Saglamolun saytına istinadən Icma.az xəbər verir. Biz bədən hərarətinin ölçülməsi üçün əksər hallarda civəli termometrdən istifadə edirik.
Bu termometrlər çox dəqiq sayılır. Lakin onların mənfi cəhəti də var - bu termometrlər çox asan sınır.
Nəticədə termometrin içərisində olan civə çölə axır. Civə və onun birləşmələri insanın sağlamlığı və həyatı üçün çox ziyanlıdır.
Məhz bu səbəbdən Avropa ölkələrində civəli termometrlərdən çoxdan istifadə olunmur. Termometrdən tökülmüş civə dərhal buxarlanmağa başlayır.
Bu buxar isə insan orqanizmi üçün çox təhlükəlidir. İlk növbədə civə neyritoksik xüsusiyyətlərə malikdir.
Bu o deməkdir ki, civə sinir hüceyrələrini dağıdır. Həmçinin civə ağciyərləri, ürəyi, həzm sistemini zədələyir.
Civədən kəskin zəhərlənmə zamanı insanda intoksikasiya əlamətləri meydana çıxır: zəiflik, iştahasızlıq, baş ağrısı.
Həmçinin bu kimi simptomlar da inkişaf edir: - udma zamanı ağrı - ağızda metal dadı - ağız suyunun axması - damaqların şişməsi və qanaması - ürəkbulanması və qusma - güclü qarın ağrıları - ishal (bəzən qanlı ishal).