Icma.az, Ayna portalına istinadən məlumat verir.
Ən çox zərər çəkənlər aşağı səviyyəli smartfon istehsalçıları olacaq
Qlobal smartfon bazarı 2026-cı ildə tarixin ən kəskin enişini yaşayacaq. AYNA.AZ xəbər verir ki, bu barədə Beynəlxalq Məlumat Korporasiyasının (IDC) məlumatında qeyd edilib.
Analitiklər qlobal smartfon tədarükünün 2026-cı ildə illik müqayisədə 12,9 faiz azalaraq 1,1 milyard ədədə düşəcəyini proqnozlaşdırırlar.
"Biz müvəqqəti azalma deyil, yaddaş təchizatı zəncirində yaranan sunamiyə bənzər bir şok və istehlakçı elektronikası sənayesində dalğalanma effektlərinin yayıldığını görürük", - deyə şirkətin sözçüsü Fransisko Jeronimo bildirib.
IDC mütəxəssisləri yüksək komponent qiymətlərinin yaratdığı RAM böhranı səbəbindən bazarın geriləyəcəyini vurğulayıblar.
Baş Tədqiqat Direktoru Nabil Popalın sözlərinə görə, yaddaş böhranı yalnız müvəqqəti geriləməyə səbəb olmayacaq, bu, bütün bazarın strukturunun yenidən qurulmasını tələb edəcək.
Ən çox zərər çəkənlər aşağı səviyyəli smartfon istehsalçıları olacaq. Artan komponent qiymətləri qaçılmaz olaraq cihaz qiymətlərinin kəskin şəkildə artmasına səbəb olacaq. Premium cihaz istehsalçıları daha yaxşı vəziyyətdə olacaqlar. "Apple” və “Samsung” yalnız fırtınaya tab gətirə bilməyəcək, həm də rəqabət gücləndikcə bazar paylarını genişləndirə biləcəklər.
Fevral ayının sonunda “Counterpoint Research” analitikləri “Apple” və “Samsung” şirkətlərinin 2025-ci ildə Avropada ən populyar smartfon istehsalçılarına çevriləcəyini bildirmişdilər. 2026-cı ildə isə ekspertlər bazarın azalacağını proqnozlaşdırırlar.