Siyasi etimad iki region arasında körpüyə çevrilir

25.11.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycanın sülh təşəbbüsləri Balkan diplomatiyasının diqqətində

Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 24-də Bakıda Monteneqronun Baş naziri Miloyko Spayiçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi Cənubi Qafqaz ilə Qərbi Balkanlar arasında siyasi dialoqun və əməkdaşlığın inkişafında mühüm hadisə oldu.

Görüşdə Azərbaycanla Monteneqronun uzun illərdir dost və tərəfdaş olduğunu vurğulayan dövlətimizin başçısı ölkələr arasında yüksəksəviyyəli münasibətlərin formalaşdığını qeyd etdi. Prezident İlham Əliyev 2027-ci ildə Monteneqro Prezidentinin Azərbaycana rəsmi səfərinin nəzərdə tutulduğunu bildirərək bu təmasların siyasi və strateji əməkdaşlığın daha da dərinləşməsinə xidmət etdiyini diqqətə çatdırdı. Dövlət başçısı Baş nazirin səfərinin ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə etdi. Bütün bunlar Bakı ilə Podqoritsa arasında qarşılıqlı etimada əsaslanan siyasi dialoqun ardıcıl şəkildə inkişaf etdiyini göstərir. 

Həmin gün Monteneqronun Baş naziri Miloyko Spayiçin Azərbaycanın Baş naziri Əli Əsədovla görüşündə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu. Spayiç iki ölkə arasında uzun müddətdir mövcud olan dostluq və tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsində Podqoritsanın maraqlı olduğunu vurğuladı. Görüş siyasi dialoqun dərinləşdirilməsi, hökumətlərarası əlaqələrin gücləndirilməsi və əldə olunmuş razılaşmaların praktiki müstəvidə həyata keçirilməsi baxımından əhəmiyyət daşıyır.

***

Azərbaycan ilə Monteneqro arasındakı diplomatik münasibətlərin tarixi müstəqilliyin ilk illərindən etibarən ardıcıl inkişaf yolu keçib. Monteneqronun suverenliyini bərpa etməsindən dərhal sonra, 2006-cı il iyulun 24-də tarixində Azərbaycan Monteneqronun müstəqilliyini rəsmən tanıdı. İkitərəfli diplomatik əlaqələrin yaradılması haqqında Protokol isə 2008-ci il aprelin 24-də imzalandı. Hələ 2006-cı ildə Almaniyaya işgüzar səfəri zamanı Prezident İlham Əliyev Monteneqronun Baş naziri Milo Cukanoviç ilə görüşdü. İlkin təmaslar iki gənc respublika arasında siyasi etimadın əsasını qoydu. Azərbaycan tərəfi yeni müstəqillik qazanmış Monteneqro ilə əlaqələrin qurulmasına ilk günlərdən xüsusi siyasi diqqət ayırdı. Dövlət başçılarının təmasları ikitərəfli münasibətlərin sürətli inkişafına zəmin yaratdı.

Diplomatik nümayəndəliklərin təsis edilməsi ikitərəfli siyasi əlaqələrin institusional əsaslarını möhkəmləndirdi. 2012-ci il aprelin 24-də Azərbaycanın Monteneqroda Diplomatik nümayəndəliyi fəaliyyətə başladı. 2013-cü il dekabrın 3-də Monteneqronun Azərbaycanda Fəxri konsulluğu açıldı. İki ölkə arasında indiyədək 17 sənəd imzalanıb, 7 layihə isə nəzərdən keçirilir. Tərəflər arasında mövcud olan müqavilə bazası gələcək razılaşmalar üçün möhkəm hüquqi dayaq yaradır.

***

Bakı görüşündə Baş nazir Miloyko Spayiçin səsləndirdiyi əsas siyasi mesaj Cənubi Qafqazdakı sülh gündəliyinə verilən dəstək oldu. Spayiç Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə edilmiş uğurlar münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarıdır. Dövlət başçısı ölkəmizin bölgədə davamlı sülhün və sabitliyin möhkəmləndirilməsi üçün səylərini davam etdirəcəyini bəyan etdi. NATO üzvü olan Avropa dövlətinin rəhbərinin Bakının sülh təşəbbüslərini təbrik etməsi mühüm diplomatik faktdır. 

Azərbaycan ilə Monteneqronu yaxınlaşdıran əsas siyasi prinsiplər suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmətdir. Hər iki dövlət beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığını xarici siyasətin təməl norması kimi qəbul edir. Monteneqro Azərbaycanın 2020-ci il və 2023-cü il əməliyyatları nəticəsində ərazi bütövlüyünü tam bərpa etməsi ilə yaranan yeni reallıqlara hörmətlə yanaşır. Kiçik və orta gücə malik respublikalar kimi, Bakı və Podqoritsa beynəlxalq hüququn aliliyini kənar güc mərkəzlərinin diktəsindən üstün tuturlar. 

