Şirkət təmsilçisi günəbaxan 46 minlik dələduzluq etdi

29.01.2026

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yasamal Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Zakir İbrahimovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

KONKRET.az xəbər verir ki, hakim Orxan Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.

İttiham aktına əsasən, Zakir İbrahimov 2023-cü ildən etibarən etibarnamə əsasında “Caspian Agroholdin” MMC-ni təmsil etdiyi müddət ərzində qulluq mövqeyindən istifadə edərək tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi güdüb. O, etibardan sui-istifadə və aldatma yolu ilə zərərçəkmiş F.F.-in (adı, soyadı şərtidir) inamını qazanaraq ona həqiqətə uyğun olmayan yalan vədlər verib.

Belə ki, təqsirləndirilən şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilərəkdən yanlış məlumat verərək, 31 236 ABŞ dolları müqabilində bir konteyner günəbaxan yağının Rusiyanın Novorossiysk şəhərindən Seneqalın Dakar şəhərinə daşınacağını vəd edib. Bu məqsədlə 2025-ci ilin mart ayının ilk həftəsində paytaxt ərazisində yerləşən “Çaykənd” kafesində zərərçəkmiş şəxslə görüşüb.

Görüş zamanı Zakir İbrahimov əvvəlcə 10 000 ABŞ dolları, daha sonra isə 17 320 ABŞ dolları olmaqla, ümumilikdə 27 320 ABŞ dolları məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib. Həmin məbləğ dövrün məzənnəsinə uyğun olaraq 46 444 manat təşkil edib. Nəticədə F.F.-ə xeyli miqdarda maddi ziyan vurulub.

Məhkəmə iclasında Zakir İbrahimov ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində deyib ki, Dakar şəhərinə günəbaxan yağı idxal etməli olub, F.F. tərəfindən ona müəyyən məbləğdə pul verilib və həmin pulun bir hissəsini Rusiyaya göndərərək borcun ödənilməsi və malın yola salınması nəzərdə tutulub. Lakin Rusiyaya göndərilən pul aidiyyəti şəxslərə çatmayıb və təqsirləndirilən şəxs pulun müəyyən hissəsini öz ehtiyacları üçün istifadə edib.

Zakir İbrahimov məhkəmədə bildirib ki, zərərçəkmiş şəxsdən 10 000 ABŞ dolları və 17 320 ABŞ dolları məbləğində pul alıb, pulu aldığı zaman yağın Dakar şəhərinə göndərilməyəcəyini əvvəlcədən bilməyib. Pulun ünvanına çatmaması səbəbindən yük daşınması baş tutmayıb və o, zərərçəkmiş şəxsdən pulu geri qaytarmaq üçün vaxt istəyib. Hazırda isə vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini qeyd edib.

Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etdiyini, peşman olduğunu, ailəli və azyaşlı uşaqlarının olduğunu, həmçinin ziyanın ödənildiyini nəzərə alaraq, amnistiya aktının tətbiq edilməsini məhkəmədən xahiş edib.

Zərərçəkmiş şəxs ifadəsində qeyd edib ki, ümumilikdə 28 000 ABŞ dolları pul ödəsə də, sənədlərdə 27 300 ABŞ dolları göstərilib. Hazırda ona dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirərək bununla bağlı məhkəməyə müvafiq ərizə təqdim edib.

(pravda.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью