SOCAR ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində sığınacaqlar yaradılıb REPORTAJ

03.02.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Kiyev, 3 fevral, AZƏRTAC

Ukraynanın paytaxtı Kiyev şəhəri ən çətin günlərini yaşayır. Bir tərəfdən Rusiya ordusunun enerji infrastrukturlarına endirdiyi hava zərbələri, digər tərəfdən qışın sərt keçməsi Kiyevdə fövqəladə vəziyyət yaradıb.

AZƏRTAC xəbər verir ki, bu çətin gündə SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində insanlar üçün xüsusi sığınacaqlar yaradılıb. Bura gələn vətəndaşlar pulsuz isti çay və sudan, istiləşmə zonalarından, internetdən, mobil telefonlar və notbukların enerji ilə təchizatından istifadə edə bilərlər.

SOCAR-ın əməkdaşı Marina Truşkina AZƏRTAC-a açıqlamasında bildirib ki, Ukraynanın çətin günlərində Azərbaycanın Ukraynaya humanitar yardımının dəyəri 45 milyon dollara yaxındır. Ötən həftə Azərbaycan 1 milyon dollar dəyərində generatorların göndərilməsi də daxil olmaqla daha bir yardım paketi təqdim edib. Dövlət yardımından əlavə, SOCAR şəbəkəsi də humanitar aksiyalarda fəal iştirak edir. Şirkətin Ukraynadakı bütün obyektləri artıq rəsmi olaraq təhlükəsizlik obyektləri kimi fəaliyyət göstərir. SOCAR Ukraynanın digər bölgələrindən də oxşar sorğular daxil olarsa, yanacaqdoldurma məntəqələrində sığınacaq xidmətlərini genişləndirəcək.

Sığınacaqlarda olan Ukrayna vətəndaşları isə öz təəssüratlarını AZƏRTAC-a açıqlayıblar.

Mixail Vasin bildirib ki, Azərbaycan Ukraynaya dost münasibət göstərir: “SOCAR-ın da Azərbaycan şirkəti olduğunu bilirik və onların çox mehriban kollektivi var. Bu çətin gündə Azərbaycan dövləti Ukraynaya öz dəstəyini əsirgəmir. Buna görə öz təşəkkürümü bildirirəm”.

Anastasiya Romanova isə deyib ki, artıq illərdir SOCAR-ın yanacaqdoldurma məntəqələrindən istifadə edir: “Bu ağır gündə SOCAR-ın həyata keçirdiyi sosial layihələr təqdirəlayiqdir. Sərt qış aylarında və enerji sahəsində yaranan fövqəladə vəziyyətdə SOCAR-ın yanacaqdoldurma məntəqələrində yaradılan sığınacaqlar olduqca vacib təşəbbüsdür. İnsanlara göstərdiyi bu cür mərhəmətə görə SOCAR-a, ümumilikdə Azərbaycan dövlətinə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Kiyev şəhərində yanvarın əvvəlindən enerji böhranına görə fövqəladə vəziyyət tətbiq edilir. Ukrayna paytaxtının sıx yaşayış məntəqələrində xüsusi sığınacaqlar da fəaliyyət göstərir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью