Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Savaşdan kövrək atəşkəs daha yaxşıdır
Müharibələr əksər hallarda gözlənildiyi kimi getmir, çox vaxt da gözlənilməz hadisələr baş verir. Hətta yaxşı planlaşdırılmış əməliyyat belə qəfil hadisələr, hərbi texnikanın sıradan çıxması, pis hava şəraiti üzündən, ya da sadəcə uğursuzluqlar nəticəsində pozula bilir. Lakin Prezident Donald Trampın fevralın 28-də İrana hücum qərarından sonra baş verən fəlakət gözlənilməz deyildi. Belə bir kampaniyanın təhlükələri yaxşı məlum idi və göz qabağında idi, çünki illərlə komanda-məntəqə təlimlərində və müharibə oyunlarında, hərbçilər on dəfələrlə bunu uduzmuşdular.
O səbəbdən də İrana qarşı bu müharibə ən pessimist proqnozlardan belə daha pis nəticələndi. Tramp administrasiyasının “səyahət” adlandırdığı hərbi əməliyyatların başlamasından üç ay sonra “Epik qəzəb” əməliyyatının “taktiki uğur, lakin strateji uğursuzluq” olduğuna dair ilkin qiymətləndirmə isə indi həddindən artıq səxavətli görünür. Axı Amerika nə taktiki, nə də strateji məqsədlərinə çata bildi. ABŞ hakim İran rejimini yeni, sözəbaxan liderlərlə əvəz edə bilmədi. İranın yüksək zənginləşdirilmiş uranını ələ keçirə və nüvə proqramını ləğv etməyə nail olmadı. Daha pisi isə, əksər məlumatlara görə, böyük raket və dron ehtiyatları da daxil olmaqla, Tehranın öz hərbi potensialının çox hissəsini saxlaya bilməsidir. Nəhayət, müharibə yeni, üzücü bir problem yaratdı: bir vaxtlar dünya neftinin və mayeləşdirilmiş təbii qazın 20 faizinin daşındığı Hörmüz boğazı, faktiki olaraq, indi də bağlı qalır.
Bütün bunlarla yanaşı, danışıqlar davam etsə belə, müharibə hələ də bitməyib. Çünki ara-sıra qarşılıqlı raket və hava zərbələri kövrək atəşkəsi müharibə zolağına daha da yaxınlaşdırır, nəinki sülhə. Dünən Prezident Donald Trampın Tehranı Oman sahillərində ABŞ hərbi helikopterini vurmaqda günahlandırmasından bir neçə saat sonra ABŞ ordusu İrana hava hücumlarına başlayıb.
Doğrudur, ABŞ Mərkəzi Komandanlığı “İranın hava hücumundan müdafiə sistemlərinə, yerüstü idarəetmə qurğularına və Hörmüz boğazı yaxınlığındakı müşahidə radarlarına dəqiq idarə olunan sursatlarla” qırıcı təyyarələrdən zərbə endirdiyini söyləsə də, əməliyyatın başa çatdığını bildirir. Onlar bunu “regional sulardan keçən ABŞ qüvvələrinə və beynəlxalq ticarət gəmilərinə son hücumlara mütənasib cavab” adlandırıblar.
Bu hadisələr aprelin əvvəlində qüvvəyə minən və Trampın həftələrdir elan etdiyi sülh razılaşmasını təhlükə altına alan atəşkəs müqaviləsinin nə qədər kövrək olduğunu aydın göstərir. Bununla belə, ABŞ rəsmilərinin təmkinli və ölçülü-biçili ifadələri Vaşinqtonun tammiqyaslı hərbi əməliyyatları yeniləmək əvəzinə, qarşıdurmanı cilovlamağa çalışdığını da bəlli edir.
İranın Birgə Hərbi Komandanlığı isə, öz növbəsində, bəyan edib ki, “bölgədəki bir neçə Amerika bazasına” zərbə endirib. Dövlət xəbər agentliyi “IRIB News” İslam İnqilabı Keşikçiləri Korpusuna istinadən bildirir ki, çərşənbə günü səhər saatlarında Bəhreyndə ABŞ-ın 5-ci Donanma qüvvələrinə dronlarla zərbə endirilib. “Fars” və İran dövlət televiziyası isə ölkənin İordaniya və Küveytdəki ABŞ hərbi hədəflərinə də hücum edildiyini açıqlayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi özünün X platformasındakı səhifəsində ölkəsinin “heç bir hücumu və ya təhdidi cavabsız qoymayacağını” qeyd edib. Centcom isə ABŞ ordusunun “ayıq qaldığını və əsassız İran təcavüzünə qarşı müdafiəyə hazır olduğunu” bildirib.
“ABC News”un müxbiri Conatan Karl hava zərbələrinin endirildiyi elan edildiyi zaman Trampla telefonla danışdığını və prezidentin bu zərbələrin İran hərbçilərinin vurduğu helikopterə cavab olaraq endirildiyini bildirib. Tramp deyib: “Mən hesab edirəm ki, çox güclü, çox qətiyyətlə cavab verməliyik və məhz buna ehtiyac var”.
İranın dövlətə məxsus “IRIB” agentliyi xəbər verib ki, Hörmüzqan əyalətinin Sirik şəhərində iki su anbarı zədələnib və bu bölgədə içməli su təchizatında fasilələrə səbəb olub.
Rəsmi mənbələr bildirirlər ki, ABŞ hava qüvvələrinə məxsus “Apaçı” helikopteri Hörmüz boğazı üzərində patrul xidməti zamanı vurulub və onun hər iki pilotu xilas edilib. İstintaq davam etdiyi üçün adının çəkilməsini istəməyən ABŞ rəsmilərindən biri bildirib ki, ilkin əlamətlərə görə, helikopter “Şahid” pilotsuz təyyarəsi ilə toqquşduqdan sonra qəzaya uğrayıb və indi Centcom qəzanın qəsdən olub-olmadığını qiymətləndirir.
İran helikopteri vurduğunu inkar etsə də, xarici işlər naziri Abbas Əraqçi “ərazimizə yaxın xarici qüvvələrin insan səhvi, qəzalar və ya çarpaz atəş səbəbindən daimi risk altında olduğunu” bildirib.
Gərginliyin artması fonunda neft qiymətləri yenidən yüksəlib. “Brent” markalı neftin qiyməti 1,3 faiz artaraq 1 barrel üçün 93 dollara çatıb. Lakin bazarlar nisbətən sabit qalıb, ABŞ fond indeksinin fyuçersləri 0,3 faiz azalıb.
Tramp dəfələrlə İsrail və İran arasında düşmənçiliklərin yenidən başlamasına və münaqişənin şiddətlənməsi ilə bağlı narahatlıqların artmasına baxmayaraq, son sülh razılaşmasının yaxın olduğunu bildirib. Hətta bazar ertəsi günü İran və İsrail hər iki tərəfin ballistik raket atışmasına səbəb olan düşmənçilikdən sonra Trampın təkidləri ilə zərbələri dayandırmaq barədə razılığa gəliblər.
Bütün bu hadisələrə baxmayaraq, ABŞ və İran arasında ciddi vasitəçilik səyləri davam edir, Pakistanın rəhbərlik etdiyi nümayəndələr hər iki tərəflə danışıqları davam etdirir və məlumatlı mənbələrə görə, bunların bu həftə də davam edəcəyi gözlənilir.
Doğrudur, Trampın diplomatik yanaşması danışıqlarda iştirak etməyən İsraili narahat edir və İranın “razılaşma”dan sonra da təhlükə yarada biləcəyindən ehtiyat edir. Bu səbəbdən İsrail Təhlükəsizlik Şurasının üzvü Orit Strok Qəzzadakı “HƏMAS” və Livandakı “Hizbullah” kimi qrupları nəzərdə tutaraq bildirir ki, “biz elə etməliyik İran bu qarşıdurmadan öz imkanlarını, eləcə də etimad göstərdiyi qüvvələrin imkanlarını əsla bərpa edə bilməyəcəyi şəkildə çıxsın”. İsrailin ordu radiosuna verdiyi müsahibədə o, Tehranın sanksiyaların yumşaldılmasına nail ola bilməyəcəyinə ümid etdiyini bildirib.
Baş nazir Benyamin Netanyahu İsrailin hələlik İrana hücum etməkdən çəkinəcəyini, lakin növbəti hücuma dərhal cavab verəcəyini bildirib. Eyni zamanda, İsrail Livandakı İranpərəst “Hizbullah”a təzyiq göstərməyə davam edəcəyini də açıqlayıb və Sur şəhərinin sakinlərini mümkün əməliyyatdan əvvəl təxliyə etmələri barədə xəbərdar edərək, zərbələrin davam edə biləcəyini bildirib.
İran da İsrailə qarşı hərbi əməliyyatların başa çatdığını elan edib. Lakin “Fars” xəbər agentliyinin məlumatına görə, mərkəzi komandanlıq xəbərdarlıq edib ki, əgər İsrail hücumlarını, o cümlədən Livanın cənubuna zərbələr endirməyi davam etdirərsə, “əvvəlkindən daha sərt və daha sarsıdıcı hərəkətlərlə” qarşılaşacaq.
Bu arada Küveytin Asiyadakı emal zavodlarına neft satmaq təklifi, müharibənin başlanğıcından bəri ilk dəfədir ki, Tehranın Hörmüz boğazından keçən nəqliyyatı bağlamaq təhdidlərinə baxmayaraq, Fars körfəzindən enerji və gəmiçilik axınlarının tədricən bərpa olunduğunun yeni bir əlaməti təsiri bağışlayır. Ticarət gəmiləri, bəzilərinin transponderlərini söndürmüş vəziyyətdə üzməyə davam etmələrinə baxmayaraq, tədricən su yoluna qayıdırlar.
Digər potensial eskalasiya cəbhəsi Yəməndə, İran tərəfindən dəstəklənən Husilərin “Qırmızı dənizdə İsrail düşməni üçün dəniz naviqasiyasına tam və qeyd-şərtsiz qadağa” təhdidi ola bilər. Bazar ertəsi günü onlar İsrailə raket zərbəsi endirəcəyini də elan ediblər.
Beləliklə, müharibənin nəticələri acınacaqlı olaraq qalmaqdadır. Digər tərəfdən, hərbi uğursuzluğun xərcləri sürətlə artmaqdadır, əlbəttə, təkcə pul baxımından deyil. Pentaqon Konqresə aprel atəşkəsinə qədər müharibənin ilk 40 gününün 29 milyard dollara başa gəldiyini bildirib, lakin bu, çox güman ki, elə də real qiymətləndirmə deyil. Müdafiə qurumu bu qiymətləndirməyə nəyin daxil edildiyi barədə çox ehtiyatla danışır. Ən azı, bu qiymətləndirmədə nə ABŞ hərbi infrastrukturuna dəyən böyük ziyan, nə də münaqişə zamanı məhv edilmiş Amerika hərbi təyyarələrinin və digər avadanlıqların dəyişdirilməsinin tam dəyəri nəzərə alınır. Hərbi ekspertlər yekun xərcin müdafiə qurumunun ilkin qiymətləndirməsindən iki dəfə çox olmasıni ehtimal edirlər.
Ən son qiymətləndirmələrə görə, münaqişə zamanı səkkiz ölkədəki ən azı 16 ABŞ hərbi obyektinə ciddi ziyan dəyib. Bu onu göstərir ki, bölgədəki ABŞ hərbi mövqelərinin əksəriyyəti ziyan görüb. Bir çox obyektlərdə zərər o qədər böyükdür ki, onlar hərbi əməliyyatlar üçün praktik olaraq istifadəyə yararsız hala düşmüşlər. Münaqişə yenidən başlasa, bu bazaların yenidən qurulması və regionda infrastrukturun gücləndirilməsinin dəyəri çox yüksək olar. Lakin, ümumi dəyəri qiymətləndirmək çətindir, çünki ABŞ hökuməti region haqqında ictimai peyk məlumatlarına çıxışı məhdudlaşdırmağa davam edir. İranın raketləri və dronları həmçinin Yaxın Şərqdəki onlarla ABŞ radarına, o cümlədən regional hava hücumundan müdafiə və erkən xəbərdarlıq sistemlərini dəstəkləyən qurğulara uğurlu hücumlar edib. Belə ki, “E-3 AWACS”, dörd F-15 və yeddi tanker də daxil olmaqla qırx iki hərbi təyyarə ya zədələnib, ya da məhv edilib. Bu texnikanın dəyişdirilməsi on milyardlarla əlavə xərc tələb edəcək.
Uzunmüddətli hərbi hazırlığın xərclərini ölçmək çətindir və əlbəttə ki, onlar Pentaqonun qiymətləndirməsində nəzərə alınmır. Lakin bütün hallarda onlar yenə də nəzərə alınmalıdır. Müharibə səbəbindən döyüş texnikasının istismarı və şəxsi heyətin yorğunluğu ilə yanaşı, təyyarələrin və hava hücumundan müdafiə vasitələrinin itirilməsi, eləcə də hava hücumundan müdafiə raketlərinin və dəfetmə qurğularının, tükənməsi ABŞ-ın gələcək hərbi əməliyyatlara hazırlığına ciddi təsir göstərəcək. Bəzi hesablamalara görə, ABŞ 1 min “Tomahawk” raketi, “Patriot” və “THAAD” ehtiyatlarının, təxminən, 50 faizini, həmçinin PrSM və JASSM raketləri kimi qabaqcıl uzunmənzilli silahlarının əhəmiyyətli bir hissəsini istifadə edib.
Ekspertlər bildirirlər ki, hazırkı müharibənin necə bitməsindən asılı olmayaraq, ABŞ-ın Yaxın Şərqdə başqa bir hərbi avantürasının xərcləri çox böyük olacaq və geosiyasi nəticələr qarşısıalınmaz olacaq. Növbəti nəsil Amerika liderləri sərt reallıqla üzləşəcəklər. Onilliklərdir qərarlarını siyasi liderlərin Amerikanın nə etməli olduğu barədə fikirlərinə əsaslandıran ABŞ, Vaşinqtonun nə edə biləcəyini yenidən nəzərdən keçirməyə məcbur olacaq. Bu dəyişiklik ABŞ, Vaşinqtonun təhlükəsizlik zəmanətlərinə güvənən Amerika müttəfiqləri və naviqasiya azadlığı kimi qlobal təhlükəsizlik faydaları təmin etmək üçün Birləşmiş Ştatlara güvənən beynəlxalq ictimaiyyət üçün ciddi nəticələrə səbəb olacaq.
Politoloqların bir çox belə qənaətdədir ki, Amerika imperiya layihəsinin əbədi yox olması üçün uzun vaxt lazım olacaq, lakin bugündən etibarən ABŞ xərclərinin və öhdəliklərinin azalması qaçılmazdır. İyirmi il sonra dünya bu ana dönüş nöqtəsi kimi baxacaq: Amerika imperiyasının sonunun başlanğıcı.
ABŞ-ın digər sahələrdəki uğursuzluqları da olduqca aşkardır. ABŞ Hörmüz boğazını hərbi güclə aça bilmədi. Amma bir çoxları iddia edir ki, ABŞ eskalasiyanın yüksək risklərinə və manevr xərclərinə razı olsaydı, bunu edə bilərdi. Ələyə bənzəyən Amerikanın cavab blokadası, Asiyada müharibə baş verəcəyi təqdirdə, ABŞ-ın Malakka boğazına girişi bağlaya biləcəyini və ya Çin limanlarına embarqo qoyacağını iddia edənləri narahat etməli idi. Nəhayət, ABŞ quru qüvvələri İranın pilotsuz uçuş aparatlarının təhdidlərinə qarşı çıxmaqda, əsl mənada, uğursuz olublar və özlərinin etibarlı PUA qüvvələri ilə buna qarşı çıxa bilmirlər. Ukraynadakı münaqişəni müşahidə edən Amerika hərbi komandirləri, artıq Avropada quru müharibəsində NATO müttəfiqlərini dəstəkləməyi əhatə edəcək əməliyyatlar da daxil olmaqla, gələcək əməliyyatlara hazırlıq məqsədilə manevr müharibəsinə yanaşmalarını kökündən dəyişdirməli olacaqlarını etiraf ediblər.
Əsas nəticə budur ki, ABŞ hərbi gücü, sadəcə olaraq əvvəlki kimi uzağı əhatə edə bilmir və ya əvvəlki möhtəşəmliyə malik deyil. İran müharibəsinin dərsləri də o qədər ciddi deyil. Onlar ABŞ hərbi mövqeyinin hazırkı dayanıqsızlığının sistemli və strateji olduğunu açıb göstərirlər. Bu, sadəcə, vəsait və ya anbarlarda yerin olmaması məsələsi deyil. 1,5 trilyon dollarlıq müdafiə büdcəsi və hərbi-sənaye bazasına qoyulan investisiyalar bu problemləri həll edə bilməz. Görünür, ABŞ beynəlxalq öhdəliklərini yenidən nəzərdən keçirməyə və onları əhəmiyyətli dərəcədə azaltmağa məcbur olacaq.
Amma məqam hələ o məqam deyil. Çünki bu gün ABŞ-da xarici siyasət müzakirələri bilavasitə İranla müharibənin nəticələri ilə bağlıdır. Münaqişənin səbəblərini həll edən köklü bir razılaşma hələ imzalanmayıb, siyasətçilər artıq bundan sonra nələrin baş verəcəyini müzakirə etməlidirlər. Müharibə ABŞ hərbi gücünün kövrəkliyini və Amerikanın müasir dövrdə nələrə nail ola biləcəyinin açıq məhdudiyyətlərini üzə çıxardı.
“The American Conservative” nəşri yazır ki, “ABŞ xarici siyasətinin müharibədən sonra normal vəziyyətə qayıdacağı uydurmasını davam etdirmək əvəzinə, siyasətçilər reallığı qəbul etməlidirlər: ABŞ hərbi dominantlığı və Amerika imperiyası dövrü başa çatıb”. Əlbəttə, bu, ABŞ üçün daha az rahat gələcəyə gətirib çıxaracaq, lakin bu ölkədə dəyişikliklər dövrü çoxdan çatıb və onun problemləri tamamilə həll ediləsi problemlərdir. Əgər bu indi həyata keçirilərsə, Amerika xərclərinin və öhdəliklərinin azaldılması ABŞ-ı və dünyanı daha yaxşı və zəngin edəcək.
Hazırladı:
İlqar RÜSTƏMOV
XQ