Smartfonlarımız bizi dinləyir? Açıqlama

06.08.2026

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İllər keçdikcə texnologiya və süni intellekt sürətlə inkişaf edir, bu inkişaf isə həyatın demək olar ki, bütün sahələrində özünü göstərir. Xüsusilə sosial şəbəkələrdə istifadəçilər tez-tez belə bir vəziyyətlə qarşılaşırlar. Gündəlik söhbətlərində bəhs etdikləri məhsul və ya xidmətlə bağlı qısa müddət sonra qarşılarına müxtəlif reklam və məzmunlar çıxır. Bu səbəbdən cəmiyyətdə “telefon bizi dinləyir” fikri geniş yayılıb və bu məsələ ətrafında müzakirələr davam edir.
Maraqlıdır əsl həqiqət nədir? Smartfonlarımız bizi dinləyir, yoxsa alqoritmlər bizi düşündüyümüzdən də yaxşı tanıyır?
Süni intellekt mütəxəssisi Abdulla Abdullayev Demokrat.az-a söyləyib ki, şirkətlər açıq şəkildə istifadəçiləri mikrofon vasitəsilə dinlədiklərini bəyan etmirlər və bunu təsdiqləyən etibarlı sübut da mövcud deyil:
“Bu günə qədər əsas texnologiya şirkətləri tövsiyə sistemlərinin istifadəçi davranışlarını analiz edən alqoritmlər üzərində qurulduğunu bildirirlər. Bir çox istifadəçi müəyyən mövzu haqqında danışdıqdan qısa müddət sonra həmin mövzu ilə bağlı reklam və ya videoların qarşısına çıxdığını müşahidə edir. Bunun əsas izahı alqoritmlərin axtarışlar, baxış tarixçəsi, bəyənmələr, geolokasiya, cihaz istifadəsi və digər rəqəmsal davranış siqnallarını analiz edərək maraq dairəmizi çox dəqiq proqnozlaşdırmasıdır”.
Mütəxəssis bildirib ki, istisna hallarda tətbiqlərə verilən mikrofon icazələri çərçivəsində müəyyən açar sözlərin emal olunması ehtimalı baş verə bilər:
“Lakin bununla bağlı ictimaiyyətə açıq, etibarlı və texniki cəhətdən təsdiqlənmiş sübut yoxdur. Buna görə də bunu fakt kimi deyil, şəxsi ehtimal kimi qiymətləndirmək daha doğru olar. Bir həqiqət var ki, alqoritmlər artıq bizi o qədər yaxşı tanıyırlar ki, bəzən nə ilə maraqlanacağımızı bizdən əvvəl təxmin edə bilirlər. Bu da insanlarda “telefon məni dinləyir” təəssüratının yaranmasına səbəb olur”.
Fidan Hacızadə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью