Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şri-Lanka parlamenti xalqın siyasi imtiyazlara qarşı artan etirazları fonunda millət vəkillərinə ödənilən təqaüdləri ləğv edən tarixi qanun layihəsini böyük səs çoxluğu ilə təsdiqlədi.
"Cebheinfo.az" xəbər verir ki, çərşənbə axşamı toplanan 225 üzvlü Nümayəndələr Palatasında keçirilən səsvermədə qanun layihəsi 154 "bəli" səsinə qarşı cəmi 2 "xeyr" səsi ilə qəbul edildi.
Qəbul edilən yeni qayda təkcə gələcək deputatları deyil, hazırda təqaüd alan keçmiş millət vəkillərini və həyatını itirmiş vekillərin bu hüquqdan yararlanan dul həyat yoldaşlarını da əhatə edir.
2024-cü ildə "korrupsiya ilə mübarizə və siyasi imtiyazlara son qoyma" vədi ilə hakimiyyətə gələn Prezident Anura Kumara Dissanayake bu qərarla ən mühüm seçki vədlərindən birini yerinə yetirmiş oldu.
Əvvəllər 5 il vəzifə icra edən millət vəkilinin ömürlük təqaüd hüququ qazandığı ölkədə, Ədliyyə naziri Harşana Nanayakkara səsvermədən əvvəl etdiyi çıxışda:
"Ölkə tarixin ən ağır iqtisadi sınağından keçərkən millət vəkillərinin bu maaşları almağa mənəvi haqqı yoxdur", - ifadələrini işlədib.
Beynəlxalq Valyuta Fondu (BVF) ilə aparılan 2,9 milyard dollarlıq xilasetmə paketi və borcların restrukturizasiyası prosesi çərçivəsində dövlət maliyyəsində intizamı hədəfləyən Şri-Lanka rəhbərliyi, daha əvvəl keçmiş dövlət başçılarına təmin edilən lüks mənzil, avtomobil və geniş mühafizə ordusu kimi imtiyazları məhdudlaşdırmışdı.
Millət vəkili maaşlarının kəsilməsi iqtisadi yükün cəmiyyətin hər təbəqəsi tərəfindən ədalətli paylaşılması naminə atılan rəmzi, lakin güclü bir addım kimi qiymətləndirilir.
Qanun böyük dəstəklə keçsə də, müxalifət lideri Sacyit Premadasa kimi şəxslər qərara etiraz ediblər.
Müxalifət cinahı təqaüdlərin kəsilməsinin keçmiş vekilləri sosial təminatdan məhrum edəcəyini və bu vəziyyətin siyasətçiləri vəzifə başında olarkən korrupsiyaya sövq edə biləcəyini iddia edib.
Lakin bu etirazlara baxmayaraq, qanun parlamentdə geniş konsensusla qəbul edilərək qüvvəyə minib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin