Siyasilərdən Mübariz Əhmədoğluna SƏRT SÖZLƏR

25.11.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Politoloq Mübariz Əhmədoğlunun İrəvandakı Göy məscid və Gürcüstanda yaşayan soydaşlarımız arasında İranın ideoloji təsirləri ilə bağlı səsləndirdiyi fikirlər ictimaiyyət və sosial media istifadəçiləri arasında ciddi narazılıq və geniş müzakirələr yaradıb. Belə ki, politoloqun Borçalıda yaşayan azərbaycanlı kişilərə ünvanladığı “Ar olsun Borçalıda yaşayan kişilərə” ifadəsi etirazla qarşılanıb. Bakıda və Gürcüstanda yaşayan Borçalı nümayəndələri bu fikirləri təhqiramiz və ədalətsiz hesab edərək politoloqdan ictimaiyyət qarşısında üzr istəməsini tələb ediblər.

Borçalı ictimaiyyətinin nümayəndələri bildiriblər ki, ayrı-ayrı şəxslərin siyasi mövqeyinə görə bütöv bir bölgənin əhalisini kollektiv şəkildə ittiham etmək yolverilməzdir. Bəs ümumiyyətlə, hazırda Borçalıda İranla bağlı hansı proseslər baş verir? İranın orada təsir imkanları nə dərəcədədir?

Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlamasında siyasi şərhçi Zəlimxan Məmmədli bunun yeni məsələ olmadığını deyib:

“İlk dəfə bu mövzunu, bəlkə də, daha radikal formada gündəmə gətirən Zəlimxan Məmmədli olub. 2011-ci ildə “İran insanları toplu halda Quma, Məşhədə aparır, türkçülüyə qarşı barmaq silkələyən insanlar yetişdirir” ifadəsi isə mənə məxsusdur. Ancaq həmin insanlar, bu gün etiraz edənlərin əksəriyyəti mənim əleyhimə idi. İran hər halda türklərin, müsəlmanların yaşadığı ərazilərdə, xüsusilə də şiə kəsimi görən kimi oranı özünün proksi qüvvələri üçün məkan hesab edir. Bu baxımdan, onu da başa düşmək lazımdır.

Amma bizim üçün Borçalı strateji nöqtədir. Borçalı Türkiyə, Azərbaycan və Gürcüstanı birləşdirən mənəvi körpüdür. Borçalı Gürcüstanı türk dünyasına bağlayan mənəvi, etnik və dini bir məkandır. Borçalı həm də tarazlıq nöqtəsidir. Yəni Borçalı yerindən oynayarsa, başqa bir səmtə yönələrsə, ümumiyyətlə, Qafqazda problemləri yığıb yığşdırmaq olmaz. Bu baxımdan, biz Borçalıya strateji nöqtə kimi yanaşırıq”.

Onun sözlərinə görə, Azərbaycanın dini siyasəti elə qurulmalıdır ki, nə ölkəmizdə, nə də Azərbaycan türklərinin yaşadığı digər bölgələrdə dünyadan təcrid olunmuş, qəbul olunmayan, oyun qaydalarına uymayan və dünyəvi dövlət modelini qəbul etməyən İranın öz maraqlarını həyata keçirməsinə imkan yaranmasın:

“İran hazırda sivil dünyadan təcrid olunmuş vəziyyətdədir. Onun müxtəlif bölgələrdə istifadə etdiyi əsas vasitələrdən biri dini amildir. Tehran Yaxın və Orta Şərqdə proksi qüvvələr formalaşdırmağa, ayrı-ayrı dövlətlərə qarşı hücumlar təşkil etməyə və terror aktları həyata keçirməyə çalışır. Azərbaycanda da bu qəbildən olan bir sıra hadisələr var ki, Rafiq Tağının qətlə yetirilməsi, Fazil Mustafaya və səfirliyimizə qarşı törədilən terror aktı İranın işidir.

İran bu baxımdan sabit dövlət deyil. O, öz maraqlarını təmin etmək üçün etnik amildən, eləcə də onun üzərində dini amildən istifadə edərək proksi qüvvələr yaradır. Nəticədə Azərbaycanla Borçalı arasında nifaq sala, Borçalı türklərini türk dünyasından dini təəssübkeşlik zəminində ayıraraq fərqli müstəviyə yönəldə bilər".

Zəlimxan Məmmədli vurğulayıb ki, Borçalıların üzərinə düşən əsas məsələ icmalaşmaqdır:

"Vaxtilə Borçalı Cəmiyyətinin sədri olduğum dövrdə ən mükəmməl icmalardan birinin əsasını qoymuşam. Borçalı türklərinin elat mədəniyyətini yaşatmaq məqsədilə təşkil olunan Elat bayramı on minlərlə insanı bir araya gətirirdi. Bu, əsl icmalaşma prosesi idi. Eyni zamanda, türklük və özünüdərk hərəkatı idi.

Həmin təşəbbüsə qarşı çıxan, onu daşqalaq edən insanlar bu gün daş atıb başlarını yaran insanlardır. Bəziləri Bakıda, müxtəlif qurumlarda fəaliyyət göstərirlər. Guya Borçalı təəssübkeşliyi çəkən insanlar əslində Borçalı üçün ən böyük milli-mədəni tədbirlərdən biri olan Elat bayramının yanında olmalı, onun inkişafına dəstək verməli idilər. Müxtəlif qüvvələrlə əməkdaşlıq edərək həmin milli hərəkatın zəifləməsinə imkan verməməliydilər. Lakin buna baxmayaraq, həyat davam edir.

