Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizimyol.info blokçeyn üzrə araşdırmalar aparan "Chainalysis" şirkətinin hesabatına əsasən, Şimali Koreya ötən il oğurladığı 1,3 milyard dollarlıq kriptovalyuta məbləğini də geridə qoyub. Bununla da indiyədək oğurlanan kriptovalyutaların ümumi həcmi təxminən 6,75 milyard dollara çatıb.
Bu il baş verən oğurluqların böyük hissəsi Dubayda yerləşən "Bybit" kriptovalyuta birjasına edilən hücumla həyata keçirilib. ABŞ rəsmilərinin məlumatına görə, fevral ayında Şimali Koreyaya bağlı haker qrupu əsasən "efirium" olmaqla təxminən 1,5 milyard dollar oğurlayıb.
Birləşmiş Millətlər Təşkilatı və müstəqil ekspertlər bildirirlər ki, Şimali Koreya bu cür oğurluqlarla nüvə və raket proqramlarını maliyyələşdirir. Analitiklərə görə, ölkənin beynəlxalq aləmdə təcrid olunması bu hücumların qarşısını almağı çox çətinləşdirir.
Hesabatda qeyd olunur ki, bəzi Şimali Koreyalı hakerlər saxta kimliklərdən istifadə edərək xarici şirkətlərdə uzaqdan işləmək üçün işə düzəlirlər. Daha sonra onlar şirkət sistemlərinə daxil olaraq kriptovalyuta açarlarını ələ keçirir və pulların köçürülməsinə kömək edirlər.
Kriptovalyutaların ənənəvi pullara nisbətən daha asan gizlədilə və köçürülə bilməsi bu sahəni Şimali Koreya üçün cəlbedici edir. Eyni zamanda, kriptovalyuta birjalarında böyük məbləğdə vəsaitin saxlanılması və köçürmələrin geri qaytarılmasının mümkün olmaması bu platformaları haker hücumlarına qarşı daha həssas edir.
Mütəxəssislər bildirirlər ki, Şimali Koreya artıq çox sərt sanksiyalar altında olduğu üçün onu bu cür fəaliyyətlərdən çəkindirmək demək olar ki, mümkün deyil.
Qadir, Bizimyol.info