Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə Avropa çempionatında Azərbaycan milli komandası turnirin ilk rəsmi medallarını təmin edib.
Futbolpress.az xəbər verir ki, yarışın beşinci günündə milli komandamızın dörd boksçusu rinqə çıxıb.
70 kq çəki dərəcəsində mübarizə aparan Nəbi İsgəndərov dörddəbir final qarşılaşmasında Macarıstan təmsilçisi Kalman Hankoya qalib gələrək adını yarımfinala yazdırıb. Ardınca 75 kq çəki dərəcəsində yarışan Səidcəmşid Cəfərov Almaniya boksçusu Mouhime Abdoulay üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Bununla da hər iki idmançı özünə ən azı Avropa çempionatının bürünc medalını təmin etmiş olub.
Günün digər görüşlərində isə Məhəmməd Aşirəliyev (60 kq) 1/8 finalda ukraynalı Aider Abduraimova, Murad Allahverdiyev (80 kq) isə serbiyalı Rastko Simiçə məğlub olaraq yarışla vidalaşıblar.
Daha əvvəl Subhan Məmmədov (50 kq), Amin Məmmədzadə (55 kq), Malik Həsənov (65 kq) və Məhəmməd Abdullayev (+90 kq) dörddəbir finala adlamışdılar. Ümumilikdə turnirdə 11 boksçu ilə təmsil olunan yığmamızın 5 üzvü artıq mübarizəni dayandırıb.