Şir, təyyarə, roza... Tiktokda milyonlarla çirkli pul belə yuyulur

27.01.2026

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"TikTok" platformasında canlı yayımlar vasitəsilə pul yığılması son dövrlərdə geniş yayılıb və bu prosesin bəzi hallarda koordinasiyalı şəbəkələr tərəfindən həyata keçirildiyi iddia olunur. Çoxsaylı hesablar üzərindən xırda məbləğli virtual hədiyyələrin göndərilməsi pul axınının parçalanmasına və izləmə mexanizmlərinin çaşdırılmasına xidmət edə bilər. Bu isə maliyyə şəffaflığı və nəzarət baxımından ciddi suallar yaradır.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən informasiya texnologiyaları üzrə mütəxəssis Natiq Məmişov bildirib ki, bu mexanizmdə əsas risk vəsaitlərin platforma daxilində texnoloji alətlər vasitəsilə dövriyyəyə buraxılmasıdır:
“"TikTok"-da izləyicilər əvvəlcə ‘coins’ alır, sonra canlı yayımlar zamanı bunları hədiyyə kimi göndərirlər. Həmin hədiyyələr platforma daxilində ‘diamond’lara çevrilir və sonradan real pula dəyişdirilə bilir. Beləliklə, real pul əvvəl virtual valyutaya, daha sonra yenidən real pula çevrilir və bu proses bank sistemi xaricində baş verdiyi üçün kənar nəzarət mexanizmləri üçün qeyri-şəffaf qalır”.
Ekspert qeyd edib ki, bank sistemi üzərindən böyük məbləğlərin hərəkəti zamanı vergi və digər nəzarət mexanizmləri işə düşür, lakin sosial platformalar üzərindən həyata keçirilən bu cür mikro-köçürmələrdə vəsaitin mənbəyi faktiki olaraq görünməz qalır:
“Suistifadə hallarında müəyyən qruplar birdən çox hesabdan eyni şəxsə və ya quruma kiçik məbləğli virtual hədiyyələr göndərməklə pul axınını parçalayır. Hər bir köçürmə ayrıca "hədiyyə" və ya "yardım" kimi təqdim olunduğundan, zahirən qanuni görünür, amma ümumi məbləğ böyük olur”.
Natiq Məmişovun sözlərinə görə, bu proses çirkli pulların yuyulmasında istifadə olunan klassik mexanizmlərlə üst-üstə düşür:
“Çirkli pulların yuyulması adətən yerləşdirmə, qatlaşdırma və inteqrasiya mərhələlərindən ibarətdir. Burada da eyni üsuldan istifadə olunur: bir nəfərin böyük məbləğ göndərməsi əvəzinə, onlarla və ya yüzlərlə şəxs tərəfindən xırda məbləğli hədiyyələr göndərilir. Nəticədə pulun izi itir və sistemdən çıxarılması asanlaşır”.
Ekspert vurğulayıb ki, bu risklərin qarşısını almaq üçün real vaxt rejimində monitorinq, müasir analitik alətlər və şəffaflıq mexanizmləri tətbiq edilməlidir:
“Pul yığımı başlamazdan əvvəl məqsəd və şəxsiyyət məlumatları açıq olmalıdır. Yardım kampaniyaları sənədləşdirilməli, sosial və ya tibbi məqsədlər sübutlarla təsdiqlənməlidir. Bu halda "kim, kimə və nə məqsədlə pul göndərir" sualına daha aydın cavab tapmaq olar”.
Qeyd edək ki, sosial platformalar üzərindən həyata keçirilən bu cür maliyyə axınları nəzarətsiz qaldığı halda həm vergidən yayınma, həm də çirkli pulların yuyulması risklərini artırır və bu sahədə daha sərt nəzarət mexanizmlərinin tətbiqi zərurəti yaradır.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью