Icma.az bildirir, sport24.az portalına istinadən.
"Son turda rəqibimiz "Zaqatala" bizim üçün münasib rəqib idi. Oyuna yaxşı hazırlaşmışdıq və futbolçularımızın motivasiyası yüksək idi".
Bu sözləri Sport24.az-a "Şimal"ın məşqçisi Tural Cəlilov deyib.
Gənc mütəxəssis komandasının I Liqanın 8-ci turunda "Zaqatala"ya qalib gəldiyi oyunu şərh edib:
"Zaqatala"nın heyətində top saxlamağı bacaran perspektivli futbolçular var. Onların da öz oyun planı var idi. Buna baxmayaraq, meydanda üstünlüyü ələ almağı və yaratdığımız qol imkanlarından maksimum yararlanmağı bacardıq. 4:1 hesablı qələbə komandamızın oyununa verilən yaxşı qiymətdir. Belə nəticələr futbolçuların özünəinamını da artırır. Məni ən çox sevindirən məqam komandamızın hər tur daha yaxşı təsir bağışlamasıdır. Futbolçular məşqlərdə verilən tapşırıqları meydanda yerinə yetirməyə çalışırlar. Əlbəttə, ideal komanda yoxdur, hər oyundan sonra təhlil etməli olduğumuz məqamlar tapılır. Qələbə qazansaq da, səhvlərimiz üzərində işləməliyik. Çünki qarşıda bizi daha ciddi sınaqlar gözləyir. Turnir cədvəlində mövqeyimiz yaxşıdır. Turdan-tura irəli gedirik. Əsas odur ki, bu uğurlu nəticələri davamlı edə bilək. Çempionat uzun marafondur və burada sabitlik çox vacibdir. Heç bir oyuna arxayın yanaşmamalıyıq. Hədəfimiz mövsümün sonuna qədər iddiamızı qorumaq və daha yaxşı nəticə göstərməkdir".
Qeyd edək ki, "Şimal" - "Zaqatala" matçı meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.