Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 13 fevral, AZƏRTAC
Misir arxeoloqları Sinay yarımadasında təxminən 10 min il yaşı olan qaya sığınacağı aşkar ediblər.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Misir Turizm Nazirliyinin məlumatına görə, tarixi sığınacaq Cənubi Sinay əyalətindəki Cəbəl-Ümm-Ərak dağında tapılıb.
Böyük tarixi və bədii dəyərə malik olduğu vurğulanan təbii qumdaşı sığınacağının uzunluğu 100 metrdən çoxdur. Tavanlar müxtəlif dövrlərə aid heyvanları, simvolik fiqurları və gündəlik həyat səhnələrini təsvir edən qırmızı-boz rəngli rəsmlərlə örtülüb. Bəzi rəsmlərin eramızdan əvvəl 10 000-5 500-cü illərə aid olduğu bildirilir.
Turizm naziri Şerif Fəthinin sözlərinə görə, yeni tapıntı Sinay yarımadasının zəngin mədəni irsə malik olduğunun daha bir təsdiqi olmaqla, minilliklər boyu burada müxtəlif sivilizasiyaların mövcudluğunu nümayiş etdirir.
Qazıntılar zamanı arxeoloqlar, həmçinin heyvan qalıqları və yaşayış yerlərinin izlərini aşkar ediblər ki, bu da sığınacağın insanlar və mal-qara üçün istirahət yeri kimi istifadə edildiyini göstərir.
Sığınacaqda Qədim Misir, Roma və orta əsrlər dövrlərinə aid daş alətlər və saxsı qab parçaları da tapılıb.