Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın enerji şirkəti olan "Eni" gələcək əməkdaşlığın mümkün istiqamətlərini müzakirə edib.
BAKU.WS xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf sosial şəbəkə hesabında məlumat verib.
Bildirilib ki, bununla bağlı müzakirələr Rövşən Nəcəf və "Eni"nin Baş direktoru Klaudio Deskaltsi arasında Dünya İqtisadi Forumu 2026 (WEF 2026) çərçivəsində keçirilən görüşdə aparılıb.
"Eni"nin Baş direktoru Klaudio Deskaltsi ilə məhsuldar görüş keçirdik, tərəfdaşlığımızın möhkəmliyini və strateji enerji təşəbbüslərinin irəlilədilməsinə dair ümumi öhdəliyimizi təsdiqlədik.
Görüş zamanı SOCAR və "Eni" arasında imzalanmış anlaşma memorandumlarından irəli gələn potensial layihələr müzakirə olunub.
Bundan əlavə, görüşdə enerji təhlükəsizliyinə, tullantıların azaldılmasına və bioyanacağın istehsalına diqqət yetirilib", - SOCAR-ın prezidenti vurğulayıb.
Onun sözlərinə görə, bu əməkdaşlıq Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, istixana qazı emissiyalarının azaldılması, həmçinin Azərbaycanda və daha geniş regionda bərpa olunan enerji sahəsinin inkişafı üçün mühüm addımdır: "Təcrübə və səriştələrimizi birləşdirərək müasir enerji çağırışlarına cavab verməyə, həmçinin daha dayanıqlı, etibarlı və enerji baxımından təhlükəsiz gələcək formalaşdırmağa çalışırıq".