İnsanlarımızın zəif kütləsi İranın o çirkli maliyyələrinin qurbanı olmasınlar. Azərbaycan tərəfi təhsilə önəm verməlidir, ciddi investisiya proqramı işləyib hazırlanmalıdır. Dini siyasət, dini maarifləndirmə istiqamətində ciddi işlər görülməlidir. Biz mövhumatlarla və xürafatla insan yetişdirə bilmərik. Çünki o bizim türklüyə, milli kimliyə qarşı təfriqə rolunu oynaya bilər və gələcəkdə ayrımcı bir müstəviyə keçə bilər. Ona görə həm Borçalının, həm Gürcüstan hölkumətinin, həm də Azərbaycanın üzərinə ciddi vəzifələr düşür. Gürcüstan və Azərbaycan bir yerdə dünyadan tədric olunmuş bir dövlətin hər iki ölkəyə uzanan əllərini kəsməlidir".

Siyasi şərhçi Mübariz Əhmədoğlunun səsləndirdiyi fikirlərə də münasibət bildirib:

“Mən o fərdi müzakirə etmək istəmirəm. sadəcə olaraq orada bir nəfərə qarşı da olsa və ya onun nəzərəd tutduğu bir qrupa, bir topluma qarşı da olsa, həqarət nə hüquqi dövlət prinsiplərinə, nə də dini prinsiplərə uyğun deyil. insanları aşağılamaq alçaltmaq və onların hesiyyatına toxunmaq mənə elə gəlir ki, sivil insanların işi deyil. Hər halda ar olsun ifadəsi təhqirdir. Bir toplumu təhqir etmək olmaz. fikir söylə, fərqli fikrin olsun. Ağzını rahat saxla. Dil zəhər tuluğuna çevrilməməlidir. Mübariz Əhmədoğlu bir az emosiyalara qapıldı. Bu məsələ acı bağırsaq kimi uzanmasın. Mən də nəsə deyə bilərəm”.

Milli Cəbhə Partiyasının (MCP) başqan müavini Rafiq Daşdəmirlinin sözlərinə görə, bir qrup insanın əməlinə görə bütün Borçalı əhalisini ittiham etmək olmaz:

“Noyabrın sonlarında azərbaycanlı politoloq Mübariz Əhmədoğlunun İrəvandakı Göy məscid məsələsi fonunda Borçalı əhalisini tənqid edən çıxışı sosial şəbəkələrdə və mediada böyük mübahisə yaradıb. Bəzi Borçalı əsilli insanlarımız bölgədə İran bayrağının qaldırılması və ya İran təsirinin güclənməsi iddialarını gündəmə gətirərək, müəyyən dini qrupların fəaliyyətinə görə bütövlükdə Borçalı azərbaycanlılarının hədəfə çevrilməsinin təhlükəli olduğunu vurğulayırlar.

İran bölgədə sünni-şiə məzhəbləri arasında ziddiyyətləri qızışdırmaq və dini kimliyi ön plana çıxarmaqla Borçalıda yaşayan azərbaycanlıların milli kimliyini zəiflətməyə çalışmaq istəyir. Amma bu beş yüz minlik bir ahali üçün bir qurub insanın iki yüz üç yüz insanın bu işlərə rəva verməsi,heç də Borçalı əhalisinin adına yazmaq yersizdir. İran zamanla Borçalıda etdiklərini Azərbaycanda etmək niyyətində olub. Amma bu o demək deyildir ki, edə bilib”.

O qeyd edib ki, bütün bu fəaliyyətlərə baxmayaraq, İranın Borçalıdakı təsiri heç də deyilən kimi çox deyil:

“Borçalı azərbaycanlılarının böyük əksəriyyətində Azərbaycanla güclü tarixi, dil və milli-mədəni bağlılıq qalmaqdadır. Dini inancların güclü olmasına baxmayaraq, əhalinin əsas hissəsi dünyəvi həyat tərzinə və milli kimliyə üstünlük verir.

İranpərəst qrupların zaman-zaman keçirdiyi aksiyalar və fəallıq Gürcüstan hökumətinin diqqət mərkəzindədir, həm də Qərb tərəfdaşlarının ciddi narahatlığına səbəb olur. Bu isə Tehranın açıq siyasi müstəvidə manevr imkanlarını müəyyən qədər məhdudlaşdırır. Son zamanlar quru sərhədlərin bağlı qalması, Ermənistan üzərindən İranın fəaliyyət proqramını daha da inkişaf etdirib. İran şirkətlərinin məhz Borçalıda beş dəfədən də çox artması,işsiz gücsüz qalmış insanlara təsir mexanizmini çoxaldıb.

Amma hər tərəfdən gələn təzyiqlərə sinə gərən Borçalı xalqı bu gün də öz ləyaqətini uca tutur. Tarixin ən ağır sınaqlarından üzüağ çıxan Borçalı elinin insanları heç vaxt əyilməyib və bundan sonra da öz milli qürurunu qorumaqda davam edəcək. Mübariz Əhmədoğlunun fikirlərinə gəlincə, onun mənasız, düşünülməmiş deyilən sözlər kimi qəbul edirəm. Mübariz Əhmədoğlu bir mənalı olaraq səhv fikir yürüdüb. Heç Borçalını görmədiyi halda Borçalı haqda fikir bildirməsi yersizdir.

Beş yüz mindən çox əhalisi olan bir bölgəni təhqir etmək yolverilməzdir. Hər şeyi öz adıyla çağırmaq lazımdır. Bəli problem var, amma onun həll yolları da var. Heç kim problemin olmadığını demir. Bu problemlər Bakıda da var, amma həlli də var”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью