Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şimali Kipr Türk Cümhuriyyətində (qısaca olaraq Şimali Kipr - ŞKTC) əcnəbilərin ölkəyə girişi və viza prosedurlarında yeni qaydalar qüvvəyə minib.
“Cebheinfo.az” xəbər verir ki, ŞKTC Nazirlər Kabineti Elektron Viza (E-Viza) Nizamnaməsini təsdiqləyib.
İlk mərhələdə Nigeriya, Ermənistan və Suriya vətəndaşları e-viza sisteminə daxil ediləcək.
Yeni qaydalara əsasən, viza müraciətləri elektron qaydada qəbul olunacaq, ölkəyə girişdən əvvəl isə təhlükəsizlik və uyğunluq yoxlamaları aparıla biləcək.
E-viza sistemi aidiyyəti dövlət qurumlarının avtomatlaşdırılmış informasiya sistemləri ilə inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərəcək.
Gələcəkdə sistemə daxil ediləcək digər ölkələrin siyahısını Nazirlər Kabineti müəyyənləşdirəcək.
E-viza müraciətlərinə əsasən, 30 gün ərzində baxılması nəzərdə tutulur. Zəruri inzibati hallarda bu müddət maksimum 60 günə qədər uzadıla bilər.
Texniki nasazlıq yaranacağı təqdirdə isə sərhəd-keçid məntəqələrində müvəqqəti olaraq giriş vizası veriləcək.
Turistlər və tələbələr üçün yeni qaydalar
İşləmək və ya yaşayış icazəsi almaq məqsədilə ŞKTC-yə gələn əcnəbilərə birdəfəlik giriş hüququ verən e-viza təqdim ediləcək.
Turistlər isə müraciətlərində göstərilən məqsədə uyğun olaraq birdəfəlik və ya çoxdəfəlik e-viza ala biləcəklər.
Bununla yanaşı, e-vizanın mövcudluğu ölkəyə mütləq giriş hüququ verməyəcək. Sərhəd xidməti əməkdaşları ictimai təhlükəsizlik baxımından zəruri hesab etdikdə əcnəbi ilə müsahibə apara və qüvvədə olan e-vizaya baxmayaraq onun ölkəyə girişinə icazə verməyə bilərlər.
Saxta sənəd, həqiqətəuyğun olmayan məlumat, vizanın təyinatından kənar istifadəsi, saxta pasportdan istifadə və ya şəxsin cinayət törədə biləcəyi ilə bağlı əsaslı şübhə vizanın ləğvi üçün əsas sayılacaq.
Vizası ləğv edilən şəxsdən, əks göstəriş olmadığı halda, həmin gün ölkəni tərk etməsi tələb olunacaq.
Həmçinin yaşayış icazələri ilə bağlı qaydalara edilən dəyişikliklərə əsasən, ön lisans (universitet və ya kolleclərdə verilən iki illik ali təhsil dərəcəsidir), bakalavr, magistratura və doktorantura pillələrində təhsil alan xarici tələbələrə hər dəfə maksimum bir il müddətinə tələbə yaşayış icazəsi veriləcək.
Universitetlər isə əcnəbi tələbələrin təhsil statusunu hər üç aydan bir “GöçSis” sisteminə təqdim etməli olacaq. Təhsili davam etməyən tələbələrin yaşayış icazələri ləğv edilə bilər.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin