“Şimal Cənub” və “Şərq Qərb”: Azərbaycanın nadir qovşaq üstünlüyü

06.10.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bəs Rusiya Prezidenti Vladimir Putin hansı məqamı vurğulamışdı?

Rusiya Prezidenti Vladimir Putinin ötən həftə Valday Beynəlxalq Diskussiya Klubunun XXIII plenar sessiyasında “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması ilə bağlı mühüm mesaj səsləndirdi. Əlbəttə, bizim üçün maraqlı məqam onun marşrutla bağlı Azərbaycanın mövqeyini ifadə edən fikridir. Fikir isə belədir: “Biz Prezident İlham Əliyevlə əlaqədəyik. Heç bir problem yoxdur. Azərbaycan bu layihənin həyata keçirilməsinə razıdır və onu perspektivli hesab edir”.

Rusiya lideri açıqlamasında, eyni zamanda, Moskvanın layihənin maliyyələşdirilməsində iştiraka, zəruri kredit resurslarını ayırmağa hazır olduğunu vurğulayıb. Putinin sözlərinə görə, hazırda əsas məsələlərdən biri İran tərəfinin öz üzərinə düşən işi yerinə yetirməsidir. O, xüsusilə marşrutun keçəcəyi torpaqların alınmasını qeyd edib. Kreml rəhbərinin “torpaqların alınması” ritorikasının konkret nəyi nəzərdə tutduğu məchul qalsa da, onun Azərbaycanın layihədə iştirakını artıq mübahisəli məsələ deyil, razılaşdırılmış istiqamət kimi təqdim etməsi müəyyən müzakirələr doğurub.

Durumu müxtəlif cür qiymətləndirənlər var. Bəziləri bildirir ki, Azərbaycan Rusiya ilə yaxınlaşma kursu götürür və münasibətlərdəki soyuqluq, əslində, görüntüdür. Bəziləri isə Bakının Qərbə etimadının azalması xüsusunu qabardır. Əslində isə tərəflərin yanaşmalarında böyük qüsur var. Qüsur isə ilk növbədə onların yetərincə məlumatlı olmamalarındadır.

Əlbəttə, Rusiya Azərbaycan üzərindən keçən Qərb marşrutunu “Şimal–Cənub” dəhlizinin mühüm komponenti kimi nəzərdən keçirə bilər. Yəni Moskvanın öz maraqları prizmasından yanaşması mümkün və təbiidir. Tələsik nəticə çıxaranların səhvi isə ondadır ki, onlar məsələnin ölkəmiz üçün strateji anlamını nəzərə almır. Yazımızda bu anlam barədə söz açacağıq. Sonda isə Rusiyanın Prezident Putinin dilindən ifadə olunan mövqeyinin nə ilə əlaqəli olduğunu diqqətə çatdırıb nəticəyə gələcəyik.

***

Deməli, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Saziş” Rusiya, İran və Hindistan arasında imzalanıb və 2002-ci il mayın 21-dən qüvvəyə minib. Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Söhbət Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək dəhlizdən gedir. Mövcud trayektoriyada ölkəmizin həm Rusiya, həm də İranla quru sərhədinə malik olması üçtərəfli regional əməkdaşlığın inkişafına əhəmiyyətli təsir göstərir. Yəni Azərbaycanın hər iki transkontinental dəhlizin kəsişməsində, Avrasiya coğrafiyasının mərkəzində mühüm nəqliyyat-logistika qovşağına çevrilmə potensialı var. Ayrıca onu da deyək ki, hazırda rəsmi Bakı “Şimal−Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb qolunun inkişaf etdirilməsində fəal rol oynayır.

Ümumən, sözügedən dəhlizin inkişaf etdirilməsi məqsədilə 2022-ci il sentyabrında Bakıda üçtərəfli görüş keçirilmiş və yekunda Bakı Bəyannaməsi imzalanmışdır. Sənədə əsasən tərəflər (Azərbaycan, Rusiya və İran) Şimal-Cənub dəhlizi üzrə yükdaşımaların 15 milyon tona çatdırılması üçün müvafiq tədbirlər görəcəklər. Onu da bildirək ki, 2023-cü il mayında Kazan Forumu çərçivəsində dəhlizin çatışmayan seqmenti olan Rəşt−Astara dəmir yolu xəttinin tikintisinin Rusiya tərəfindən maliyyələşdirilməsi ilə bağlı Rusiya və İran arasında kredit sazişi imzalanıb.

