525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Telman ORUCOV
Mənəvi mədəniyyət daha uzun ömür sürür
Bəşəriyyət inkişaf etdikcə, insan öz yaşayış şəraitini yaxşılaşdırmaq məsələlərinə daha çox diqqət verərək, şəhərlər salmış, piramidalar ucaltmış, məbədlər tikmişlər. Maddi aləmin təkamülü mənəvi dəyər təşkil edən cəhətlərin də meydana gəlməsinə şərait yaratmışdır. İnsanlar miflər, digər folklor nümunələri yaratdıqdan sonra, qədim Yunanıstanda poeziya, dram əsərləri ruhu oxşamağa xidmət etmişdi. Şəhərlərin dini və ictimai mərkəzlərini, məbədləri göz oxşayan nəhəng heykəllər bəzəmişdi. Qədim Misirdə rəngkarlıq və heykəltaraşlıq xüsusən yüksək səviyyəyə qalxmışdı.
Zaman bir qayda olaraq maddi mədəniyyət barədə daim öz hökmünü vermiş, onları ya məhv etmiş, yaxud da ağır surətdə zədələmişdi. Ona görə də onlardan az sayda salamat qalanları, öz keçmişini nisbətən yaxşı yada salmaqla yanaşı, müasir dövrə əsasən xarabalıqlar şəklində gəlib çıxmışdır. Lakin mənəvi aləmə, zaman adlanan zəlzələlər belə, güclü dağıdıcı təsir göstərə bilməmişdir. Mənəvi yaradıcılıq nümunələri müəyyən itkilərlə üzləşsə də, hətta min illər keçdikdən sonra da öz dəyərini əsasən qoruyub saxlamış, müasir insanların da zövqünü, könlünü oxşamaqda davam etmişdir.
Qədim Misirdəki Abu Simbeldə məşhur faraon II Ramzesə (bizim eradan əvvəl XIII əsr) həsr olunmuş məbəd və koloss sayılan heykəllər qalmışdır. Digər əsasən dağılmağa məruz qalmış böyük arxitektura inciləri Luksorda, Karnakda yenə də yüksək sənət səviyyəsinə görə adamları heyran edir. Bəlkə Misir mifləri də mövcud olmuşdur. Lakin onları papiruslar lazımınca saxlaya bilməmişdir.
Qədim Yunanıstanda Olimpiyadakı dini mərkəzin qalıqları, Afinada Periklin təşəbbüsü ilə tikilmiş və bütün dövrlər üçün arxitektura etalonu sayılan Parfenon məbədi və Akropoldakı digər nümunələrin qalıqları, onların yaradıcılarına alqışlar ünvanlanmasını davam etdirir. Yunanların çox sevdiyi idman növlərinin Olimpiya oyunlarında istifadə və nümayiş məkanı olan böyük stadionlar da təkcə öz ölkəsində deyil, İon şəhərlərinin xarabalıqlarında da qalmışdır. Bunların hamısı qədim yunanların necə böyük inkişafa imza atdıqlarından, bəşər tarixində misli görülməmiş, təkrarı olmayan böyük sivilizasiya yaratmalarından xəbər verir.
