Slovakiyada Zəfər Günü təntənəsi

08.11.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 8 noyabr, AZƏRTAC

Azərbaycanın Slovakiyadakı səfirliyinin təşkilatçılığı ilə Bratislava şəhərində 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Slovakiyada yaşayan azərbaycanlı həmvətənlərimiz, eləcə də qardaş Türkiyə və Qazaxıstanın diplomatik nümayəndələri iştirak ediblər.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoyduğunu, tarixi ədaləti bərpa etdiyini və ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini bildirib.

Səfir qeyd edib ki, bu tarixi Qələbə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi uzaqgörən dövlətçilik siyasətinin, ölkəmizin güclü iqtisadi və hərbi potensialının, xalqımızın sarsılmaz iradəsinin və milli birliyinin məntiqi nəticəsidir. O, Vətən müharibəsi zamanı xalqımızın vahid amal ətrafında birləşərək “Dəmir yumruq” olduğunu vurğulayıb.

Diplomat, həmçinin 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suverenliyini bütün ərazisində tam bərpa etdiyini diqqətə çatdırıb. Bu baxımdan, 8 Noyabr və 20 Sentyabr tarixlərinin müasir Azərbaycan tarixində mühüm Zəfər günləri olduğunu bildirib.

İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə toxunan səfir “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının uğurla davam etdiyini qeyd edib. O, bu prosesin Azərbaycanın tarixi yaddaşının, milli kimliyinin və doğma torpaqlarla bağlılığının bərpası baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Çıxışında 9 Noyabr – Dövlət Bayrağı Gününün əhəmiyyətinə də toxunan səfir üçrəngli Dövlət Bayrağımızın müstəqilliyimizin, milli birliyimizin və suverenliyimizin rəmzi olduğunu bildirib. Dövlətçilik ənənələrimizin, milli tariximizin və mənəvi dəyərlərimizin gələcək nəsillərə çatdırılmasının hər birimizin mühüm vəzifəsi olduğunu diqqətə çatdırıb.

Sonda Vüsal Abdullayev Prezident İlham Əliyevin “8 Noyabr bizim əbədi bayramımız olacaq” fikrini xatırladaraq, tarixi Qələbəmizin gələcək nəsillər üçün milli qürur, vətənpərvərlik və dövlətə sədaqət nümunəsi kimi əbədi yaşayacağını vurğulayıb.

Qardaş Türkiyənin Slovakiyadakı səfiri, Vətən müharibəsi zamanı ölkəmizdə səfir vəzifəsində çalışmış Erkan Özoral çıxışında həmin dövrə dair şəxsi xatirələrini bölüşüb və Azərbaycanın torpaqlarını işğaldan azad etməklə qazandığı tarixi Qələbənin əhəmiyyətini vurğulayıb. O, bu münasibətlə Azərbaycan xalqını təbrik edərək, “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edən Azərbaycan-Türkiyə qardaşlığının və iki ölkə arasında sarsılmaz həmrəyliyin əhəmiyyətini qeyd edib.

Tədbir çərçivəsində Azərbaycanın şanlı Zəfərinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Bədii hissədə isə musiqiçi Ruhulla Əziz kamançada Azərbaycanın sevilən musiqi nümunələrini səsləndirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью