Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
22 noyabr 1984-cü ildə Nyu-Yorkda amerikalı aktrisa və müğənni Skarlett Yohansson dünyaya gəlib. O, sonradan Hollivudun ən yüksək qonorar alan aktrisalarından birinə çevrilib.
Yohansson kino karyerasına hələ uşaq yaşlarında başlayıb. İlk rolunu “North” filmində alıb. Filmdə o, gənc aktyor Elayca Vudla birlikdə çəkilib.
Sonrakı bir neçə rolu geniş tamaşaçı kütləsinin diqqətini cəlb etməsə də, 1996-cı ildə “Manny & Lo” filmində baş rolda oynamaqla karyerasında mühüm mərhələyə qədəm qoyub. Bu işinə görə Independent Spirit Awards mükafatında “Ən yaxşı qadın rolunun ifaçısı” nominasiyasına layiq görülüb.
1998-ci ildə isə Robert Redfordun rejissoru olduğu “At oynadan” (“The Horse Whisperer”) filmində Qreys Maklin obrazını canlandırıb. Bu rol aktrisaya ABŞ-da ilk ciddi şöhrəti gətirib.
Bundan sonra Yohansson müxtəlif janrlı filmlərdə, o cümlədən tənqidçilərin rəğbətini qazanan “Ruhlar dünyası” (“Ghost World”) və “Olmayan adam” (“The Man Who Wasn’t There”) ekran əsərlərində çəkilib. Lakin onun karyerasında əsl dönüş Sofiya Koppolanın “Tərcümədə itmiş” (“Lost in Translation”) filminə dəvət alması ilə baş verib.
2003-cü ildə ekranlara çıxan filmdə Skarlett Yohansson Şarlotta obrazını canlandırıb. Bu rol ona həm ABŞ-da, həm də Avropada geniş tanınma qazandırıb. Aktrisa bir sıra mükafatlara layiq görülüb, o cümlədən BAFTA mükafatını “Ən yaxşı aktrisa” nominasiyasında qazanıb. Həmçinin “Qızıl Qlobus” mükafatına komediya və ya musiqili filmdə ən yaxşı qadın rolunun ifaçısı kimi namizəd göstərilib.
Həmin il Yohanssonun daha bir mühüm filmi – “İnci sırğalı qız” (“Girl with a Pearl Earring”) tamaşaçılara təqdim olunub. Aktrisa bu ekran əsərində holland rəssamı Yan Vermerin evində xidmətçi işləyən Qrit obrazını canlandırıb. Bu roluna görə də “Qızıl Qlobus” və BAFTA mükafatlarına namizəd olub.
2004-cü ildə Yohansson Amerika Kino Sənəti və Elmləri Akademiyasına üzv seçilib. Hər il “Oskar” mükafatının qaliblərini müəyyənləşdirən akademiyanın üzvləri arasında yer almaq onun karyerası üçün mühüm hadisə idi. Həmin il aşağı büdcəli “Məhəbbət qızdırması” (“A Love Song for Bobby Long”) filmindəki roluna görə aktrisa “Qızıl Qlobus” mükafatına üçüncü dəfə namizəd göstərilib.
“Ada” filmi dünya prokatında təxminən 180 milyon dollar gəlir əldə etsə də, ABŞ-da gözlənilən nəticəni göstərməyib. Filmin yaradıcıları uğursuzluğun səbəblərindən biri kimi Yohanssonun adının geniş tamaşaçı auditoriyasını kinoteatrlara cəlb etmək gücünün yetərli olmamasını göstəriblər.
Filmin çəkilişləri zamanı maraqlı bir mübahisə də yaşanıb. Yohansson tərəf müqabili Yuen Makqreqorla çəkilən səhnələrdən birində qəhrəmanının çılpaq sinə ilə görünməsində israr edib. Lakin filmin yaradıcıları yaş reytinqinin sərtləşməsindən ehtiyat edərək aktrisadan büstqalter geyinməsini tələb ediblər.
Vudi Allenin “Matç-nöqtə” filmi isə Yohanssonun karyerası baxımından daha uğurlu olub. Ekran əsəri 2005-ci il Kann kinofestivalının müsabiqədənkənar proqramına daxil edilib və tənqidçilərdən çoxsaylı müsbət rəylər alıb. Təxminən 15 milyon dollarlıq büdcə ilə çəkilən film dünya prokatında 80 milyon dollara yaxın gəlir əldə edib. Yohansson bu roluna görə “Qızıl Qlobus” mükafatına dördüncü dəfə namizəd göstərilib. 2006-2007-ci illərdə aktrisanın iştirakı ilə bir neçə yeni film ekranlara çıxıb.
Həmin dövrdə aktrisanın iştirakı ilə daha iki ekran əsəri tamaşaçılara təqdim olunub. “Dayənin gündəlikləri” (“The Nanny Diaries”) filmində o, varlı Nyu-York ailəsində dayə işləyən gənc qızı canlandırıb. Film Nikola Kraus və Emma Maklaflinin eyniadlı romanı əsasında çəkilib.
Digər ekran əsəri isə Kristofer Nolanın rejissorluğu ilə Kristofer Pristin romanı əsasında çəkilmiş “Prestij” (“The Prestige”) filmi olub.
Yohanssonun diqqətçəkən rollarından biri də tarixi dram janrında çəkilmiş “Boleynlər nəslindən daha biri” (“The Other Boleyn Girl”) filmindəki Mariya Boleyn obrazıdır. O, Natali Portman və Erik Bana ilə birlikdə çəkildiyi bu filmdə məşhur Anna Boleynin bacısını canlandırıb. Süjetdə bacılar Tudorlar sülaləsindən olan İngiltərə kralı VIII Henrixin diqqətini və sevgisini qazanmaq uğrunda rəqabət aparırlar.
2010-cu ilin sentyabrında “Dəmir adam 2” filminin Blu-ray və DVD formatlarında təqdimatı zamanı keçirilən mətbuat konfransında Marvel Studios-un prezidenti Kevin Fayqi Yohanssonun baş rolda çəkiləcəyi “Qara dul” filmi üzərində müzakirələrin aparıldığını təsdiqləyib. O, studiyanın artıq aktrisa ilə bu layihə barədə danışıqlara başladığını da bildirib.
Hollivudun Şöhrət xiyabanında ulduzSkarlett Yohanssonun karyerasındakı mühüm hadisələrdən biri də Hollivudun “Şöhrət xiyabanı”nda öz ulduzuna layiq görülməsi olub.
Aktrisanın adını daşıyan ulduzun təntənəli açılışı 2012-ci il mayın 2-də Kaliforniyada keçirilib. Bu, onun kino sənayesində qazandığı uğurların və nüfuzun daha bir təsdiqi idi.
2018-ci il avqustun 16-da isə “Forbes” jurnalı Skarlett Yohanssonu ilin ən çox qazanan aktrisası elan edib. Nəşrin hesablamalarına görə, o, əvvəlki 12 ay ərzində 40,5 milyon ABŞ dolları gəlir əldə edib.
Beləliklə, uşaq yaşlarından kino karyerasına başlayan Skarlett Yohansson illər ərzində Hollivudun ən tanınmış və ən yüksək qonorar alan aktrisalarından birinə çevrilib. Onun uğurunun arxasında müxtəlif janrlarda yaratdığı obrazlar, nüfuzlu rejissorlarla əməkdaşlıq və böyük tamaşaçı auditoriyasının rəğbətini qazanması dayanır.
Rəsmiyyə Şərifova,
KONKRET.az