Slavyan dünyasında Azərbaycanın nüfuzu artır

16.02.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Serbiya Respublikasına rəsmi səfər edib. 

Belqrad şəhərinin Nikola Tesla Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Serbiya Prezidenti Aleksandar Vuçiç qarşılayıb.

Bu səfəri iki ölkə arasında əlaqələrin yeni mərhələyə qədəm qoyması kimi qiymətləndirmək olar? Regional və qlobal proseslər fonunda bu səfərin geosiyasi əhəmiyyəti nədən ibarətdir?

Politoloq Oqtay Qasımov “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan Prezidentinin Belqrada səfəri, dünən keçirilən ikitərəfli və geniş heyətlərlə görüşlər, ardınca imzalanan sənədlər Azərbaycan və Serbiya arasında münasibətlərin inkişafının bir göstəricisidir. 

Onun sözlərinə görə, son illər iki dövlət arasında əlaqələr intensiv şəkildə inkişaf etmiş və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir:

“Dünən imzalanmış sənədlər müxtəlif sahələri əhatə edirdi. Bundan əlavə, Azərbaycan və Serbiya müxtəlif istiqamətli əməkdaşlıq əlaqələrinə malikdir. Xüsusilə digər Avropa ölkələri kimi, Serbiyanın da Azərbaycanın enerji resurslarına ehtiyacı var və Azərbaycan bu tələbatın təminatçılarından biridir. 

Serbiya ilə münasibətlərin inkişafı Azərbaycan üçün Orta Avropada, Balkanlarda mövqeyinin güclənməsi, eyni zamanda Slavyan dünyasında nüfuzunun artması anlamına gəlir.

Serbiya coğrafi yerləşməsi və Avropadakı rolu ilə strateji əhəmiyyət daşıyan bir ölkədir və münasibətlərin inkişafı hər iki tərəfin faydasına xidmət edir, əməkdaşlıqdan hər iki ölkə ciddi şəkildə bəhrələnir”.

Politoloq əlavə edib ki, bu, tərəflərin maraqlarını özündə ehtiva edən və onların yerləşdiyi coğrafiyada mövqelərini gücləndirən bir əməkdaşlıq formasıdır:

“Azərbaycanın Serbiyada yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı investisiya yatırması ölkəmizin investor dövlət kimi rolunun artdığını göstərir. Bu razılaşmalar Azərbaycanının Avropa qitəsində və bazarındakı mövqeyinin möhkəmlənməsi kimi dəyərləndirilməlidir. Serbiyadan başqa, ondan artıq Avropa ölkəsi ilə də həm strateji tərəfdaşlıq, həm də enerji sahəsində ciddi əməkdaşlığımız mövcuddur.

Serbiya ilə münasibətlərin inkişafı, əlbəttə ki, bu ölkənin enerji təhlükəsizliyi üçün mühüm təminat deməkdir. Eyni zamanda münasibətlərimiz bölgədə hər hansı balansın dəyişdirilməsinə yönəlməyib. Bu, sadəcə olaraq tərəflərin maraqlarına uyğun qurulan əməkdaşlıqdır və hər iki tərəf bundan fayda götürməyə çalışır.

Şübhəsiz, Serbiya ilə əlaqələrin güclənməsi Azərbaycanın maraqlarına tam şəkildə cavab verir. Belə ki, həm qarşılıqlı investisiyalar, həm müxtəlif istiqamətlərdə əməkdaşlıq gələcəkdə ticarət dövriyyəsinin ciddi artımı, eləcə də qarşılıqlı inamın möhkəmlənməsi ilə müşayiət olunacaq.

Bu isə kifayət qədər mühüm faktordur. Serbiya-Azərbaycan münasibətlərinin güclənməsi tərəflərin maraqlarına uyğundur və məhz hansısa böyük geosiyasi dəyişikliklərə səbəb olacaq proses kimi qiymətləndirilməməlidir”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: rəsmi səfər Oqtay Qasımov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью