və müəssisələrdən hər topladığı 1 manat sığorta haqqının təxminən 67 qəpiyi xərclənir, qalan 33 qəpiyi onların mənfəəti kimi aktiv portfelində qalır. Ancaq buna baxmayaraq, sığorta şirkətlərinin təqdim etdiyi xidmət çeşidlərində ciddi dönüş müşayiət olunmur, müştərilərə xidmətin keyfiyyəti daha da aşağı düşür, yeni xidmət alətləri tətbiq olunmur. Bir çox hallarda vətəndaşlara dəymiş zərər zamanı (sığorta hadisəsi) sığorta haqqı ödənilmir.

Hazırda sığorta sektorunda ən çox müşahidə edilən nöqsanlar mənzil - daşınmaz əmlak bazarı və avtomobil sığortası ilə bağlıdır. Hər 2 sahə üzrə sığorta hadisəsi zamanı zərərin dəyərinin təyin edilməsi və sığorta hadisəsinin aktlaşdırılmasında ciddi nöqsanlar müşahidə edilir. Dünyada sığorta şirkətlərinin xərc paketində ən üstün yer tutan sahələrdən biri daşınmaz əmlakın sığortasıdır, ancaq ölkəmizin sığorta bazarında şirkətlər bu sahəyə çox az diqqət ayırır. Sığorta şirkətlərinin əmlakla bağlı sığorta ödənişləri yetrəli həcmlərdə deyil və bu, ona dəlalət edir ki, şirkətlər bu sahəni özləri üçün riskli hesab edir. Eləcə də, kasko sığortasında risklər yüksəkdir. Bütün bunlar xarakterik hallar kimi hər il davam edir və sığorta şirkətlərinin bu xidmətlər üzrə sığortadan imtinasının nəticəsidir ki, onlar yığımlarının təxminən 40 faizini qoruyub saxlayır.

Ekoloji sığorta sahəsi “axsayır”...

Sığorta şirkətləri ekoloji sığorta məhsullarına da az yer ayırır, iqlim sığortası paketi demək olar ki, tətbiq olunmur. Halbuki dünyada sığorta bazarının əhəmiyyətli hissəsi, təxminən 35 faizi ekoloji sığorta paketlərindən ibarətdir. Ələlxüsus da, son illərdə qlobal iqlim dəyişikliyinin yaratdığı təbii fəlakətlər qarşıya yeni sığorta məhsullarını çıxarır, qlobal sığorta holdinqləri bu sahənin inkişafını prioritet hesab edir. Bundan başqa, son illərdə iri sığorta qrupları iqlim dəyişikliyinə səbəb olan istixana qazlarının emissiyasının azaldılması istiqamətində beynəlxalq öhdəliklərə uyğun olaraq, yeni sığorta məhsullarını hazırlayaraq reallaşdıırır.

Bütün bunlar Azərbaycanın sığorta sektoru üçün də yeni çağırışlar deməkdir. “Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası” sənədi təsdiq edilib və strategiyanın əsas istiqamətlərindən biri “yaşıl maliyyə” alətlərinin, o cümlədən, “yaşıl sığorta”nın tətbiqinin genişləndirilməsidir. Bu baxımdan sığorta şirkətlərinin üzərinə böyük məsuliyyət və öhdəlik düşür. Son illərdə qlobal iqlim fəsadlarının kənd təsərrüfatı məhsullarının istehsalına təsirlərinin artdığını nəzərə alsaq, sığorta şirkətləri üçün bu sahə əsas prioritetlərdən biri olmalıdır.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью