“Sıxıntılardan danışmağı sevən biri deyiləm” MÜSAHİBƏ

26.08.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycanın U-19 millisinin yeni baş məşqçisi Elgiz Kərəmlinin “Futbolpress.az“a müsahibəsi:

– Təyinatınızla bağlı fikirlərinizi bildirərdiniz.
– Hər məşqçi millidə çalışmaq istəyər. Bir müddət idi, işsiz idim. Belə bir variant yarandı və dəyərləndirməyə qərar verdim.

– Ötən müsahibəmizdə demişdiniz ki, Premyer Liqada baş məşqçi kimi çalışmaq istəyirəm. Bir müddət də adınız “Kəpəz”lə hallandı. Yığmaya qədər real təklifləriniz var idi?
– Bəli, elitadan iki klubdan köməkçi məşqçi kimi təklif almışdım. Eyni zamanda I Liqadan da iki komanda ilə görüşdük, lakin razılığa gələ bilmədik.

– Qayıdaq, yeni iş yerinizə. U-19-da hansı işləri görməyi düşünürsünüz, sizdən tələblər nələrdir?
– Məqsədimiz futbolçularda özlərinə inam yaratmaq olacaq. Komandada birlik formalaşdırmaq, beynəlxalq arenada yaxşı nəticələr əldə etmək istəyirik.

– Daha əvvəl də aşağı yaş qrupları üzrə komandalarla çalışmışınız. U-19-un özünəməxsusluğu nələrdir?
– Hər kateqoriya kimi 19 yaşlıların da öz işləri var. Bütün sahələrdə olduğu kimi burada da çətinliklər, problemlər yaşanır. Ancaq mən sıxıntılardan danışmağı sevən biri deyiləm.

– Əsas narahatlıq yaradan məqam yerli futbolçu qıtlığıdır. 18-19 yaş da hərbi xidmət dövrünə düşür. Bu problemləri nəzərə almısınız?
– İşi qəbul etmişəmsə, deməli, mövcud durumu da nəzərə almışam. Çalışacam ki, ortaya yaxşı iş qoyum.

– U-19 liqası yeni başlayıb. Oyunları stadiondan izləməyi üstün tutursunuz, yoxsa yeni tətbiq edilən “Eye Ball” proqramından istifadə edəcəksiniz?
– Futbolçuların keyfiyyətini bilmək və onların meydançadakı davranışlarını görmək üçün canlı izləmək daha yaxşıdır. Buna üstünlük verəcəyəm.

– Gənc məşqçisiniz. Yaxın keçmişə qayıdaq, futbolçu kimi istədiyiniz karyeranı keçə bildiniz?
– Zədələrə görə uğurlu karyeram olmadı. 18 yaşa kimi aşağı yaş qruplarının hamısına mütəmadi dəvət almışam. Sonra “Qarabağ”la müqavilə imzaladım, ancaq yenidən aldığım zədələr imkan vermədi. Buna görə 26 yaşımda karyeramı bitirdim.

-Məşqçiliyə necə başladınız? Uşaqlıqdan bu haqda fikirləşirdiniz, yoxsa futbolda yarımçıq qalan karyeranızı bu formada davam etdirməyi uyğun gördünüz?
– 14-15 yaşımdan məşqçiliyə marağım var idi. Üstəlik, zədələr məni bu barədə düşünməyə vadar etdi. Qarşıma hədəf qoydum ki, gənc məşqçi kimi özümü sübut edim.

-“Şəfa” ilə I Liqada çempion oldunuz, komandanı elitaya daşıdınız. Missiyanızı tamamlamış sayılırsınız?
– Əslində, elitada işləməyə layiq olduğumu sübut etdim, amma qismət olmadı.

– Məşqçi kimi qarşınıza qoyduğunuz hədəf nədir?
– Əsas məqsədim Azərbaycan milli komandasını çalışdırmaqdır.

– Ölkədə yerli, xüsusilə də gənc mütəxəssislərə inam azdır. Bu sindromu necə qıracaqsınız?
– İlk növbədə klub rəhbərliyi yerli məşqçilərə inanmalıdır. Əcnəbilərə verilən vaxtı özümüzünkülərə də vermək lazımdır. Bundan sonrası isə artıq məşqçilərin üzərinə düşür. Məsuliyyəti dərk etməli və nəticə qazanmalıdırlar. Bununla da yerli məşqçilərə də inam yaranacaq.

– Bəs Avropa hədəfiniz yoxdur? 
– Bu da hədəflərim arasındadır, ancaq indi Pro lisenziyasını almalıyam. Eyni zamanda milli komanda ilə uğur qazanmalıyam ki, ölkə xaricinə də çıxa bilim.

– Son olaraq, kumiriniz kimdir?
– Ançelotti.

– Onu digərlərindən fərqləndirən cəhət nədir?
-O, oyun ərzində səbirli və sakit qalmağı çox yaxşı bacarır. Eyni zamanda, harada işləyibsə, özünü sevdirməyi bacarıb. Komandalarında atmosfer həmişə yaxşı olub.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью