Icma.az, Avtosfer saytına istinadən bildirir.
Azərbaycan və Ermənistan nümayəndələri arasında növbəti görüşün dekabr ayında Azərbaycanda keçirilməsi planlaşdırılır.
Avtosfer.az xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabr ayında Azərbaycana səfər etməyi planlaşdırdığını açıqlayıb. Onun sözlərinə görə, səfər Bakıya deyil, ölkənin başqa bir şəhərinə nəzərdə tutulub. Görüş zamanı tərəflər arasında texniki məsələlərin və əməkdaşlıq imkanlarının müzakirəsi planlaşdırılır. Bu səfər Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin iyun ayında Ermənistanın Dilican şəhərində keçirdiyi görüşün davamı kimi nəzərdə tutulur. Bəs Alen Simonyanın Bakıya deyil, başqa şəhərlərə səfər etməsinin səbəbi nədir və görüş zamanı hansı məsələlərin müzakirəsi gözlənilir?
Mövzu ilə bağlı deputat Elman Nəsirov Avtosfer.az-a açıqlamasında bildirib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın dekabr ayının əvvəlində ölkəmizə səfəri planlaşdırılır:
"Məlumata görə, o, paytaxt Bakıya deyil, çox güman Gəncəyə səfər edəcək. Onun digər şəhərlərə də səfər etməsi istisna deyil, çünki hələlik konkret istiqamət açıqlanmayıb. Əsas sual budur ki, niyə məhz Gəncə və bu görüşdə hansı məsələlər müzakirə edilə bilər? Bu, bir növ cavab səfəri kimi də qiymətləndirilə bilər. Çünki 2026-cı il iyunun 14-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev paytaxt İrəvanda deyil, Dilicanda Armen Qriqoryanla görüş keçirmişdi. Buna görə Simonyanın da paytaxt Bakıya deyil, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə səfər etməsi görüşün davamı kimi qiymətləndirilə bilər. Burda müəyyən simvolik məna da var. Paytaxtda keçirilən görüşlər daha çox diplomatik protokol xarakteri kəsb edir. Lakin Gəncə İkinci Qarabağ müharibəsi dövründə mülki əhalinin hücumlara məruz qaldığı şəhər kimi də yadda qalıb. Simonyanın Gəncəyə səfəri sülh prosesi çərçivəsində etimad mühitinin formalaşmasına yönəlmiş bir addım kimi qiymətləndirilə bilər. Bu daha çox bir jest, bir addım kimi xarakterizə oluna bilər. Müzakirə olunacaq məsələlər arasında Vaşinqton razılaşmalarının icrası ilə bağlı mövzuların da yer alacağı istisna deyil. Delimitasiya məsələləri, kommunikasiyaların bərpası, TRIPP əlaqəsinin reallaşdırılması istiqamətində atılan addımlar, enerji sahəsində, xüsusilə elektrik xətlərinin birləşdirilməsi ilə bağlı müzakirələr aparıla bilər. Sərhəd sularının idarə olunması ilə bağlı birgə komissiyaların yaradılması və bu istiqamətdə fəaliyyətin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıla bilər. İqtisadi əlaqələrin inkişafı ilə bağlı müzakirələrin aparılması da istisna deyil. Bütün bu məsələlərin əsas məqsədi sülh prosesini məntiqi sonluğuna çatdırmaq və regionda uzunmüddətli və dayanıqlı sülhün təmin olunmasıdır".
Politoloq Tural İsmayılovun fikrincə isə, Alen Simonyanın Bakıya deyil, Gəncəyə səfər etməsi ehtimalı Ermənistanın Azərbaycanla münasibətlərdə hansı mesajı vermək istədiyi baxımından diqqət çəkir:
"Gəncə Azərbaycanın ikinci böyük şəhəri, tarixi, iqtisadi və mədəni baxımdan mühüm mərkəzlərindən biridir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın məhz bu şəhərə gəlməsi paytaxt diplomatiyasından kənara çıxan siyasi və simvolik addım kimi qiymətləndirilə bilər. Gəncənin seçilməsi təsadüfi olmaya bilər. Azərbaycan-Ermənistan münasibətlərinin mürəkkəb tarixi, xüsusilə münaqişənin yaratdığı dərin siyasi və ictimai nəticələr fonunda belə bir səfər müəyyən mesajların çatdırılması məqsədi daşıya bilər. Gəncəyə səfər Ermənistan tərəfinin Azərbaycanla münasibətlərdə yeni kommunikasiya kanalları yaratmaq istəyinin nümayişi kimi də təqdim oluna bilər. Lakin bu addımı real siyasi dəyişikliklərin göstəricisi hesab etmək üçün hələ tezdir. Görüşdə əsas müzakirə mövzularının regional təhlükəsizlik, sərhədlərin delimitasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması, TRIPP layihəsi və sülh sazişinin perspektivləri olacağını düşünürəm. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, Ermənistanın üzərinə götürdüyü öhdəliklərə münasibəti, regional kommunikasiyaların hansı şərtlərlə fəaliyyət göstərəcəyi də diqqət mərkəzində ola bilər. Bu səfərdən dərhal böyük siyasi dönüş və ya yekun razılaşma gözləmək düzgün deyil. Ermənistanın Azərbaycanla münasibətlərdə verdiyi mesajların konkret addımlarla təsdiqlənməsi vacibdir. Bakı üçün əsas məsələ sülh prosesinin Azərbaycanın milli maraqlarına, suverenliyinə və ərazi bütövlüyünə uyğun şəkildə irəliləməsidir. Gəncədə keçiriləcək görüşün əsl siyasi əhəmiyyəti də diplomatik jestlərdə deyil, hansı konkret nəticələrin əldə olunacağında üzə çıxacaq".
Züleyxa Allahverdiyeva