Qeyd edək ki, Azərbaycanın səyləri ilə Avrasiya materikinin şimal və cənub hissələri arasında mühüm rolu olan nəqliyyat-logistika dəhlizinin ölkəmizin ərazisindən keçən hissəsində infrastruktur əhəmiyyətli dərəcədə müasirləşdirilib. Bu baxımdan, ilk növbədə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti artırılmasını vurğulamaq lazımdır. Bundan başqa, Ələt−Astara avtomobil yolunun yenidən qurulduğuna, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun istismara verilməsinə, Rusiya ilə sərhəddə yerləşən “Xanoba” gömrük postunun buraxılış qabiliyyəti artırılmasına, İran ilə Azərbaycan arasında yeni dəmir yolu körpüsünün, Astaraçay üzərində avtomobil körpüsü və modul tipli sərhəd-buraxılış məntəqəsi inşasına diqqət yetirmək lazımdır.

Həmçinin 2024-cü ilin dekabrında Azərbaycan ilə Rusiya arasında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə tranzit yükdaşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş imzalanıb. Sazişin məqsədi nəqliyyat əlaqələrinin səmərəliliyini yüksəltmək, nəqliyyat dəhlizinin potensialını artırmaq, daşınan yüklərin həcmini ildə 15 milyon tona çatdırmaqdır. 2025-ci ilin noyabrında isə “Şimal–Cənub” marşrutunun qərb istiqamətinin effektivliyinin artırılması məqsədilə Azərbaycan, İran və Rusiya arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb.

Vacib məqamlardan biri budur ki, gələcəkdə Zəngəzur dəhlizinin açılması “Şimal−Cənub” dəhlizinin yeni qolunu yaratmaqla, nəqliyyat dəhlizlərinin inteqrasiyasını nəzərdə tutur. Ümumən, gerçəkləşdirilmiş fəaliyyətin ölkəmizin ərazisindən keçən hər iki nəqliyyat dəhlizinin birləşdirilməsinə imkan yaradacağı nəzərdə tutulur. Bundan faydalanan isə Gürcüstan, Türkiyə, Avropa ölkələri, Çin, Qazaxıstan və digər Orta Asiya respublikaları olacaq.

Bəli, Bakının sadaladığımız fəaliyyəti reallaşdırılması Prezident İlham Əliyevin Azərbaycanı qlobal təchizat zəncirinin əsas iştirakçılarından birinə çevirmək istiqamətindəki strateji vizyonunu nümayiş etdirir. Bu vizyon ölkəmizin Şərqlə Qərb arasında etibarlı və strateji mərkəz kimi mövqeyini möhkəmləndirməyə hesablanıb. Belə yanaşma, eyni zamanda, Azərbaycanın qlobal təchizat zəncirinə daha səmərəli inteqrasiyasını təmin etməklə, onun 200 milyon istehlakçıdan ibarət bazarlara çıxış imkanını yaradır.

***

Göründüyü kimi, Azərbaycan dövləti regionla bağlı proseslərə özünün strateji yanaşma bucağından baxır. Belə yanaşma ölkəmiz üçün son dərəcə faydalıdır. O ki qaldı Putinin əvvəldə diqqətə çatdırdığımız mövqeyinə, Rusiya lideri də Bakının strateji kursundan qaynaqlanmış məqamdan söz açır. Hərçənd onun dilə gətirdikləri xüsusunda bir “əmma” var.

Bildirdiyimiz kimi, Azərbaycan Şimal-Cənub marşrutu ilə yanaşı, Şərq-Qərb marşrutuna da önəm verir. Başqa sözlə desək, ölkəmizin qovşaq ampluasını vurğulayan sözügedən marşrutların hər ikisinin işlək vəziyyətə gəlməsidir. Söhbət Şərq-Qərb marşturundan gedirsə, burada gözlər önündə haqqında söz açdığımız Zəngəzur dəhlizi, konkret olaraq, Naxçıvana maneəsiz yol canlanır. O yol ki, özündə TRIPP məntiqini birləşdirir və bu məntiq Azərbaycan və Ermənistan liderlərinin 2025-ci ilin avqustunda Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə imzaladıqları Birgə Bəyannamədə əksini tapır.

Əlbəttə, Rusiyanın istəkləri ilə bağlı başqa nüanslar da var, amma sırf Putinin açıqlaması ilə əlaqədar ilk vacib məqam Rusiyanın sözügedən məntiqi nə dərəcə qəbul etməsidir. Yəni yalnız Şimal-Cənub marşrutuna fokuslanlanmaq və Bakının buna müsbət münasibəti xüsusundakı məqamları ölkəmizin razılığının əlaməti olaraq qabartmaqda müəyyən, yumşaq desək, tələskənlik duyulur. Məhz bu tələskənlikdə regional inteqrasiyaya kompleks yanaşmadan uzaqlaşma motivi duyulmaqdadır. Halbuki Azərbaycanın mövqeyi özündə kompleks və fundamental yanaşmaya əsaslanır. O yanaşmaya ki, Cənubi Qafqazı ziddiyyətlərdən uzaq sırf iqtisadi əməkdaşlıq məkanı kimi vurğulayır. O yanaşma ki, regionda davamlı sülh və inkişaf üçün uzunmüddətli təminatdır.

Əvəz RÜSTƏMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью