SİMA dan açıqlama: Kreditlərin rəsmiləşdirilməsi yalnız istifadəçinin razılığı əsasında həyata keçirilir

10.03.2025

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“SİMA” proqramı həyatımızı çox asanlaşdırıb. Məsələn; evdə oturaraq, idarə və ya təşkilatlara getməyərək, bir çox prosesləri öz simamızla təsdiq edərək, görüləcək işlərimizə sərf etdiyimiz vaxtı azaltmış oluruq. Günümüz tıxacda və yaxud banklarda növbə gözləməklə keçmir. Bəli, “SİMA” savadlı, həyata keçirmək istədiyi prosesə cavabdeh olan insanların proqramıdır. Bəs hamımız eləyikmi? Təəssüf ki, belə deyil. Ötən günlərdə də bu mövzuya toxunmuşduq. Qeyd etmişdik ki, bəzi dələduzlar insanları aldatmaq üçün də bu proqramdan istifadə edə bilir.

“SİMA” proqramı ilə bağlı "AzInTelecom" MMC-dən Bizimyol.info xəbər portalına məlumat verilib ki, AzInTelecom tərəfindən yaradılmış “SİMA” yeni nəsil rəqəmsal imza yüksək təhlükəsizlik standartlarına uyğun şəkildə hazırlanıb. Belə ki, “SİMA” İmza mobil tətbiqində istifadə olunan biometriya texnologiyası və canlılıq testi sayəsində bir şəxsin başqa şəxsin adından qeydiyyatdan keçməsinin qarşısı alınır: “Maliyyə qurumlarında “SİMA” İmza tətbiqi vasitəsilə kreditlərin rəsmiləşdirilməsi yalnız istifadəçinin razılığı əsasında həyata keçirilir. Media və sosial şəbəkə istifadəçilərini təsdiqlənməmiş xəbərlərə inanmamağa, yalnız rəsmi mənbələrə istinad etməyə çağırırıq. Vətəndaşlar hər hansı şübhəli halla qarşılaşarsa, AzInTelecom-un 157 Zəng Mərkəzi ilə əlaqə yaratmalarını xahiş edirik”.

P.S. Qeyd edək ki, aldana bilmək ya da nəfsinə məğlub olub, aldanmaq insanın öz əlindədir. Heç kim sizi “SİMA” proqramına daxil olmağa məcbur edə bilməz, heç kim təkidi, xahişi və s. ilə bu proqrama daxil olmayın. “SİMA” proqramından öz iradənizlə, ehtiyacınız olan prosesləri həyata keçirmək üçün istifadə edin. Kiminsə, “tez “SİMA” proqramını aç, qeydiyyatdan keç”, “tez “SİMA” proqramını aç hesabına kredit vəsaiti gələcək” vədlərinə inanmayın. Əks halda itirən siz olacaqsınız...

“SİMA” aldanmaq istəməyənlərin, həyatını rahatlaşdırmaq istəyənlərin proqramıdır və sözün əsl mənasında, “SİMA” ilə atılan yanlış bir addım sizə mənfi təsir də edə bilər. “SİMA”nızla diqqətli davranın!...

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью