Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı proqram xarakteri, dərin intellektual tutumu və praktiki əhəmiyyəti ilə ölkənin mövcud vəziyyətini və qarşısında duran çağırışları təhlil edən, dövlətçilik strategiyasının əsas istiqamətlərini, gələcək hədəflərini və inkişaf perspektivlərini müəyyənləşdirən mühüm siyasi aktdır.
Nitqdə tarixi təcrübə, Azərbaycanın müasir vəziyyəti və gələcək perspektivlər vahid siyasi məntiq çərçivəsində əlaqələndirilir. Dövlətçilik irsi, tam suverenlik, müstəqil siyasət, təhlükəsizlik və inkişaf bir-birini tamamlayan və vahid strateji xətt təşkil edən istiqamətlər kimi təqdim olunur.
Cənab Prezidentin çıxışında milli maraqlar, müstəqil qərarvermə və dövlətin real imkanları ilə bağlı səsləndirilən fikirlər siyasi realizm nəzəriyyəsinin əsas müddəaları ilə də səsləşir.
Siyasi realizm dövlətin təhlükəsizliyini, milli maraqlarını və mövcud imkanlarını qərarvermənin əsas meyarları kimi qəbul edir. Burada dövlət siyasətinin arzu olunan beynəlxalq nizamla yanaşı, mövcud güc münasibətlərini də nəzərə almalı olduğu vurğulanır.
Bu yanaşmada məqsədlə imkanın, hüquqla onun təminatının, niyyətlə nəticənin əlaqəsi siyasi məsuliyyətin məzmununu müəyyənləşdirir.
XX əsrin görkəmli siyasi mütəfəkkiri olan Hans Morgentaunun siyasi realizm prinsipləri həmin əlaqənin nəzəri əsasını açır. Morgentau siyasətin insan təbiətindən qaynaqlanan obyektiv qanunlara əsaslandığını qəbul edərək beynəlxalq siyasətin təhlilində güc baxımından müəyyən edilən maraq anlayışını əsas istiqamətverici meyar sayır. Bu çərçivədə siyasi fəaliyyətin mənəvi qiymətləndirilməsi qərarların konkret şəraitdə doğurduğu nəticələrlə əlaqələndirir və hər hansı dövlətin özünəməxsus mənəvi-siyasi məqsədlərinin ümumbəşəri əxlaqla eyniləşdirilməsini rədd edilir.
Morgentaunun siyasi nəzəriyyəni həm ağıl, həm də təcrübə vasitəsilə yoxlamaq tələbi siyasi yanaşmanın məntiqi ardıcıllığını praktiki nəticələrlə əlaqələndirir. Qərarın əsaslandırılması məqsədin bəyan edilməsi ilə yekunlaşmır; seçilmiş vasitələrin və mümkün nəticələrin təhlilini də tələb edir.
Dövlət marağı prinsipi siyasi qərarın xalqın təhlükəsizliyinə, dövlətin müstəqilliyinə və ölkənin inkişafına verdiyi töhfə əsasında qiymətləndirilməsini nəzərdə tutur. Bu prinsipin konkret nümunəsi ümummilli lider Heydər Əliyevin neft strategiyasıdır. Azərbaycanın ağır iqtisadi və təhlükəsizlik problemləri ilə üz-üzə olduğu 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması gələcəyə hesablanmış dövlətçilik qərarı idi. Neft strategiyasının əhəmiyyəti Azərbaycanın təbii sərvətlərinin və coğrafi mövqeyinin strateji üstünlüyə çevrilməsində də özünü göstərdi. Bu imkanların reallaşdırılması ölkənin beynəlxalq tərəfdaşlıq əlaqələrini genişləndirdi və geosiyasi mövqeyini gücləndirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən dövlətçilik xətti həmin strateji üstünlüyü diplomatik uğurlara və hərbi qüdrətə çevirdi, Zəfərin əldə olunmasını və Azərbaycanın bütün ərazisində suverenliyinin tam bərqərar edilməsini təmin etdi.
Ali Baş Komandan İlham Əliyevin nitqində hərbi gücün artırılmasına xüsusi diqqət yetirilməsi əldə olunmuş nailiyyətlərin qorunması və yeni təhdidlərə hazırlıq zərurətindən irəli gəlir. Nitqdə müdafiə vəzifələri ilə yanaşı, vətəndaş rifahının yüksəldilməsi və azad olunmuş ərazilərdə bərpa işlərinin davam etdirilməsi də dövlət siyasətinin əsas istiqamətləri kimi təqdim olunur. Bu yanaşma hərbi qüdrətin, sosial rifahın və quruculuğun vahid dövlətçilik strategiyası çərçivəsində bir-birini tamamladığını göstərir.
Beynəlxalq etibarlılıq, əməkdaşlıq imkanları və qərarların ardıcıllığı Azərbaycanın siyasi çəkisini artırır. Ölkənin regionda təhlükəsizlik oazisi kimi səciyyələndirilməsi sabitliyin strateji dəyərini ifadə edir. Belə bir mühitin davamlılığı risklərin vaxtında qiymətləndirilməsindən və qabaqlayıcı tədbirlərdən asılıdır.
Dövlət başçısının vurğuladığı kimi, ölkə daxilində risklər mövcud deyil, onlar hüdudlarımızdan kənarda formalaşır. Xarici təzyiqlərlə yanaşı, ideoloji təhlükəsizliyin önə çəkilməsi təhdidlərin informasiya və düşüncə müstəvisində də qiymətləndirilməsini tələb edir. Müasir kommunikasiya vasitələri ideoloji təsirlərin sərhədləri aşmasını asanlaşdırdığından ictimai etimadın və müstəqil qiymətləndirmə qabiliyyətinin qorunması xüsusi əhəmiyyət daşıyır.
İdeoloji təhdidin təhlükəli məqamlarından biri də odur ki, o cəmiyyətin dəyər verdiyi anlayışların dili ilə təqdim oluna bilər. Azadlıq, demokratiya, ədalət və insan hüquqlarının normativ məzmunu ilə siyasi məqsədlər üçün istifadəsi fərqləndirilməlidir. Bir siyasətin bu dəyərlərlə əsaslandırılması onun nəticələrinin də həmin dəyərlərə xidmət etdiyinə təminat vermir.
Anlayışın yanlış qavranılması ilə həmin yanlışlıqdan məqsədli istifadə arasında mühüm fərq var. Sadələşdirmənin yaratdığı yanlış təsəvvür maarifləndirmə ilə düzəldilə bilər. Həmin təsəvvür müəyyən siyasi davranışı təşviq etmək üçün istifadə olunduqda isə anlayışın təhrifi manipulyasiya mexanizminə çevrilir.
Azadlığın dövlət institutlarının zəifləməsi ilə eyniləşdirilməsi insanın öz hüquqlarının təminatını zəiflədən addımı azadlığın genişlənməsi kimi qəbul etməsinə səbəb ola bilər. Demokratiyanın yalnız xaricdən təqdim olunan modelə uyğunluqla ölçülməsi xalqın tarixi təcrübəsini və siyasi seçimini dəyərsizləşdirə bilər. Ədalətin bəyan edilən niyyətlər əsasında qiymətləndirilməsi isə qərarların real nəticələrini diqqətdən kənarda qoyur.
Bu təhriflərdən məqsədli istifadə hadisələrin qavranılmasına təsir edir və yaranan münasibəti siyasi məqsədə yönəldir. Nəticədə mənəvi dəyər daşıyan anlayışlar təzyiq və müdaxilə vasitəsinə çevrilə bilir. Belə istifadənin üzə çıxarılması onların real məzmununun qorunması üçün də vacibdir.
Siyasi modellərin universal resept kimi ixracı həmin modellərin tətbiq olunacağı ölkənin xüsusiyyətlərini nəzərdən qaçıra bilər. İnstitutların fəaliyyəti hüquqi mədəniyyət, tarixi yaddaş, ictimai münasibətlər və dövlətçilik təcrübəsi ilə bağlıdır. Bu amillər nəzərə alınmadıqda dəyişiklik gözlənilən nəticəni verməyə bilər, hətta yeni problemlər yarada bilər. Modelə uyğunluq təzyiq vasitəsinə çevrildikdə isə ölkənin təhlükəsizliyi və insanların real imkanları ikinci plana keçir.
Ölkə başçısının təhsilin inkişafı və vətənpərvərlik ruhunun gücləndirilməsi ilə bağlı vurğuladığı məqamlar ideoloji dayanıqlılığın təminatı baxımından mühüm konseptual xarakter daşıyır. Təhsil və maarifləndirmə vətəndaşın öz hüquq və vəzifələrini, cəmiyyət və dövlət qarşısında məsuliyyətini düzgün qavramasına, hadisələri düzgün qiymətləndirməsinə və milli maraqlara xidmət edən siyasi kursun mahiyyətini dərk etməsinə kömək edir. Vətənpərvərlik isə bu mövqeyi dövlətin müstəqilliyinə bağlılıq və onun gələcəyi üçün məsuliyyət hissi ilə tamamlayaraq ölkə başçısı ətrafında formalaşmış xalq birliyinin mənəvi əsaslarını möhkəmləndirir.
Prezident İlham Əliyevin çıxışında müəyyənləşdirilən strateji xətt hərbi hazırlığı, iqtisadi inkişafı, vətəndaş rifahını və ideoloji dayanıqlılığı milli məqsədlər ətrafında birləşdirir. Bu məqsədlərin həyata keçirilməsi tarixi təcrübədən nəticə çıxaran, qərarlarını real imkanlara əsaslandıran və onların nəticələrinə görə məsuliyyət daşıyan dövlətçilik siyasətinə söykənir. Məhz belə bir siyasət Azərbaycanın suverenliyinin qorunmasını və müstəqil inkişafının davamlılığını təmin edir.
Mehdi ABDULLAYEV,
Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, hüquq elmləri doktoru