Yenicag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yenicə sevinmişdik ki, saxta plastik cərrahların sertifikasiyasına baxılacaq, qondarma olanlar ələnəcək.
Amma bu dəfə də sevincimiz qursağımızda qaldı. Səhiyyə Nazirliyinin məsələni müəmmalı həll etmək cəhdi problemi daha da düyünə saldı.
Belə ki, Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, bu qurumda Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb və komissiya tərəfindən plastik cərrahlar yoxlanılır.
Di gəl, həkimlərin bilik və bacarıqları necə yoxlanılır, imtahan hansı qaydada aparılır, sertifikasiyanın ləğv olunma şərtləri nələrdir?
Bax, bunu heç kəs bilmir. Hətta sertifikasiyası ləğv edilən həkimlər də.
Dediklərinə görə, nə imtahandan keçiriblər, nə çağırıb 1 sual veriblər, heç nə.
Bu doktorlar da hamı kimi sertifikasiyalarının ləğv edilməsini saytlardan oxuyublar. Rəsmi qaydada zəng edib söz deyən olmayıb.