Yunan ədəbi nümunələri isə məbədlərdən fərqli olaraq, uzun zaman məsafəsində özünün məhv olmasına yol verməmiş, ciddi ziyan çəkmədən indiki nəslə gəlib çıxmışdır. Mənəvi yaradıcılıq nümunələri maddi mədəniyyətə aid olanlardan daha davamlı və sarsılmaz gücə yiyələndiyini göstərmişdir. Homerin qiymətli poemaları, Hesiodun və Sapfonun poeziya nümunələri, Esxilin, Sofoklun, Yevripidin dram əsərləri, Aristofanın komediyaları bu günədək öz yüksək qiymətini və təravətini qoruyub saxlaya bilmiş, bəşəriyyətin bədii xəzinəsini zənginləşdirməkdə xüsusi rol oynamışlar. İki min ildən çox yaşı olan bu nümunələri əslində qədim insanın, böyük istedad sahiblərinin, əsl dahilərin yaradıcılıq möcüzəsi saymaq olar. Qədim yunanlar tarixdə ilk dəfə teatrı icad etmişdilər. Ona görə də çox sayda teatr binaları tikmişdilər. Romalılar onlardan bilikləri və incəsənəti götürdükləri halda, teatr tamaşalarına laqeydlik göstərmiş və əhalini əyləndirmək üçün qladiator oyunlarına üstünlük vermişdilər. Teatr səhnədə cəmiyyətin, insan mənəviyyatının mühüm məsələlərini müzakirə edir, xeyir və şərin mübarizəsini ön plana çıxarır. Qladiator oyunları isə zorakılığı və insanı həyatdan məhrum etməyi təbliğ edir. Qəddarlıq təməli üzərində qurulan bu oyunlar başqa ərazilərə yayılmadı, imperiyanın süqutu ilə sıradan çıxdı, teatr isə nəinki yaşadı, hətta öz inkişafında yeni, daha geniş üfüqlər qazandı.
Bədii əsərlər öz dövrlərində bəlkə də, belə hərarət və qızğınlıqla qarşılanmamışdılar, hətta nisbətən kiçik ərazidə layiq olduqları qiymətlərini almamışdılar. Lakin bəşəriyyət, zəngin xəzinənin qiymətli daş-qaşlarına laqeyd qala bilməmiş, onların müəlliflərinə müqayisəyə sığmayan şöhrət çələngi bəxş etmişdir. Müasir mədəni insan onların adlarını və yaratdıqları əsərləri böyük iftixarla dillərinə gətirir, kitablarda oxuduqca, səhnədə və ekranda tamaşa etdikcə, onlardan görünməmiş həzz alır, vəcdə gəlir.
Qədim yunan fəlsəfəsi də elmlər üçün açar rolunu oynamaqla, onların inkişafının təməlinə çevrilmişdir. Filosof Sokrat məhkəmə qarşısına çıxarıldığına və ağır hökmə məruz qaldığına görə özünü intihar etsə də, onun müdrik düşüncələri cəhalətin zərbəsindən məhv olmamış, minnətdar Platon tərəfindən müasir dünya oxucusuna da çatdırılmaqla, onun bilik xəzinəsinə qiymətli inci kimi daxil olmuşdur. Platon və Aristotel fəlsəfə elmini olduqca yüksək səviyyəyə qaldırmışdılar. Təsadüfi deyil ki, İslam xilafətində Abbasilərin hakimiyyəti dövründə ərəb və digər xalqlardan olan alimlər onlara elə vurulmuşdular ki, onları islamın ali dilinə uyğun olaraq, sırf özlərininki kimi Əflatun və Ərəstun adlandırmışdılar. Antik dünya da onlarla fəxr etmişdir. Afinanı yenidən işğal edən Roma sərkərdəsi Sulla Aristotelin əsərlərini tapdığını, iftixarla öz böyük xidməti kimi qiymətləndirmişdi. Böyük filosof və natiq Siseron Siciliyada qubernatorluq edərkən, böyük yunan fiziki Arximedin qəbrini Sirakuzada tapması ilə öyünürdü.
Onların münasibəti həmin dahilərin yaradıcılığına verilən layiqli qiymət idi, çünki qədim yunanlar fəlsəfəni və elmləri inkişaf etdirməklə, Avropada biliklərin möhkəm təməlini yaratmışdılar. Tarixin atası Heredotun əsərləri qədim dünyanın öyrənilməsində bələdçi rolunu oynayır. O, bəzən eşitdiyi möcüzə xarakterli söhbətlərə inanıb, onlara da yer ayırsa da, onun "Tarix" əsəri antik aləmə məxsus olan hadisələrin və şəxsiyyətlərin öyrənilməsi üçün əvəzsiz mənbə rolunu oynayır. Ondan yarım min ildən çox sonra yazıb, yaradan Plutarx yunan və Roma siyasi və hərbi xadimlərinin əməlləri, geniş fəaliyyətləri barədə olduqca qiymətli məlumatlar verir. Bəlkə də, onun qələmə aldığı Antoni və Kleopatra haqqındakı əsəri, Misir kraliçasının dünya şöhrəti qazanmasında heç də az rol oynamamışdır. Sonra bu ənənəni Şekspir uğurla davam etdirmişdir.
Qədim Roma yaradıcılıq sahəsində, ümumiyyətlə, maddi və mədəni inkişaf sahəsində estafeti Yunanıstandan götürərək, istedadlı şagird olduğunu təsdiq etmiş, bəşəriyyətin mədəniyyət xəzinəsini daha da zənginləşdirmişdir. Romalılar özlərinin əbədi şəhərini arxitektura inciləri ilə bəzəmişdilər. Hamama aludəçilik göstərən romalılar üçün, bizim eranın III əsrində tikilən Karakalla termləri adlanan tikili kompleksi əsl texniki və texnoloji yeniliklərin sərgisi sayıla bilərdi. Qədim Romadan Panteon tam salamat şəkildə, Kolizey isə bir qədər uçmuş şəkildə bizim dövrə gəlib çıxmışdır. V əsrdə Roma iki dəfə dağıntıya məruz qalmışdır, axırıncıda vandalların fəaliyyətinin nəticəsi özünü eybəcər nümunələrdə büruzə vermişdi, buradan da "vandalizm" termini meydana gəlmişdi. Bu gözəl şəhər malik olduğu incilərin çoxunu itirməli olmuşdu. Sonralar romalıların özləri də barbarlardan daha güclü şəkildə Romanın xarabalıqlara çevrilməsində fəal iştirak etmişlər.
Onlar qədim abidələrdən söktükləri daşlardan, öz saraylarını tikmək üçün inşaat materialı kimi istifadə edirdilər. Bu sahədə Barbarini ailəsinin fərqlənməsini, barbarlarla müqayisədə, onun əbədi şəhəri dağıtmaqda daha böyük ziyan vurmasını vurğulayaraq öz dogma sakinlərini ifşası hətta zərb-məsələ çevrilmişdi.
Lakin əsl vandallar və onların işini davam etdirənlər nə Siseronun, nə Senekanın mənəvi irsini məhv edə bilmişdilər. Horatsinin, Vergilinin, Ovidinin ölməz əsərləri bu gün də minnətdar oxucuların sevincinə səbəb olur. İmperatorlardan, nəciblər istisna olmaqla, əsasən, utandırıcı əməllər, iyrənc davranış irsi qalsa da, keçmiş qul Fedr, özündən xeyli əvvəl yaşamış digər qul, yunan Ezopun ənənəsini davam etdirərək, ölməz təmsillər yaratmışdır. Bəlkə də onun məşhur təmsilində, dağın siçan doğması, eybəcər imperatorların olduqca ziyanlı əməllərini yada salır.
Roma irsi unudulmadı. Florensiyada yaranan Renessansın dahiləri rəngkarlıqda, heykəltaraşlıqda və arxitekturada inqilabi fəaliyyətləri ilə ölməz əsərlər yaratmaqla, humanizm ideyalarının reallığa çevrilməsində əvəzsiz rol oynadılar. Bu gün də bəşəriyyət Leonardo da Vinçi, Rafael, Sandro Bottiçelli, Mikelancelo, Bernini kimi dahilərin rəsm, heykəltaraşlıq və arxitektura sahəsindəki əsərlərinə böyük heyranlıq nümayiş etdirir.
Mərkəzi və Cənubi Amerikanı işğal edən ispanlar, o vaxtadək inkişaf etmiş qədim mayya, atstek və İnka mədəniyyətlərinə ağır zərbə vurdular. Lakin onlar təqvim tədqiqatlarını, piramidaları, məbədləri, heykəltaraşlıq nümunələrini bütünlüklə məhv edə bilmədilər.
İngiltərə və digər Avropa dövlətləri Hindistanı işğal edib, müstəmləkə ərazisinə çevirdilər, lakin çox saydakı hinduizm və buddizm məbədlərini, minlərlə heykəltaraşlıq əsərlərini yoxa çıxara bilmədilər. Xoşbəxtlikdən, "Ramayana" və "Mahabharata" kimi epik poemalar da indiki bəşər nəslinə gəlib çatmışdır.
Qədim Çin XIX əsrdə Avropa dövlətlərinin işğal siyasəti səhnəsinə çevrilmişdi. Lakin Konfutsi, Lao-Szı fəlsəfəsi min illər keçdikdən sonra da yaşamaqda davam edir. Çinin birinci imperatoru Şi Xuandi, Konfutsinin əsərlərini məhv etmək istəsə də, bu iyrənc niyyətinə bütünlüklə nail ola bilmədi, əksinə, onun cazibə qüvvəsinin artmasına, yüksəlməsinə şərait yaratdı.
1945-ci ildə, II Dünya müharibəsinin son mərhələsində amerikanlar Yaponiyanın iki şəhərinə atom bombası ataraq, imperator Hirohitonu qeyd-şərtsiz sülh bağlamağa məcbur etdilər. Lakin Basyonun poeziyası, Hokusayın tabloları, qədim paytaxt Kiotonun minə yaxın məbədi salamat qaldı və ağır zərbədən bir əsrə yaxın vaxt keçsə də, sakuranın çiçəklənməsi kimi yenə də yaponların və ölkəyə qədəm basan turistlərin heyranlığına səbəb olur.
Doğma Azərbaycanımız da imperiyalara tabelik və qonşu xalqın düşmənçiliyi illərini də yaşamalı olmuşdu. Lakin bu acı hadisələr də nə Nizaminin "Xəmsə"sini, nə də Bakının Orta əsrlərin, Şirvanşahların irsi kimi qiymətləndirilən İçərişəhər kompleksini məhv edə bilmiş, nə də Qız qalasının möhtəşəmliyinə xələl gətirməyi bacarmışdı.
Maddi mədəniyyətdən fərqli olaraq, mənəvi mədəniyyət uzun ömürlülüyü ilə, az qala əbədi yaşamaq istəyi şəklidəki hüquq qazanır. Qədim Yunanıstanda və Romada məbədlər, axırıncıda Forum xarabalıqlar şəklində qalsa da, bugünkü filosoflar da öz tədqiqatlarında, onlara məxsus olan dahilərin yaradıcılığına müraciət edirlər. Axı onlar nadir dühaların yaradıcılıq nailiyyətlərindən xəbər verir.
Az sayda qədim arxitektura nümunələri qalsa da, fiziki ölçüləri böyük olmayan qədim və tarixi əsərlər də zamanın dağıdıcı tufanının, sunamisinin zərbəsindən məhv olmayaraq, müasir dövrə gəlib çıxmışdır. Zaman bəzən böyük nümunələrlə yanaşı, xırda maddi mədəniyyət əsərlərini də amansızcasına məhv edir, nəhəng zəka bəhrələrini isə yox etməyə gücü çatmır. Çünki onları adi adamlar deyil, qədim yunanların sitayiş etdikləri allahlara bənzəyən dahilər yaratmış, onlara əbədi ömür sürmək qabiliyyəti aşılamaqla, təəccübə səbəb olan bir möcüzəli həyat bəxş etmişlər. Bəlkə yunanlar allahlara və qəhrəmanlara sitayiş etdikləri kimi, biz də, öz əməlləri ilə onlardan geri qalmayan istedad sahiblərinə sitayişə bənzər öz münasibətimizi izhar etsək, yalnız onları daha yaxşı anladığımızı, dərk etdiyimizi göstərmiş olarıq.
Onlar ölməz əsərlər yaratmaqla özlərinə də, bir müəllif kimi, həsəd aparılacaq və solmayan əbədi şöhrət bəxş etmişlər. Əgər hər şeyi məhv edə bilən zamanın da, bu zərif varlıqlara gücü çatmamışdırsa, biz bu böyüklük və sarsılmazlıq qarşısında baş əyməliyik.