Silah satışına qadağa GÖTÜRÜLDÜ

03.09.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Almaniya Qəzzada soyqırım törətməkdə ittiham olunan İsrailə tətbiq etdiyi qismən silah ixracı məhdudiyyətlərini aradan qaldırıb. 

Beləliklə, 2025-ci ilin ilk yarısında İsrailə təxminən 800 milyon avro dəyərində hərbi texnikanın tədarükünə icazə verib. 

"Cebheinfo.az" - ın “Der Spiegel” jurnalına istinadən məlumatına görə, Almaniya İqtisadiyyat və Energetika Nazirliyinin müxalif Sol Partiyanın (Die Linke) hökumətə ünvanladığı sual təklifinə verdiyi cavabda bu barədə bildirilib. 

Qeyd edilib ki, 24 noyabr 2025-ci ildə ixrac məhdudiyyətlərinin aradan qaldırılmasından sonra həmin ilin yanvar-iyun aylarında Almaniyanın müdafiə sənayesi istehsalçılarına İsrailə ümumilikdə 800 milyon avro dəyərində hərbi material tədarük etmək üçün lisenziya verilib. 

Bu ilin ilk altı ayında İsrailə verilən ümumi ixrac icazələrinin 2025-ci ildəki məbləği ötürməsi diqqət çəkib. Bu artımın əsas səbəbini müdafiə sənayesində həyata keçirilən irimiqyaslı layihələr təşkil edib. İlin ikinci rübündə təsdiqlənən 735,8 milyon avroluq məbləğin təxminən 67 faizinin dənizçilik sahəsindəki bir layihəyə aid olduğu bildirilib. 

Bu çərçivədə Almaniyanın “ThyssenKrupp Marine Systems” (TKMS) gəmiqayırma şirkəti tərəfindən inşa edilən və havadan asılı olmayan hərəkət sistemi ilə təchiz olunan “INS Drakon” adlı sualtı qayığın Kieldəki tərsanədən çıxaraq İsrailə doğru yola düşdüyü qeyd olunub. 

İxrac icazələrinin 21 faizinin Almaniya Silahlı Qüvvələrinin (Bundeswehr) strateji maraqları doğrultusunda Almaniya və İsrail şirkətləri arasında həyata keçirilən birgə layihələri əhatə etdiyi bildirilib. 

Qalan ixrac icazələri isə atıcı silahlar, sursat, partlayıcı maddələr və pilotsuz uçuş aparatları kimi hərbi materiallara aid olub. Baş nazir Fridrix Merz 8 avqust 2025-ci ildə İsrailin Qəzzadakı hücumları genişləndirmək qərarından sonra bölgədə istifadə oluna biləcək silahların ixracını dayandırmışdı. Lakin bu qərar təxminən 3,5 ay sonra – 24 noyabr 2025-ci ildə ləğv edilib. 

Jurnalın xəbərində İsrailə silah ixracının artmasında əvvəlki dövrdə tətbiq olunan müvəqqəti məhdudiyyətlərin aradan qaldırılmasının təsirli olduğu bildirilib. Almaniya hökumətinin İsrailə silah tədarükünü artıraraq davam etdirməsi ölkədə siyasi müzakirələrə də səbəb olub. 

Qərara sərt reaksiya verən Sol Partiyanın beynəlxalq münasibətlər üzrə sözçüsü Lea Reisner Berlin hökumətini “məhdudiyyətsiz ikili standart” tətbiq etməkdə ittiham edib. Reisner İsrailin ifrat sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin Qəzzadakı mülki əhalini hədəf alan açıqlamalarının Almaniya hökuməti tərəfindən pisləndiyini xatırladıb. 

O, bu qınaqlara baxmayaraq, arxa planda hərbi dəstəyin artırılmasını tənqid edib. Sol Partiya federal hökuməti İsrailə silah ixracını dərhal və tamamilə dayandırmağa çağırıb. Almaniyanın İsrailə silah və hərbi material satışı 2023-cü ildə 327 milyon avro, 2024-cü ildə 161,1 milyon avro, 2025-ci ildə isə 260 milyon avro təşkil edib. 

Ölkənin İsrailə silah və hərbi material satışı 2023-cü ildə əvvəlki illə müqayisədə 10 dəfə artıb. Almaniya hökuməti uzun müddətdir İsrailin “sadiq” dəstəkçisi mövqeyindədir. 

Alman siyasi liderləri bu dəstəyi ölkənin nasist keçmişi və Holokost səbəbindən İsrail qarşısında daşıdığı tarixi məsuliyyətə istinad edərək müdafiə edirlər. Almaniyada silah ixracına dair icazələr İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi, Xarici İşlər Nazirliyi və Federal İqtisadi İşlər və İxrac Nəzarəti İdarəsinin birgə qiymətləndirməsi əsasında verilir. 

Strateji və həssas vəziyyətlərdə isə yekun qərarı baş nazir və müvafiq nazirlərin daxil olduğu Federal Təhlükəsizlik Şurası qəbul edir. Berlin hökuməti üçüncü ölkələr vasitəsilə həyata keçirilən dolayı tədarüklərlə bağlı isə məlumat paylaşmır. 

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью