Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"SOCAR Karbamid" zavodu Dünya İqtisadi Forumunun nüfuzlu "Qlobal mayak" Şəbəkəsinə (Global Lighthouse Network) üzv qəbul edilib, eləcə də Forumun "Rəqəmsal mayak" (Digital Lighthouse Award) mükafatına layiq görülüb.
Moderator.az xəbər verir ki, Dünya İqtisadi Forumu çərçivəsində mükafat SOCAR-ın Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarova təqdim edilib.
Bu nailiyyətin zavodda istehsalatın rəqəmsallaşdırılması və qabaqcıl texnologiyaların tətbiqi və enerji səmərəliliyi sahəsində əldə olunan uğurların beynəlxalq səviyyədə tanınmasının göstəricisi olduğunu vurğulayan SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib: "SOCAR Karbamid" Azərbaycanda fəaliyyət göstərən müəssisələr arasında bu təltifə layiq görülən ilk zavod, SOCAR isə dünyada 3 "Digital Lighthouse Award" mükafatına sahib olan yeganə enerji şirkətidir.
Bu nailiyyət sistemli transformasiya, innovasiya və rəqəmsallaşma istiqamətində səmərəli fəaliyyətin, sənaye 4.0 texnologiyalarının iş prosesinə yüksək effektivliklə tətbiqinin nəticəsidir".
SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib: "Rəqəmsal Mayak" mükafatını alaraq "Qlobal Mayak" Şəbəkəsinə üzv qəbul olunması şirkətimizin transformasiya strategiyasının təzahürüdür.
Bu, eyni zamanda rəqəmsal texnologiyalar, qabaqcıl avtomatlaşdırma və əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsi vasitəsilə səmərəliliyin daha da artırılmasını və ətraf mühitə təsirin azaldılmasını nümayiş etdirir.
Biz SOCAR üzrə bu imkanların miqyasını genişləndirərək təhlükəsiz, səmərəli və dayanıqlı əməliyyatlar sahəsində yeni etalonlar müəyyənləşdirməyə davam edəcəyik".