Monteneqronun Avroatlantik məkandakı mövqeyi Azərbaycanın Avropa diplomatiyası üçün xüsusi strateji əhəmiyyət daşıyır. 2017-ci ildən NATO-nun tamhüquqlu üzvü olan və Avropa İttifaqına üzvlük yolunda irəliləyən Monteneqro Qərbi Balkanlarda sabitləşdirici rol oynayır. Azərbaycanın Balkan dövlətləri, o cümlədən Monteneqro, Serbiya, Albaniya və Bosniya-Herseqovina ilə qurduğu sıx əlaqələr Avropa məkanında balanslı diplomatik şəbəkə formalaşdırır. Bəzi Qərbi Avropa paytaxtlarında Azərbaycana qarşı aparılan qərəzli kampaniyalar fonunda Podqoritsanın obyektiv mövqeyi Brüssel və NATO müzakirələrində konstruktiv tarazlıq yaradır. Azərbaycanın Balkan siyasəti Avropa İttifaqı ilə dialoqun şaxələndirilməsinə kömək edir. 

Parlamentlərarası diplomatiya Azərbaycan-Monteneqro əlaqələrinin mühüm institusional dayağını təşkil edir. Azərbaycan Milli Məclisində 7 üzvdən ibarət Azərbaycan-Monteneqro parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. 2021-ci il iyunun 10-da isə Monteneqro Parlamentində 5 deputatdan ibarət Azərbaycanla dostluq qrupu yaradılıb. Qanunverici orqanların xarici siyasət komitələri arasında təmaslar imzalanan dövlətlərarası sənədlərin ratifikasiyasını sürətləndirir. Həmçinin ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyası kimi beynəlxalq parlament platformalarında nümayəndə heyətləri koordinasiyalı fəaliyyət nümayiş etdirirlər. 

Çoxtərəfli beynəlxalq təşkilatlarda əməkdaşlıq iki ölkənin xarici siyasət maraqlarının uzlaşdığını təsdiqləyir. BMT, ATƏT və Avropa Şurası çərçivəsində Bakı və Podqoritsa qarşılıqlı dəstək prinsiplərini rəhbər tuturlar. Müasir dövrdə beynəlxalq təsisatların böhran yaşadığı şəraitdə suveren dövlətlərin ikili standartlara qarşı konstruktiv mövqe tutması vacib əhəmiyyət kəsb edir. Hər iki dövlət regional münaqişələrin kənar müdaxilə olmadan, beynəlxalq hüquq normaları əsasında nizamlanmasını müdafiə edir. Qloballaşan dünyada beynəlxalq hüquqa hörmət prinsiplərinin qorunması kiçik və orta dövlətlər üçün həyati məsələdir. Bakı və Podqoritsa çoxtərəfli platformalarda həmin prinsipləri müdafiə edirlər.

Strateji infrastruktur və enerji təhlükəsizliyi məsələləri də ikitərəfli münasibətlərdə siyasi məzmun daşıyır. Cənub Qaz Dəhlizinin davamı kimi nəzərdə tutulan İon-Adriatik Boru Kəməri layihəsi Balkan ölkələrinin enerji təchizatının şaxələndirilməsində əsas siyasi vasitədir. Avropa dövlətlərinin tək enerji mənbəyindən asılılığının azaldılması onların xarici siyasət müstəqilliyini qoruyur. Enerji təhlükəsizliyi məsələsi Avropanın siyasi gündəliyində əsas yer tutur. Azərbaycanın Balkan regionunun enerji sabitliyinə verdiyi töhfə ikitərəfli siyasi dialoqun dəyərini artırır. 

Həm Cənubi Qafqazda, həm də Qərbi Balkanlarda tarixi proseslər göstərir ki, davamlı sabitlik yalnız regional əməkdaşlıqla mümkündür. Kənar hegemon mərkəzlərin bölgələri təsir dairələrinə bölmək cəhdləri qarşısında suveren dövlətlərin vasitəsiz dialoqu ən düzgün yoldur. Azərbaycanın regional sülh gündəliyinin təşəbbüskarı kimi çıxış etməsi Monteneqro kimi qonşuluq əməkdaşlığına önəm verən dövlətlər üçün uğurlu nümunədir. Xarici təzyiqlərdən uzaq ikitərəfli əməkdaşlıq dövlətlərin müstəqil qərar qəbuletmə qabiliyyətini qoruyur. Cənubi Qafqaz və Balkan təcrübəsi qarşılıqlı hörmətin əhəmiyyətini təsdiqləyir.

Yusif Şərifzadə

 XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью