Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2025-ci il 8 sentyabr tarixində SOCAR-ın "yaşıl" təyinatlı istiqrazları üzrə ikinci faiz ödənişi edilib (Emissiya Prospektinə əsasən, qeyri–iş gününə təsadüf edərsə, kupon ödənişi növbəti ilk iş günü həyata keçirilir).
"SOCAR Capital" şirkətindən BAKU.WS-ə verilən məlumatda bildirilib ki, 2-ci faiz ödənişi nəticəsində 3 milyon ABŞ dolları məbləğində vəsait artıq istiqraz sahiblərinin hesablarına köçürülüb.
2025-ci ilin 15 yanvar tarixində ölkəmizin "yaşıl" enerji sahəsində atdığı geniş və məqsədyönlü addımlara töhfə vermək məqsədilə SOCAR tərəfindən emissiya edilmiş "yaşıl" təyinatlı istiqrazlar investorların böyük marağına səbəb olub.
Cari ilin 7 mart tarixindən etibarən təkrar bazar əməliyyatlarına start verilən və daxili kapital bazarlarında növbəti dəfə böyük canlanmaya səbəb olan SOCAR-ın "yaşıl" istiqrazları ilə Bakı Fond Birjasında (BFB) bu günədək 16 milyon ABŞ dolları məbləğində 370-dən çox əqd bağlanıb.
SOCAR-ın hazırda tədavüldə olan istiqrazları ilə Bakı Fond Birjasında təqribən 81 milyon ABŞ dolları məbləğində ticarət aparılıb.
Bağlanan əqdlərin sayı 1475-dir (BFB-də korporativ istiqrazlar üzrə baş tutan əqdlərin 53,5%-ini təşkil edib).
Qeyd edək ki, SOCAR İstiqrazlarının ilk buraxılışından (2016) indiyədək SOCAR tərəfindən vətəndaşlara və investorlara 47 milyon 875 min ABŞ dolları məbləğində faiz ödənişi edilib.