Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Bəzi insanlar üçün adi görünən çeynəmə, nəfəsalma və ya barmaqla masaya vurma səsləri dözülməz ola bilər. Hətta ətrafdakılar üçün heç bir narahatlıq yaratmayan zəif səslər belə bəzi şəxslərdə güclü qıcıqlanma, qəzəb və narahatlıq hissinə səbəb olur. Bu vəziyyət misofoniya adlanır. Bəs misofoniya nədir, hansı səbəblərdən yaranır və onunla necə mübarizə aparmaq olar?
“Yeni Sabah” xəbər verir ki, Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov misofoniyanın xüsusiyyətləri, yaranma səbəbləri və mübarizə üsulları barədə fikirlərini bölüşüb.
Mütəxəssisin sözlərinə görə, misofoniya müəyyən səslərə qarşı həddindən artıq emosional reaksiya ilə xarakterizə olunan vəziyyətdir. İnsan belə səsləri eşitdikdə güclü qıcıqlanma, qəzəb, narahatlıq və ya ikrah hissi keçirə bilər. Ən çox rast gəlinən səslər sırasında çeynəmə, udqunma, nəfəsalma, dodaq səsləri və barmaqla masaya vurma yer alır. Elektronika məhsulları
Rövşən Nəcəfov qeyd edib ki, misofoniyanı adi səs həssaslığı ilə qarışdırmaq olmaz. Adi səs həssaslığında insan, əsasən, yüksək və gur səslərdən narahat olduğu halda, misofoniyada səsin yüksəkliyi əsas rol oynamır. Hətta çox zəif səslər belə güclü emosional reaksiya yarada bilər.
Onun sözlərinə görə, misofoniyanın əsas xüsusiyyətlərindən biri də insanın müəyyən səslərə qarşı seçici həssaslıq göstərməsidir. Məsələn, bir şəxs başqasının çeynəmə səsinə dözə bilmədiyi halda, yüksək musiqidən heç bir narahatlıq duymaya bilər.
Psixoterapevt bildirib ki, misofoniyanın yaranması beynin eşitmə və emosional reaksiyaların tənzimlənməsində iştirak edən sistemlərinin qarşılıqlı fəaliyyəti ilə əlaqəli ola bilər. Bəzi insanlarda müəyyən səslər beynin emosional emal sistemində daha güclü reaksiya yaradır. Nəticədə adi səs qıcıqlandırıcı deyil, sanki təhlükə və ya narahatlıq mənbəyi kimi qəbul edilir.
Mütəxəssis vurğulayıb ki, stress, uzunmüddətli yorğunluq, narahatlıq və əvvəlki mənfi təcrübələr bu reaksiyaları daha da gücləndirə bilər. Bəzən konkret səs müəyyən insanla və ya xoşagəlməz hadisə ilə əlaqələndirilir. Sonradan həmin səsin eşidilməsi avtomatik emosional reaksiyaya səbəb olur.
R.Nəcəfovun sözlərinə görə, misofoniya bəzi hallarda narahatlıq və obsesiv-kompulsiv əlamətlərlə də yanaşı müşahidə oluna bilər. Lakin bu, həmin pozuntuların mütləq misofoniyaya səbəb olduğu anlamına gəlmir.
Misofoniya ilə mübarizə yollarına toxunan psixoterapevt bildirib ki, əsas məqsəd insanın müəyyən səslərə verdiyi emosional reaksiyanı idarə etməsinə kömək etməkdir. İlk növbədə problemin səviyyəsi və gündəlik həyata təsiri qiymətləndirilməlidir.
O qeyd edib ki, psixoterapevtik yanaşmalar arasında koqnitiv-davranış terapiyası xüsusi yer tutur. Bu terapiya insana səsə qarşı yaranan avtomatik düşüncələri və emosional reaksiyaları tanımağa, onları daha sağlam şəkildə idarə etməyə kömək edir. Eyni zamanda, nəfəs və relaksasiya texnikalarından, emosional tənzimləmə üsullarından da istifadə olunur.
Mütəxəssis bəzi hallarda mərhələli səs ekspozisiyasının tətbiq edilə biləcəyini də diqqətə çatdırıb. Bununla belə, bu üsulun hər pasiyent üçün uyğun olmadığını və mütəxəssis nəzarəti tələb etdiyini bildirib.
Rövşən Nəcəfov əlavə edib ki, tibbi baxımdan ilk növbədə eşitmə problemlərinin istisna edilməsi vacibdir. Bunun üçün audioloq və otorinolarinqoloqun müayinəsi tövsiyə oluna bilər. Yanaşı psixoloji pozuntular müşahidə edildikdə isə psixiatrın qiymətləndirməsi məqsədəuyğundur.
Psixoterapevtin sözlərinə görə, hazırda misofoniyanı birbaşa müalicə edən, elmi cəhətdən təsdiqlənmiş xüsusi dərman preparatı yoxdur. Dərman müalicəsi yalnız yanaşı gedən problemlər olduqda həkim tərəfindən nəzərdən keçirilir.
O, gündəlik həyatda fon səslərindən istifadə etməyin, yuxu rejimini qorumağın, stressi azaltmağın və narahatlıq yaradan mühitlərdə qısa fasilələr verməyin faydalı ola biləcəyini vurğulayıb. Bununla yanaşı, bütün səslərdən qaçmağın düzgün olmadığını bildirib. Çünki davamlı qaçınma davranışı insanın sosial həyatını daha da məhdudlaşdıra bilər.