Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yetkin yataqların rentabelliyini təmin etmək üçün alternativ texnoloji həlləri araşdırır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "SOCAR Upstream Operation Management"in direktorunun Qazma, tamamlama və quyulara müdaxilə üzrə müşaviri Vüsal Rəcəbov Bakıda keçirilən "IADC Drilling Caspian & Black Sea 2026" konfrans və sərgisində bildirib.
Onun sözlərinə görə, şirkət tükənmiş aktivlərdə hasilatın iqtisadi səmərəliliyini qorumaq üçün bütün mövcud alətlər spektrini nəzərdən keçirir: "Söhbət sıxlaşdırıcı qazma, yan lülələrin qazılması, eləcə də çoxdibli quyuların tikintisindən gedir. Biz artıq üçüncü səviyyədə mürəkkəb olan çoxdibli quyuların qazılması sahəsində təcrübəyə malikik və hazırda aktivlərimiz üçün 3 və 5-ci səviyyələrin tətbiqi potensialını yenidən qiymətləndiririk".
V.Rəcəbov vurğulayıb ki, yetkin yataqlarda yeni quyuların qazılması ciddi texniki məhdudiyyətlərlə müşayiət olunur: "Layların tükənməsi səbəbindən biz lay təzyiqi ilə hidravlik parçalanma təzyiqi arasında son dərəcə dar pəncərə şəraitində işləyirik ki, bu da qazma və tamamlama proseslərini olduqca mürəkkəbləşdirir. Diametri çox kiçik olan köhnə quyuların konstruksiyası əlavə çətinliklər yaradır".
O bildirib ki, bununla əlaqədar SOCAR alternativ texnologiyaları fəal şəkildə araşdırır: "Bizim üçün ən aktual mövzulardan biri çevik nasos-kompressor boruları ilə qazmadır – komanda hazırda bu texnologiyanın potensialını ətraflı şəkildə qiymətləndirir. Bundan əlavə, ultrakiçik əyrilik radiusu ilə qazma üzrə həllər, o cümlədən qoruyucu kəmərin daxilində meylləndirici paz quraşdırmağa və bilavasitə məhsuldar layın yaxınlığında kəsim aparmağa imkan verən texnologiyalar nəzərdən keçirilir".
V.Rəcəbovun sözlərinə görə, "yetkin aktivlər"lə iş standart yanaşmalardan kənara çıxmağı və qeyri-standart mühəndislik həllərinin tətbiqini tələb edir.