Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dövlət dəstəyi bu sahədə çalışanların marağını artırıb
Son vaxtlar Quba rayonunun kəndlərində arıçılıqla məşğul olanların, faydalı məhsulun istehsalını artırıb ruzi qazananların sayı çoxalır. Rayonun ən böyük yaşayış məntəqələrindən olan Birinci Nügədi kəndində hazırda hər 4 və ya 5 ailədən birinin həyətyanı sahəsində cərgəyə düzülmüş arı pətəklərinə rast gəlinir. Həyətində arısı olanların süfrəsi də bal tək şirin, ruzili olur.
Bu sahəyə marağın artması nədən qaynaqlanır? Birinci Nügədi kəndində hazırda arı pətəkləri təkcə həyətyanı sahələrdə qurulmur. Təxminən 50 və daha çox arı pətəyinin sahibləri onları əsasən özlərinin pay torpaq sahələrində saxlayıb bəsləyirlər. Orada bağlar və çəmənliklərin sahələri daha genişdir, təbii ki, o yerlərdə arıların gül-çiçəklərdən daha çox bal toplamaq imkanları mövcuddur.
Quba rayonunda Birinci Nügədi kəndi ata-babadan meyvəçilik ilə məşğul olanların məkanı hesab olunur. Yaxşı cəhət həm də budur ki, burada ailələr bal məhsullarının istehsalında da, yaxşı mənada, fərqlənməyə başlayıblar. Belə ki, bura yaxın-uzaq kəndlərdən təmiz bal almaq üçün gələnlərin sayı artır.
Kənddə bacarıqlı arıçılardan söz düşəndə, ilk olaraq, 62 yaşlı Tahir Tahirovun adını çəkirlər. Onun evi Bəhyə dağlarının ətəklərindən axan, ətrafdakı kəndlərin torpaq sahələrini əkin suyu ilə təmin edən bol sulu Qaraçayın sağ sahilində yerləşir. Çayın sol sahilindəki dağ yamacları isə geniş meşələrlə örtülüb. Tahir kişi Bakıdan kəndə təşrif buyuran jurnalistə həmin meşələri göstərib fəxrlə dedi ki, “sizcə bu gözəl yerlərdən toplanan məhsula rəqib tapıla bilərmi? Əsla, yox! Bizim bal ekoloji cəhətdən də ən təmiz baldır, çox şəfalıdır!”
Bir neçə dəqiqədən sonra Tahir kişinin təkidilə çay süfrəsi arxasında baldan dadıb onun haqlı olduğunu dilə gətirəndə ev sahibinin rəyimdən çox məmnun qaldığını hiss etdim. Tahir Tahirov ixtisasca əmtəəşünasdır, 1990-cı illərin əvvəllərində kənd sakinlərinin bir çoxu kimi, ailəsinə ruzi qazanmaq üçün Rusiyaya gedərək bir müddət uzaq Sibirdə yaşayıb. Amma yaşa dolduqca, doğma ata yurduna qayıtmağın vacib olduğunu başa düşüb və kəndə birdəfəlik dönəndən sonra arıçılığa başlayıb.
O deyir ki, həyatda heç bir iş asan başa gəlmir. Yaxşı arıçı olmaq üçün o, zəhmət çəkib, bu sahədə xeyli bilgi əldə edib, təcrübəli arıçıların tövsiyələrinə əməl edib. Dedi ki, “arılar çox həssas canlılardır. Onların öz aləmi, öz qanunları var, işlərinə qarışmaq olmaz. Hər gün diqqət və qayğı göstərməsən, küsüb gedə bilərlər”.
Tahir kişiyə arıçılıqda həyat yoldaşı Təranə xanım da çox kömək edir. Övladları böyüyüblər, ev-eşik sahibidirlər, hazırda paytaxtda müxtəlif vəzifələrdə işləyirlər. Tez-tez valideynlərini ziyarət etmək üçün yollarını kəndə salırlar. Şəhərə qayıdanda qayğıkeş baba və nənə nəvələri üçün mütləq bal sovqatı göndərirlər.
Tahir, əlbəttə, balın çox hissəsini isə elə kəndin özündə satır. Belə ki, Qubanın Birinci və İkinci Nügədi kəndləri son illər turistlərin sevərək təşrif buyurduğu məkanlardır. Onların bir çoxu Tahir kişinin balını çox bəyənir.
Kənddəki səriştəli arıçılardan biri də təqaüdçü Mirzə İsayevdir. O, bizimlə bu mövzuda söhbət zamanı dedi ki, kənd sakinlərinin arı ailələri bəsləməkdə əsas məqsədləri əlavə maddi gəlir əldə etməkdir. Bunu, əlbəttə, yalnız alqışlamaq olar. Üstəlik, dövlət də bu sahədə çalışanlara subsidiya verərək onların əməyini stimullaşdırır.
Birinci Nügədi kəndində görüşüb söhbət etdiyimiz arıçıların çoxu Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) mütəxəssislərindən razılıq etdilər. Dedilər ki, DAİM-in mütəxəssisləri hər zaman əlçatandırlar, arıçılara dəyərli məsləhətlər verir, lazım gələndə onları zəruri dərman preparatları ilə təmin edirlər.
Tanınmış arıçı Nurəddin Saruxanov isə Quba rayonu ilə qonşu olan Qusardandır. Onun böyük arı təsərrüfatı əsasən Şahdağın ətəyindəki dağ kəndlərində yerləşir. Nurəddin gənc, enerjili, motivasiyalı arıçıdır. O, arıçılığın sirlərini atası Saleh kişidən öyrənib. Bir neçə il əvvəl ata-oğul əl-ələ verərək uğurlu iri arıçılıq təsərrüfatı yaradıblar. Təsərrüfatı böyüdüb genişləndirmək üçün çox çalışıblar, insafən, zəhmətləri hədər getməyib. Bu gün Nurəddin Saruxanov təkcə Qusar rayonunda deyil, artıq respublikamızda ən uğurlu arıçı fermerlərdən sayılır.
Nurəddini bu sahədə çalışan digər fermerlərdən fərqləndirən əsas cəhət heç də onun kifayət qədər böyük arıçılıq təsərrüfatına sahib olması deyil. O, arıçılığın elmi əsaslarını öyrənərək başçılıq etdiyi təsərrüfatda uğurla tətbiq edir. Çox səriştəli seleksionerdir. Nurəddin dedi ki, o, ata-babalarımızın ənənəvi olaraq becərdikləri yerli şəraitə uyğunlaşdırılmış, xəstəliyə dözümlü arı sortlarını, xüsusilə, “Boz Qafqaz arı”larının itib-batmaması üçün əlindən gələni edir.
Təəssüf ki, ənənəvi arı növləri üçün belə bir təhlükə var. Belə ki, yerli arı növləri tələf olduğundan ölkəmizə bir çox xarici ölkələrdən çeşidli arı növləri gətirilib ki, onlar həm məhsuldarlığına, həm də keyfiyyətinə görə yerli arıların yerini verə bilmir.
Nurəddin bir müddət əvvəl Türkiyənin Muğla bölgəsinin Marmaris şəhərində keçirilən arıçıların beynəlxalq konqresində iştirak edib. Məlumdur ki, qardaş ölkə arıçılıq sahəsində böyük uğurlar qazanmış ölkədir. Təkcə onu demək kifayətdir ki, bal və bal məhsullarının istehsalı və satışına görə qardaş ölkə Çindən sonra dünyada ikinci yeri tutur.
Arıçı Saruxanovlar ailəsi dövlətimizin arıçılığın inkişafı üçün yaratdığı şəraitdən çox razıdır. Yeri gəlmişkən, dövlətimizin başçısının 2022-ci il oktyabrın 3-də imzaladığı Sərəncamla Nurəddin Saruxanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub. Qusarlı arıçı cənab Prezidentin onun əməyinə verdiyi yüksək dəyərə görə özünü çox xoşbəxt hesab etdiyini söylədi.
Qusar şəhərində bu ailəyə mənsub olan “Arıçı” mağazası fəaliyyət göstərir. Burada həm bal, həm də arıçılıq avadanlıqları satılır. Bu avadanlıqların çoxunu isə atası Saleh kişi öz əlləri lə hazırlayır.
Qusar DAİM-in direktoru Rauf Minhacov bildirdi ki, Qusarda arıçılığın inkişaf etdirilməsi həm kənd əhalisinin məşğulluğunun artırılmasına, həm də yerli kənd təsərrüfatı məhsullarının çeşidinin genişləndirilməsinə kömək edir. Direktor həmçinin vurğuladı ki. sahənin daha da inkişaf etdirilməsi üçün arıçılara peşəkar təlimlərin keçirilməsi, məhsuldar arı cinslərinin artırılması və balın laboratoriya şəraitində keyfiyyətinin yoxlanılması mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, arıçılıqla məşğul olan fermerlərin kooperativlərdə birləşməsi və məhsulların vahid brend altında satışının təşkili də faydalı ola bilər.
Nəticə etibarilə deyə bilərik ki, Quba və Qusarın təbii imkanlarından səmərəli istifadə etməklə, şimal bölgəsində arıçılığı inkişaf etdirmək, bal istehsalını artırmaq və bu sahəni rayonun kənd təsərrüfatının gəlirli istiqamətlərindən birinə çevirmək üçün hər cür imkan var.
Məsaim ABDULLAYEV
XQ