Icma.az bildirir, Gununsesi portalına istinadən.
Hazırda dünyanın əsas fikir mərkəzlərini düşündürən məsələlərdən biri də “Aİ və insanın gələcəyi” mövzusudur.
Yəni Aİ-nin inkişafı ilə insanın mahiyyəti, dəyəri, hüquqları, insan münasibətləri necə dəyişəcək?
Ölkəmizdə də bu istiqamətdə müzakirələrin təşkili faydalıdır.
Bu baxımdan Xankəndidə keçirilən “SOCGOV 2026” forumunun Yekun Bəyanatı da çox maraq kəsb edirdi.
Bəyanatda dövlət sektorunda, sosial idarəetmədə data analitikası və süni intellektin imkanlarının müzakirəsi, insan hüquqlarının, şəffaflığın və fərdi məlumatların qorunmasının önə çəkilməsi müsbətdir.
Amma açığı, sənəddən gözləntim daha çox idi.
Elan olunan prinsiplər məntiqli olsa da, çox ümumidir. Onsuz da qlobalda Aİ ilə bağlı bu tip ümumi çağırışlar çoxdur da.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DOST sistemində geniş İT infrastrukturu, rəqəmsal xidmətlər və süni intellekt həlləri mövcuddur. Ən çox rəqəmsal xidmətlər, Aİ əsaslı, data əsaslı xidmətlər göstərirlər, bu sistemlərin köməyi ilə insan taleləri ilə bağlı qərarlar verirlər.
Ölkənin ən böyük İT infrastrukturu bu qurumdadır.
Əminəm və bildiyim qədər, burada əhəmiyyətli praktik təcrübə də toplanıb. Məhz buna görə bəyanatda həmin təcrübədən çıxan konkret nəticələr gözlənilə bilərdi. Amma təəssüf ki, bunu orada görmək olmur.
Yəni maraqlı məqam odur ki, görəsən, bu qurumlarda olan nəhəng İT və Aİ infrastrukturundan nə öyrənilib? Hansı həll vətəndaşın işini asanlaşdırıb, hansı tətbiqdə problem yaranıb? Ölkəmizdə sosial idarəetmənin rəqəmsallaşması hansı riskləri üzə çıxarıb və onları azaltmaq üçün nə təklif olunur?
Məsələn, sistemdəki səhv məlumat və ya Aİ-nin iştirakı ilə verilən qərar vətəndaşın sosial yardımdan, pensiyadan və digər hüquqlarından istifadəsinə mane olubmu?
Olubsa, indi bu qurumlar nə təklif edir?
Əgər Aİ səhv edibsə, vətəndaş belə halda imtinanın səbəbini anlaşıqlı şəkildə öyrənə, səhvi düzəltdirə və qərara səlahiyyətli insan tərəfindən yenidən baxılmasını tələb edə bilərmi?
Bununla keçirilən böyük bir tədbirin əhəmiyyətinə kölgə salmaq istəməzdim.
Sadəcə, qurumun potensial imkanları baxımından, əgər belə bir formatda, belə bir mövzuda müzakirə açılıbsa, gözləntiləri vurğulamağı məqsədəuyğun hesab etdim.
Yəni bu qədər praktik təcrübəsi olan sistemdən gözlənti artıq məlum prinsiplərlə yanaşı, həm də yerli risklərin, öyrənilən dərslərin və konkret növbəti addımların ortaya qoyulması ola bilərdi.
Həm də qlobal dünyaya təcrübədən irəli gələn çağırışlar edilə bilərdi.
Osman Gündüz