Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Baş Prokurorluğunun axtardığı şəxs Ukraynada da “qara siyahı”ya salınıb
Söhbət dirijor çubuğu ilə idarə olunan cinayətkar şəbəkədən gedir. Rusiyanın elektron mediasında meydan sulayan bəzi teleaparıcılar, politoloq, bloqer və ekspertlər, eyni zamanda, həm ideoloji cəbhədə, həm də hərbi istiqamətdə “özfəaliyyətlə” məşğul imişlər. Bu cinayətkar şəbəkənin hədəfində hansısa şirkət, maliyyə qurumu, yaxud transmilli korporasiya deyil, konkret ölkə(lər), daha dəqiqi, qonşu ölkələrdir. Yəni burada biz şantaj və təhdid yolu ilə böyük pullar “qazanmağa” çalışan mütəşəkkil cinayətkar dəstənin tərəfdaş, müttəfiq olan qonşu ölkəyə qarşı ideoloji cəbhədə təxribatlarından, həddini aşan hədyan və təhqirlərindən, bunlardan daha pisi, ölkələrin ərazi bütövlüyünə və suverenliyinə açıq təhdidlərlə üz-üzəyik. Bu “çete”nin yuxarıdan aldığı təlimatlar əsasında Azərbaycana qarşı təxribatçılığını, hakimiyyətə qarşı qarayaxmalarını, təhqir və təhdidlə müşayiət olunan efirdəki çıxışlarını, sosial şəbəkələrdəki paylaşımlarını nəzərdə tuturuq.
İki ölkə arasındakı münasibətlərə aşkar kölgə sala biləcək bu qərəzli “xor kopellası”nın solistləri hədlərini o dərəcədə aşdılar ki, nəticədə, Azərbaycan Respublikasının Baş Prokurorluğu onları ölkəmizə qarşı ağır cinayətlərdə ittiham edərək barələrində həbs qətimkan tədbirləri seçdi və beynəlxalq axtarışa verdi. Barəsində cinayət işi qaldırılan 3 rusiyalıdan (Aleksey Çadayev, İvan Knyazev və Semyon Uralov) birincisi Ukraynada da rəsmən “qara siyahı”ya salınıbmış. Söhbət Rusiya nəqliyyat nazirinin müşaviri vəzifəsində çalışan çinovnikdən, eyni zamanda, televiziya jurnalisti kimi fəaliyyət göstərən Aleksey Çadayevdən gedir.
Bu “üçlük” “Moskva 24” telekanalındakı yayımlanan “Çistota ponimaniya” verilişində, “YouTube” platformasında “Semyon Uralov” adlı kanalda yayımlanan proqramda Azərbaycana qarşı zorakı üsulların tətbiq edilməsi, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarla çıxış ediblər. Avqustun 13-də isə yenidən “Çistota ponimaniya” verilişində Azərbaycana qarşı zorakı üsullardan istifadə, hətta ayrı-ayrı şəxslərin fiziki məhv edilməsi və ünvanlı şəkildə sıradan çıxarılması barədə təxribatçı fikirlər səsləndiriblər.
Oxuculara xatırladaq ki, “üçlüy”ün təxribatçı anti-Azərbaycan ideologiyasını yayması ilə bağlı Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırıldı və ona son dövrlər Rusiyanın media və informasiya məkanında Azərbaycan dövləti, xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı ciddi narahatlıq və qəti etiraz bildirildi. Ayrıca avqustun 13-də “Çistota ponimaniya” layihəsi çərçivəsində yayımlanan proqramda Azərbaycan xalqına və ölkə rəhbərliyinə qarşı səsləndirilən ifadələr səfirin diqqətinə çatdırıldı.
***
Məhz rəsmi Bakının kəskin reaksiyasından dərhal sonra Aleksey Çadayev özünün “Telegram” kanalında Rusiyanın nəqliyyat nazirinin müşaviri postundan istefa verdiyini açıqladı. Məsələ bununla yekunlaşmadı və bu adamın qeyri-qanuni fəaliyyətinin uzantıları Ukraynada əks-səda verdi. Üç gün bundan əvvəl Aleksey Çadayev Ukraynada da hüquqi məsuliyyətə cəlb olunan və təqib olunan 7 nəfərdən birinə çevrildi. Həmin gün Ukraynanın iki mühüm qurumu – Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi Rusiyanın işğalçı müharibəsini dəstəkləyən, Moskvanın informasiya savaşında iştirak edən daha 6 nəfəri (biri Çadayevdir) ifşa edib. Onların adları, fotoları, kimlikləri və hüquqi təqibə məruz qalmalarının əsasları haqda məlumatlar “War&Sanctions” portalının “Kremlin ruporları” bölməsində yerləşdirilib. Bu portal Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi tərəfindən yaradılan və idarə olunan rəsmi məlumat bazasıdır. Həmin elektron bazada Kremlin hərbi təcavüzünü dəstəkləyən şəxslər, şirkətlər, Rusiyaya gizli silah tədarükləri, Rusiya hərbi texnikasında aşkar edilən xarici komponentlər haqda məlumatlar ictimailəşdirilir. Beləliklə, Rusiya hərbi maşınının iştirakçıları, istehsalçıları, logistikası, gizli tədarük zəncirləri, təchizatı qlobal miqyasda ifşa olunur, bununla da Moskvaya qarşı beynəlxalq sanksiyaların gücləndirilməsi üçün faktoloji zəmin yaradılır.
Portalın “Kremlin ruporları” bölməsindəki Aleksandr Çadayev barədə məlumatda o, rusiyalı publisist, ictimai xadim, siyasi və hərbi texnoloq, Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri, “Parlamentarizmin İnkişafı İnstitutu” qeyri-kommersiya təşkilatının direktoru, “Uşkuynik” Elmi-İstehsalat Mərkəzinin baş direktoru kimi təqdim olunur. Onun “qara siyahı”ya salınması, hüquqi təqibə məruz qoyulması isə belə əsaslandırılır: “Aleksandr Çadayev Rusiyanın Ukraynaya qarşı təcavüzünün, xüsusilə pilotsuz uçuş sistemləri sahəsində texnoloji təminatının təşkilatçılarından biridir. “Uşkuynik” Elmi-İstehsalat Mərkəzinin rəhbəri kimi dronların, radioelektron mübarizə vasitələrinin, habelə Rusiya Silahlı Qüvvələrinin bölmələri üçün proqram təminatının hazırlanmasını, sınaqdan keçirilməsini və cəbhə xəttinə çatdırılmasını təşkil edir. O, pilotsuz uçuş aparatları (PUA) operatorları üçün təlim mərkəzləri şəbəkəsinin yaradılmasının da təşəbbüskarıdır və müasir texnologiyaların Rusiyanın hərbi-sənaye kompleksində tətbiq olunmasında birbaşa iştirak edir”.
Efirdə Azərbaycana “hücumdan” dəm vuran bu başabəla “hərbi ekspert” döyüş dronları operatorlarının bütün Rusiya üzrə ilk toplantısı olan “Dronnitsa”nı təşkil edib, informasiya və koqnitiv müharibə texnologiyalarına həsr olunmuş “Media-Dronnitsa” Ümumrusiya Forumunun təşkilatçılarından biri olub. Bundan başqa, Çadayev PUA-ların alınması, operatorların hazırlanması və PUA-ların Ukraynaya qarşı döyüşən Rusiya ordusunun bölmələrinə təhvil verilməsi üçün müntəzəm şəkildə vəsait toplama kampaniyası keçirir. O, sistematik qaydada Kreml yönümlü tezislər yayır; xüsusilə öz nəşrlərində və çıxışlarında Rusiyanın Ukraynaya qarşı müharibəsinə haqq qazandırır, Ukraynanın dövlətçiliyini inkar edir və Ukrayna dövlətinin tamamilə məhv edilməsinə çağırışlar edir.
***
“War&Sanctions” portalının “Kremlin ruporları” bölməsində Rusiya təbliğat maşınının 200-ə yaxın nümayəndəsi barədə məlumatlar yerləşdirilib. Rəsmi Kiyev bəyan edir ki, bu şəxslər Rusiyanın təcavüzünü və hərbi cinayətlərini əsaslandırır, cəbhədəki vəziyyət barədə dezinformasiya yayır və müxtəlif ölkələrdə ictimai rəyə təsir göstərməyə çalışırlar. Hazırda Ukrayna Baş Kəşfiyyat İdarəsi və Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi tərəfdaş ölkələri Rusiyanın təcavüzkar təbliğat aparatının nümayəndələrinə qarşı fərdi sanksiyalar tətbiq etməyə çağırır.
Yerli media Baş Kəşfiyyat İdarəsi ilə Dezinformasiyaya qarşı Mübarizə Mərkəzinin daha 6 nəfəri “qara siyahı”ya salması haqda xəbəri yayarkən bir neçə gün əvvəl Azərbaycanın Baş Prokurorluğunun, Çadayev daxil olmaqla, 3 Rusiya vətəndaşını terrorçuluğa, dövlət əleyhinə açıq çağırışlar, milli nifrət və düşmənçiliyin salınması ittihamları ilə beynəlxalq axtarışa verdiyini də xatırladıb. Portalın “Kremlin ruporları” bölməsinin şüarı belədir: “İnformasiyanı silaha çevirmək – Rusiya hərbi doktrinasının tərkib hissəsidir”. Həmin şüarın altında isə yazılıb: “Bu gün Kreml müharibəni təkcə raketlər, tanklar və toplarla aparmır. İnformasiya müharibəsində dəqiq müəyyən edilmiş cəbhə xətti yoxdur. Rusiya hakimiyyəti bu müharibəyə əhəmiyyətli resurslar yatıraraq Ukraynanı, bütövlükdə, dünyanı qeyri-sabit məkana çevirməyə, siyasi proseslərə təsir göstərməyə və planetin müxtəlif regionlarında ictimai rəyi öz işğalçı maraqlarına uyğunlaşdırmağa çalışır”.
Rusiyanın müharibə apardığı ölkə ilə yanaşı, digər qonşularına qarşı da eyni üsullardan istifadə etməsi – zorakılığı, təcavüzü dəstəkləməsi, ərazi bütövlüyünə, suverenliyə təhdid sayılacaq münaqişə vəziyyəti yaratmağa çağırışları ilə yalnız özünə ziyan vurmuş olur. Kreml yönəltdiyi bu zərərli hərbi-siyasi ritorika ilə düşmənləri bir yana, sadiq tərəfdaşlarını, dostlarını itirməkdədir. Azərbaycan həm cənub, həm də şimal qonşusu ilə beynəlxalq hüquqa, səmimiyyətə və etimada söykənən, daxili işlərə qarışmamaq prinsipinin gözlənildiyi münasibətlərə üstünlük verib. Amma bunun əvəzində qarşı tərəfdən ölkənin təhlükəsizliyinə təhdid səsləndirənlərin, xalqın hissiyyatına dil uzadanların dillərini, torpağına əl uzadanların əllərini kəsməyə hər zaman siyasi iradəsi və hərbi qüdrəti çatar. Buna ən yaxın tarix şahidlik edib...
XQ-nin Analitik Mərkəzi