“Siqaret çəkməyənlərin kəndi”

24.11.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyədə Tazlar obasını belə tanıyırlar 

Türkiyənin qərbində, Afyonkarahisar vilayətinin Sinanpaşa rayonunda yerləşən Tazlar kəndində təxminən 2 min sakin yaşayır. Bu yaşayış məntəqəsində artıq 98 ildir ki, bir nəfər də olsun nə aşkarda, nə də gizlində siqaret çəkir. Türkiyə mediası Tazları “Siqaret çəkməyənlərin kəndi” adlandırır.

Türk jurnalistlər bu barədə reportajlarında qeyd edirlər ki, siqaretdən elliklə imtina heç də hər kəndə qismət olan xoşbəxtlik deyil. Bəs necə olur ki, tazlarlılar bu zərərli vərdişdən imtina ediblər?! Bu sual indi çoxlarını düşündürür. Cavabı isə sadədir. 1928-ci ildə Tazların Əhməd Ağa adlı hörmətli ağsaqqalı böyükdən-kiçiyə bütün sakinləri bir yerə yığıb onlara ərklə siqaret çəkməməyi tövsiyə edib.

Kənd sakinləri də o gün ağsaqqala söz veriblər və o vaxtdan bu günə qədər vədlərinə əməl edirlər. Bununla da onlar bugünkü və gələcək nəsillərə əsl nümunə olurlar.

Türkiyə hökumətinin siqaret istifadəsini məhdudlaşdırmaq üçün ciddi səylər göstərdiyi bir vaxtda, Tazlar kəndinin bu inanılmaz hekayəsi xüsusi aktuallıq kəsb edir. Yeri gəlmişkən, ölkə parlamenti 2015-ci ilin yanvarından sonra doğulan şəxslər üçün siqaret çəkməyə ömürlük qadağa qoyacaq yeni, sərt qanun layihəsini nəzərdən keçirir.

Qlobal səviyyədə aparılan tədqiqatların nəticələrinə görə, türklər hazırda dünyada ən çox siqaret çəkən xalqlar sırasındadırlar. Bu, əlbəttə, ölkə ictimaiyyətini narahat edir. Amma bu istiqamətdə aparılan təbliğat real səmərə vermir. Buna görə də Tazlar kəndinin örnəyi çox ruhlandırıcıdır!

“Biz ətrafımızda siqaret çəkən insanların olmadığı bir mühitdə böyümüşük”, - deyə kənddə mühasib vəzifəsində çalışan 66 yaşlı Mehmet Aydoğmuş jurnalistlərə bildirib. O, sonra vurğulayıb ki, “siqaret çəkməmək bizim həyat tərzimizə çevrilib”. M.Aydoğmuş bildirib ki, hələ uşaq vaxtından kənddə kiminsə siqaret çəkdiyini görməyib.

Tazları ziyarət edən qələm əhli vurğulayır ki, buranın təbiəti də gözəldir. Belə ki, Tazlar sarı pomidor və şəkər çuğunduru tarlaları ilə əhatə olunmuş, qırmızı kərpicdən tikilmiş evlərin yerləşdiyi bir kənddir. Burada hamı bir-birini tanıyır. İnsanlar sadə, mehriban və əməksevərdirlər. Sakinlər hər səhər erkən oyanır və gün batana qədər tarlalarda çalışaraq halal ruzi qazanırlar.

Tazlar sakinlərinin siqaret çəkməyə qarşı çıxması qismən sağlamlıqla bağlı narahatlıqlara əsaslanır. Lakin M.Aydoğmuş bildirib ki, bu ənənəni yalnız sağlamlıq amili ilə izah etmək mümkün deyil: “Ağsaqqallarımız bizə daim siqaretin insan sağlamlığına vurduğu zərərdən danışardılar. Bu zaman bunun sadəcə sağlamlığa zərərli olduğunu deməklə kifayətlənmirdilər. Onlar, həmçinin zərərli vərdişlərin ailələrə, icmalara və fərdin iradəsinə təsirindən də bəhs edirdilər”.

M.Aydoğmuşun sözlərinə görə, kəndin bu məsələyə yanaşması əsasən ailə məsuliyyəti, dini dəyərlər və icma həmrəyliyi kimi amillərdən qaynaqlanır. Ailələr bu yolla öz övladlarının qayğısına qalırlar. Yaşlılar gənc nəsillərə nəsihət verirlər. Əgər uşaqda ailənin zərərli hesab etdiyi bir vərdiş yaranmağa başlayırsa, qohumlar və qonşular buna biganə qalmırlar.

Tazlarda böyümüş 29 yaşlı Murad Karasoğut ölkənin digər bölgələrinə səyahət edərkən istər-istəməz şok yaşamalı olur. Murad deyir ki, çöldə siqaret çəkən birini görəndə, fəxrlə düşünürəm: “Nə yaxşı ki, bizim kənddə belə bir şey yoxdur!”

O hesab edir ki, gənclər başqa yerlərdə tez-tez siqaretlə qarşılaşsalar belə, biganə qalmağı bacarırlar. Lakin Tazlardan şəhərlərə köçən gənclərin sayı artdıqca, siqaretə qarşı olan hələlik bu birmənalı mövqeyin zamanla zəifləyə biləcəyi ilə bağlı narahatlıqlar yaranır. Hazırda kənd gənclərinin üçdəikisindən çoxu daha yaxşı təhsil və iş imkanları axtarışı ilə İstanbul və Bursa kimi şəhərlərdə yaşayır.

Tazların bu ənənəsinin gələcəyi gənc nəsillərin onu davam etdirib-etdirməməsindən asılıdır. Murad Karasoğut gənclərin üzərinə xüsusi bir məsuliyyət düşdüyünü deyir: “Biz keçmişdə qalmaq istəmirik, amma keçmişimizi itirmək də istəmirik”.

Bu yerdə qeyd edək ki, məşhur amerikalı yazıçı Mark Tvenin də siqareti atmaqla bağlı maraqlı yumoristik fikri var. O, yazıb ki, dünyada siqareti atmaqdan asan heç nə yoxdur. O, şəxsən bunu azı 100 dəfə təcrübədən keçirib. Mark Tvendən fərqli olaraq, tazlarlılar sözlərinin üstündə möhkəm dayanıblar. Onları yalnız alqışlamaq olar!

Məsaim ABDULLAYEV 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью