Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Şimali Kiprdə keçirilən prezident seçkilərinin nəticələri bölgə siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Tufan Erhürmanın qələbəsi cəmiyyətin bir hissəsinin daha çox dialoqa, beynəlxalq təcriddən çıxışa və BMT çərçivəsində danışıqların yenidən bərpasına üstünlük verdiyini göstərdi".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu Şimali Kipr Türk Cümhuriyyətində keçirilən prezident seçkilərinin nəticəsini şərh edərkən deyib.
Ekspert qeyd edib ki, bu nəticə, əvvəlki prezident Ersin Tatarın müdafiə etdiyi "iki dövlətli həll" mövqeyindən fərqli olaraq, daha praqmatik və qarşılıqlı anlaşmaya əsaslanan siyasətə keçidin mümkünlüyünə işarədir: "Erhürmanın "ikili hakimiyyət" yanaşması, yəni həm Türkiyə ilə strateji ittifaqı qorumaq, həm də Şimali Kiprin daxili qərarvermə proseslərində daha çox müstəqillik nümayiş etdirmək istəyi, adanın gələcək siyasi xəritəsində yeni balans yaratmağa yönəlib.
Bu siyasət daxili sabitliyi möhkəmləndirə, xarici siyasətdə isə müəyyən manevr imkanları aça bilər.
Lakin eyni zamanda, Türkiyənin bölgədəki əsas maraqları və təsir mexanizmləri fonunda bu balansı qorumaq asan olmayacaq".
Vüqar Zifəroğlu bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Tufan Erhürmanı təbrik etməsi, Ankara-Lefkoşa münasibətlərinin konstruktiv şəkildə davam etdiriləcəyinin siqnalıdır: "Lakin bundan sonrakı mərhələdə münasibətlərin tonunda müəyyən dəyişikliklər mümkündür.