Sirus Mirzəzadə: Oqtay Şıxəliyev mozaika sənətini dərindən hiss edirdi

12.11.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 12 noyabr, AZƏRTAC

Xalq rəssamı Oqtay Şıxəliyev gözəl insan, istedadlı və özünəməxsus yaradıcılıq üslubu olan rəssam idi. O, həm sənətinə bağlılığı, həm də xoş münasibəti ilə seçilirdi.

Bunu AZƏRTAC-a açıqlamasında Xalq rəssamı, müasir təsviri sənətin tanınmış nümayəndələrindən biri Sirus Mirzəzadə deyib.

Siruz Mirzəzadə qeyd edib ki, Oqtay Şıxəliyevin yaradıcılığında mozaika sənəti xüsusi yer tutur. “Bakının müxtəlif ərazilərində, ictimai məkanlarda onun müəllifi olduğu mozaika əsərlərinə rast gəlmək mümkündür. Mozaika sənətini dərindən hiss edir, kompozisiyalarında rənglərin ahəngini və obrazların ifadəliliyini ustalıqla birləşdirirdi. Əsərlərində rəngarənglik, özünəməxsus baxış və zəngin bədii təfəkkür aydın hiss olunur. Bununla yanaşı, onun çox gözəl rəngkarlıq əsərləri, diqqətçəkən tabloları da var. Oqtay Azərbaycan təsviri sənətində öz yaradıcılığı ilə iz qoymuş sənətkarlardandır. Onun əsərləri və xoş xatirəsi daim sənətsevərlərin qəlbində yaşayacaq”, - deyə o əlavə edib.

Fotoqraf- Xanlar Əlizadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью