Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Uşaqlarda sınıqlar daha tez bitişsə də, bəzi zədələr sonradan deformasiya yarada bilər”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi İlham Şıxbabayev qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.
Mütəxəssis bildirib ki, uşaqların sümük sistemi böyüklərdən əhəmiyyətli dərəcədə fərqlənir. Onun sözlərinə görə, uşaqlarda sümüklərin böyüməsini təmin edən xüsusi zonalar mövcuddur və sümük toxuması böyüklərlə müqayisədə daha elastikdir.
İ.Şıxbabayev qeyd edib ki, uşaqlarda qan dövranı və maddələr mübadiləsinin daha aktiv olması səbəbindən sınıqların bitişməsi böyüklərə nisbətən daha sürətli baş verə bilər.
“Uşaq orqanizmində qan dövranı güclü, metabolizm isə böyüklərlə müqayisədə daha aktiv olduğu üçün uşaqlarda sümük sınıqlarının bitişməsi iki-üç dəfə daha tez baş verə bilər”, - deyə travmatoloq vurğulayıb.
Həkim bununla belə, sınıqların öz-özünə sağalacağını düşünərək uşağı müayinədən keçirməməyin düzgün olmadığını bildirib. Onun sözlərinə görə, xüsusilə böyümə zonalarında baş verən sınıqlar sonradan müəyyən fəsadlara səbəb ola bilər.
“Bu, o demək deyil ki, uşağın sınığı öz-özünə sağalacaq və həkim müayinəsinə ehtiyac yoxdur. Xüsusilə böyümə zonalarında yaranan sınıqlar sonradan ləngimə və deformasiyalara gətirib çıxara bilər”, - deyə İ.Şıxbabayev əlavə edib.
Zeynəb Rzayeva