Şimali Koreya hərbi dəstək müqabilində Rusiyadan düyü alacaq

04.11.2024

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cənubi Koreya kəşfiyyatı və hərbi rəsmilərinin bildirdiyinə görə, Şimali Koreya Rusiyanın Ukraynaya qarşı hərbi kampaniyasını dəstəkləmək üçün minlərlə hərbçi göndərib. Rusiyanın Şimali Koreyaya hərbi dəstək qarşılığında ildə 600-700 min ton düyü verəcəyi iddia edilirdi.

Bizimyol.info xəbər verir ki, Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NIS) bu əməkdaşlığın uzunmüddətli faydasının Şimali Koreya üçün məhdud olacağına dair təhlil dərc etsə də, bəzi ekspertlər Pxenyanın bu addımının Koreya yarımadasında mümkün gərginlikdə Moskvanı öz tərəfinə çəkmək strategiyasının bir hissəsi olduğunu deyirlər.

Milli Təhlükəsizlik Strategiya İnstitutunun məlumatına görə, Şimali Koreyanın qoşun göndərmək qərarı ABŞ prezident seçkilərindən əvvəl Donald Trampın qalib gələcəyi təqdirdə Ukrayna müharibəsinin tezliklə bitəcəyi gözləntilərinə əsaslanır.

Hesabatda, “Tramp administrasiyası dövründə ABŞ Ukraynadan geri çəkilə bilər və bu, Pxenyanın Moskva ilə illərdir inkişaf etdirdiyi strateji tərəfdaşlıq strukturunu zəiflədə bilər” ifadəsi işlədilib.

Şimali Koreyanın Rusiya ilə qurduğu bu bağın Ukrayna müharibəsi bitdiyi zaman zəifləyə biləcəyinə diqqət çəkən NIS hesabatına görə, Şimali Koreyanın uzunmüddətli perspektivdə müharibədən əldə edəcəyi qazancların məhdud olduğu bildirilir.

Cənubi Koreyanın Moskvadakı keçmiş səfiri və parlament üzvü Vi Sung-lac bəyan edib ki, Şimali Koreya Rusiyanın dəstəyi ilə maliyyə və ərzaq böhranını xeyli yüngülləşdirib.

NIS-in məlumatına görə, Rusiya tərəfində döyüşən Şimali Koreya əsgərlərinə aylıq 2 min dollar maaş verilir və hazırda ən azı 10 min əsgərin Ukraynaya göndərilməyə hazırlandığı bildirilir. Bu, Şimali Koreyaya ildə 200 milyon dollardan çox gəlir gətirəcək.

Hərbi dəstəkdən əlavə, Rusiya Şimali Koreyanı qabaqcıl kosmik texnologiya ilə də dəstəkləyir. Pxenyan bu dəstəkdən hərbi kəşfiyyat peyklərinin hazırlanması üçün istifadə etməyi planlaşdırır.

Vi həmçinin qeyd edib ki, Rusiya əvvəllər Şimali Koreyaya 50 - 100 min ton arasında düyü göndərib və indi verilən 600 - 700 min ton arasında düyü bu yardımdan xeyli yüksəkdir.

Bildirilir ki, Şimali Koreya Rusiya tərəfində döyüşməklə gələcəkdə Koreya yarımadasında mümkün müharibə olacağı təqdirdə Moskvadan dəstək almaq şansını artırır.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью