Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
“Azərkimya” İstehsalat Birliyinin məhsullarının ixracında Avropa və Türkiyə bazarları əsas hədəf istiqamətlər olaraq müəyyənləşdirilib. Müəssisə eyni zamanda Mərkəzi Asiya ölkələrinin bazarlarını da perspektivli istiqamət kimi nəzərdən keçirir.
Moderator.az bildirir ki, bu barədə “Azərkimya” İstehsalat Birliyinin direktoru Elnur Məmmədli məlumat verib.
Bildirilib ki, hazırda müəssisənin məhsulları, xüsusilə, Türkiyə, Estoniya və Çinə tədarük olunur. Bununla yanaşı, Avropa bazarına çıxışın genişləndirilməsi əsas istiqamətlərdən biri olaraq qalır. Mərkəzi Asiya da perspektivli ixrac bazarları sırasında nəzərdən keçirilir.
Elnur Məmmədli bildirib ki, “Azərkimya” istehsal gücünün artırılması və texniki sistemlərin yenilənməsi istiqamətində də fəaliyyətini davam etdirir.
Müəssisə əsaslı təmir dövrünü də dəyişib. Belə ki, əvvəllər hər il əsaslı təmirə dayandırılan “Azərkimya” artıq ikiillik təmir dövrünə keçib. 2024-cü ilin dekabrında əsaslı təmirə dayandırılan müəssisə 2025-ci il ərzində tam gücü ilə fəaliyyət göstərib. 2026-cı ildə əsaslı təmirə dayandırılması planlaşdırılmır. Növbəti əsaslı təmirin 2027-ci ilin ortalarında keçirilməsi nəzərdə tutulur.
Direktorun sözlərinə görə, əvvəllər müəssisənin hər il əsaslı təmirə dayandırılması ciddi maliyyə xərcləri tələb edirdi. Avadanlıqların texniki vəziyyəti lazımi səviyyəyə çatdırıldıqdan sonra təmirlər arasındakı müddətin iki ilə qədər artırılması mümkün olub.
Hazırda “Azərkimya”da təxminən 1900 nəfər çalışır.
Müəssisədə EP-300 qurğusunun avtomatlaşdırma, nəzarət-ölçü cihazları və idarəetmə sistemlərinin yenilənməsi üzrə işlər də davam edir. Layihələndirmə işlərinin 98 faizi tamamlanıb, ərazidə montaj işlərinə isə gələn ildən başlanılması planlaşdırılır.
Qeyd edək ki, “Azərkimya” SOCAR-ın istehsal zəncirində mühüm yer tutur. Müəssisə Neft Emalı Zavodundan yüngül fraksiyalar, o cümlədən qazlar alır. Burada istehsal olunan etilen və propilen SOCAR Polymer tərəfindən yüksək sıxlıqlı polietilen (HDPE) və polipropilen istehsalında istifadə olunur.