SOCAR və “ExxonMobil” arasında neft qaz sazişi parlamentdə müzakirə edilib

27.11.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

Azərbaycanın Orta Kür kontrakt sahəsində qeyri-ənənəvi neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatı ilə bağlı podratçı tərəflərə müstəsna hüquq veriləcək.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunub.

Layihəyə əsasən, 2026-cı il sentyabrın 26-da Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), “ExxonMobil Exploration & Production Azerbaijan Limited” şirkəti və “Middle Kura” MMC arasında imzalanmış hasilatın pay bölgüsü haqqında saziş və ona edilmiş 12 əlavə təsdiqlənərək həyata keçirilməsinə icazə veriləcək.

Qanun qüvvəyə mindikdən sonra saziş və əlavələr qanun qüvvəsi alacaq. Sazişdə başqa hallar nəzərdə tutulmayıbsa, onun müddəaları qüvvədə olduğu müddət ərzində ziddiyyət təşkil edən digər qanunların, fərmanların və inzibati sərəncamların müddəalarından üstün tutulacaq.

Bundan başqa, podratçı tərəflərin və ya onların hüquqi varislərinin saziş üzrə əldə etdikləri hüquqlar onların qabaqcadan razılığı olmadan dəyişdirilə və ya məhdudlaşdırıla bilməyəcək.

Sazişdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün iştirakçılara bütün zəruri lisenziyalar, gömrük icazələri, vizalar və digər icazələr müəyyən edilmiş qaydada veriləcək.

Sazişə və əlavələrə dəyişikliklər isə yalnız tərəflərin yazılı razılığı əsasında edilə biləcək.
Məsələ səsə qoyularaq qəbul edilib. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью