Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
İyulun 19-da ABŞ-də keçiriləcək futbol üzrə dünya çempionatının finalı ərəfəsində sosial şəbəkələrdə maraqlı iddia yayılıb.
BAKU.WS xəbər verir ki, internet istifadəçiləri məşhur "Simpsonlar" cizgi filminin 1997-ci ildə yayımlanan 9-cu mövsümünün "The Cartridge Family" ("Patronlu ailə") adlı seriyasında DÇ-2026-nın finalçıları kimi Meksika və Portuqaliya yığmalarının öncədən göstərildiyini iddia edirlər.
Sözügedən seriyanın əvvəlində Simpsonlar ailəsi televiziyada Meksika və Portuqaliya milliləri arasında keçiriləcək futbol oyununun reklamını izləyir, daha sonra isə həmin qarşılaşmaya gedir.
Diqqət çəkən məqam odur ki, serialda bu oyunun hansı turnir və ya hansı ildə keçirildiyi göstərilmir. Bu səbəbdən bəzi azarkeşlər bunun DÇ-2026-nın finalına işarə olduğunu düşünürlər.
İddianı dəstəkləyənlər bir neçə məqama diqqət çəkirlər. Onların fikrincə, həm Meksika, həm də Portuqaliya dünya çempionatında pley-off mərhələsinə yüksəlib və yalnız finalda üz-üzə gələ bilərlər. Bundan başqa, seriyanın əvvəlində Meksikanın turnirdə ilk oyununu qazanmasına işarə edilir ki, Meksika yığması da DÇ-2026-ya qələbə ilə başlayıb.
Azarkeşlər həmçinin bir səhnədə meksikalı futbolçunun hovuza tullanmasını yığmanın son dövrlərdə Norveç millisindən ilhamlanaraq nümayiş etdirdiyi, soyunub-geyinmə otağında vikinq avarçəkməsini canlandıran sevinc performansı ilə əlaqələndirirlər.
Bundan əlavə, epizodda qısa müddətə görünən "Springfield Stadium" stadionunun ABŞ-də yerləşməsi də nəzəriyyənin tərəfdarları tərəfindən diqqətə çatdırılır. Çünki DÇ-2026-nın finalı da məhz ABŞ-də keçiriləcək.
Qeyd edək ki, "Simpsonlar" serialı ilə bağlı daha əvvəl də bir sıra hadisələrin əvvəlcədən proqnozlaşdırıldığı iddia olunub. Bunlar arasında Donald Trampın ABŞ prezidenti seçilməsi, Suriyadakı müharibə və digər hadisələr yer alır. Bununla belə, bu iddiaların böyük hissəsi rəsmi şəkildə təsdiqini tapmayıb və daha çox təsadüf və fan nəzəriyyələri kimi qiymətləndirilir.